Sözü qızıl yatağı altunla tutdu qoşa,
Dedi söz sərrafına: “De hansı gəlir xoşuna?
İncə, köhnə qızılmı, təzə sözmü yaxşıdır?”
Söz sərrafı söylədi: “Söz dünyanın naxışıdır...!”
Söz qasidi bələdsiz başa vurar yolları,
Söz hünər meydanında yenər mərd oğulları...
Söz hər yerdə hakimdir. Hamıdan başda olur.
Dünyanın sərvətidir, inci qaş-daş da odur.
20
Nizamiyə görə, dünyada ən çətin işləri “hikmət adamları”, söz ustaları,
natiqlər yerinə yetirə bilirlər.
Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə.
Nizami “İsgəndərnamə”də Qədim Yunanıstanın natiq dövlət başçılarının
obrazını İsgəndərin şəxsində ümumiləşdirmiş, natiqliyin cəmiyyətin ictimai-siyasi
həyatında oynadığı rolu aşağıdakı misralarda ifadə etmişdir:
Ona rast gələndə bir qatı düşmən,
Vuruşda işləri bərkə düşərkən,
Əvvəlcə, qızılı işə salardı,
Qızıl tək işləri həll olardı.
Qızıl iş görməsə, iş olsa mahal,
Qılınca atardı əlini dərhal.
Bir iş görməsəydi onlar da əgər,
Köməyə gələrdi onda natiqlər.
Nizami “İsgəndərnamə” epopeyasında natiq surətini yaratmış, onu
mütəfəkkir, uzaqgörən, dərin hikmət sahibi kimi səciyyələndirmişdir.
Azərbaycanın böyük şairi “Məndə sığar iki cahan, mən bu cahana
sığmaram” deyən İmadəddin Nəsimi sözün zirvəsində dayanırdı. Onun söz sənəti,
natiqlik sənəti, sözün qüdrəti ilə bağlı olduqca dəyərli fikirləri vardır. Hürufilik
təriqəti ideyalarını yayanlardan biri olan Nəsiminin özü məharətli bir natiq
olmuşdur. Hürufilik təriqəti ideyasını təbliğ etmək məqsədilə xalq qarşısında
etdiyi çıxışlarında insanlardan, onların azadlıq və sərbəstliklərindən ehtirasla
danışır, zülmü, əsarəti, ədalətsizliyi tənqid və ifşa edərdi.
Böyük Füzuli sözə, nitqə yüksək qiymət və əhəmiyyət vermişdi. O yazır:
21
“Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,
Bu nə sirdir kim olur, hər ləhzə yoxdan var söz?
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa da, əhlin eylər ol miqdar söz.
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol yuxudan bidar söz...”
Füzuliyə görə, söz müqəddəs bir ilahi varlıqdır, ruhdur. Söz canlı varlıq
kimi yaşayır, daim fəaliyyət göstərir. Söz olmadan real varlıq, cisim mövcud
deyil. Bu fikir şairin aşağıdakı beytində poetikləşdirilir:
Can sözdür, əgər bilirsə insan
Sözdür ki deyirlər, özgədir can.
Söz vardır kəsdirər başı,
Söz vardır kəsər savaşı.
Söz vardır ağulu aşı,
Bal ilən edər yağ bir söz.
Şah İsmayıl Xətai şəxsiyyət azadlığını dilin mövcudluğunda görürdü. O,
belə bir qənaətə gəlirdi ki, dil “səni-sən, məni-mən, səni-biz, bizi-hamımız” kimi
formalaşdırmaqla millət, xalq anlayışını tamamlayır. O, elmlik, aydın diksiya və
musiqiliyi nitq üçün vacib şərtlərdən sayırdı.
Nəfəsi əhli-dilin cövhəri-candır bilənə,
Nitqimiz qüdrəti-həq, ruhi-rəvandır bilənə -
deyən Xətai ana dilini xalq ruhunu ifadə edən başlıca vasitə saymış, yazının,
oxunun, dövlət və siyasət işlərinin ana dilində aparılması ideyasının praktik
həllinə nail olmuşdur.
22
Sahib Təbrizinin aşağıdakı iki misrası ta qədimdən nitqə, onun gözəlliyinə
əhəmiyyət və qiymət verildiyini göstərir:
“Varlığında danışıq gözəlliyi olmayan adam bu dünyada su və gil palçıq
ilə suvanmış divar surətinə bənzəyir”.
Orta əsrlərdə yaşayıb-yaradan şairlər, söz ustaları, natiqlərin söz (suxən)
və onun qüdrəti, tutarlı və orijinal fikir söyləmək bacarığı, natiqlik məharəti,
nitqin kamilliyi, təsir qüvvəsi, nitqdə forma və məzmun vəhdətinin gözlənilməsi,
söz ustası (süxənvər), danışığına fikir verən, danışa bilən (süxəndan) və s. barədə
fikir və mülahizələr söyləmişlər.
XVII-XVIII əsrlərdə aşıq poeziyasında da sözün tələffüzünə, yatımlı
deyilişinə çox fikir verilmiş, “İmran dili” dedikdə gözəl danışıq nəzərdə
tutulmuşdur.
XIX əsrdə Azərbaycanda M.Ş.Vazeh, M.F.Axundov, A.A.Bakıxanov,
Q.Zakir kimi praktik natiqlər, bu sahənin nəzəriyyəçiləri yetişmişdir. M.F.Axun-
dov özünün bədii və elmi yaradıcılığında mədəni nitq, natiqlik məharəti, fəsahətli
kəlam, nitqin müxtəsərliyi və aydınlığı, səhnə dili, dilimizin orfoqrafiya və
orfoepiya normaları və s. haqda elmi-nəzəri fikirlər, mülahizələr söyləmişdir.
Onun “Kritika” və “Tənqid risaləsi” adlı məqalələrində dilin təkmilləşdirilməsi
məqsədilə söylədiyi fikirlər (nitq prosesində eyni söz və ifadələrin təkrarına yol
verməmək, qəliz sözləri, ifadələri, yerinə düşməyən təşbeh və mübaliğələri
işlətməmək, yazılı və şifahi nitqin fərqli xüsusiyyətlərini nəzərə almaq,
Azərbaycan dilinin orfoqrafiya və orfoepiya qaydaları, səhnə nitqi və s.) bu gün
də öz əhəmiyyətini itirməmişdir. XIX əsrin sonu və XX əsrin əvvəllərində
yaşayıb fəaliyyət göstərən qabaqcıl, mütərəqqi ziyalılar, maarifçilər, müəllimlər
dilimizin saflığı, yad təsirlərdən qorunması, bu dildə danışmağın zəruriliyi,
təlimin Azərbaycan dilində aparılmasının vacibliyi və s. məsələlərlə bağlı çox
faydalı fikirlər söyləmişlər. Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Cəlil Məmməd-
quluzadə, Mirzə Ələkbər Sabir, Aleksey Çernyayevski, Seyid Əzim Şirvani, Rəşid
bəy Əfəndiyev, Soltan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Nəriman
Nərimanov, Ömər Faiq Nemanzadə, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq
23
Talıbzadə, Məmmədtağı Sidqi, Seyid Ünsüzadə, Firudin bəy Köçərli, Fərhad
Ağazadə, Bəkir Çobanzadə, Hacı Rəhim Əfəndiyev və başqaları yazdıqları
məqalələr, dərslik və dərs vəsaiti ilə məktəblərimizə, maarif və mədəniyyətimizə
xeyli kömək etmişlər. Onlar – Azərbaycanın qabaqcıl maarifçi və demokratik
ziyalıları, görkəmli müəllimləri, ana dilində məktəb açmaq, bu məktəblər üçün
dərsliklər tərtib etmək, ana dilinin tədrisi metodikasını yaratmaq, əlifba,
orfoqrafiya və bu kimi bir sıra mühüm məsələləri həll etmək barədə uzun illər
boyu bütün təzyiq və məhdudiyyətlərə baxmayaraq yorulmadan mübarizə
aparmış, öz əsərlərində dilimizin praktik məsələlərindən, onun orfoepiyası,
orfoqrafiyası, lüğət tərkibi, üslubiyyatından da bəhs etmiş, məktəblilərin yüksək
nitq mədəniyyətinə yiyələnməsinin vacibliyini dönə-dönə vurğulamışlar. Məsələn,
Hafiz Məmmədəmin Şeyxzadə adlı müəllimin 1908-ci ildə çapdan çıxan “Fəsahət
və bəlağət, fənni inşa və üsuli-kitabət” əsərinin ikinci fəsli fəsahət və bəlağət
məsələlərinə həsr olunmuşdur (1, 185). Orada göstərilir ki, bəlağət bir məramın
həsən (gözəl, göyçək) surətdə ədası, düzgün və sənətli ifadə olunması, fəsahət isə
bir dilin düz və xətasız, asanlıqla söylənilib yazılması deməkdir. Kitabın həmin
fəslində həmçinin “Elmi-məani” deyilən fənlərdən bəhs edilir, təşbeh, məcaz,
kinayə və istiarə kimi məsələlər şərh olunur.
XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yaşayıb-yaradan şair,
rəssam, musiqişünas, xəttat, naqqaş, maarifçi, pedaqoq kimi tanınan M.M.Nəv-
vabın söz, sözün qüdrəti, danışıq mədəniyyəti haqda bir çox fikirləri, nəsihətləri
olmuşdur ki, bunlar bugünkü dəyərlər baxımından qiymətlidir, əhəmiyyətlidir.
Onun “Nəsihətnamə”sindən (beş yüz nəsihət) danışıqla, mədəni nitqlə bağlı
verilmiş bir neçə nəsihəti nümunə göstərək:
Dostları ilə paylaş: |