52
mürəkkəb cümlələrdən qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə
vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən,
əşya və hadisələri
təsvir edərkən onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə,
həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir
ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə
və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq
hər cür yabançı pafosdan, qondarma, süni ifadələrdən, müqayisələrdən uzaqdır.
Nitqin sadəliyinin pozulma hallarından biri sözçülük, ağır və uzun
cümlələr işlətmək, cümləpərdazlıq, yaxud ibarəpərdazlıqdır. Sözçülük, eyni fikrin
təkrar-təkrar ifadəsi daha geniş yayılmış nöqsandır. Məsələn, “Belə bir şöbənin
açılması təqdirəlayiqdir. Bu hadisə xüsusilə qeyd olunmalıdır. Bu çox müsbət hal
kimi qiymətləndirilməlidir. Biz buna çox yüksək qiymət veririk” və s. Natiq bəzən
öz “dərinliyini” nəzərə çarpdırmaq məqsədilə qondarma, təmtəraqlı
söz və
ifadələr işlədir. Məsələn,
səadət günəşinin şüaları; işıqlı və parlaq gələcək; öz
qəhrəmanlıqları ilə ölməzliyin zirvəsinə ucalan şəhidlər; qəhrəmanlar yurdunun
mərd övladları
və s. kimi söz və ifadələr ola bilsin ki, nitqin digər üslubunda –
xüsusən bədii üslubunda işləndikdə yararlı sayıla bilər. Lakin mühazirəçinin
danışığında fikrə adekvat olmayan bu cür təmtəraqlı sözlər və ifadələrin işlədil-
məsi məqbul sayılmır. Belə ifadələr
nitqə qeyri-ciddilik gətirir, marağı azaldır,
fikrin dinləyiciyə çatmasına mane olur.
Nitqin sadəlik və təbiiliyinin pozulması halları yazılı nitqdə özünü daha
çox göstərir. Yazan hər bir söz, ifadə, cümlə üzərində ayrıca düşünür, onu
dinləyici üçün maraqlı olsun deyə ifadəlilik vasitələri, atalar sözü, məsəlləri,
frazeoloji birləşmələr və sairədən istifadə edir. lakin burada da ifrata varmaq,
həmin ifadələrin həddindən çox işlədilməsi nitqi ağırlaşdırır, oxucunu yorur.
Nitqin sadəliyinin pozulma səbəblərindən biri də anlaşılmayan və ya az
anlaşılan söz və terminlərin işlədilməsidir. Burada da natiq öz bilik və hazırlığının
yüksək səviyyədə olmasını nümayiş etdirmək məqsədilə ehtiyac olmadığı halda
terminlərdən, mürəkkəb tərkiblərdən istifadə edir ki, bu nitqi bayağılaşdırır, onun
anlaşılmasını çətinləşdirir. Məhz belə bir yanaşmanın
nəticəsində dilə ehtiyac
53
olmadan bir sıra sözlər və terminlər gətirilir ki, onlar dildə işlədilən sinonimləri ilə
müqayisədə həm tələffüz, həm də yazılış cəhətdən çətindir, mürəkkəbdir.
Xalqın görkəmli ədibləri, maarifçiləri sadə, hamının başa düşəcəyi bir
dildə danışmağı öz yazılarında dönə-dönə qeyd etmiş, zəruri saymışlar. Görkəmli
ədəbiyyatşünas alim, məşhur ana dili müəllimi Firudin bəy Köçərli dilin
sadəliyindən, saflığından danışarkən yazırdı:
“...ərəb və fars kəlmə və ibarələrinin sövq və həvəsində olub ehtiyac
olmadığı halda onları ana dilinə gətirib qarışdırmaq,
bizim əqidəmizcə böyük
səhvdir. Vaxt ki, ana dilində şeyin özünün məxsusi adı var və ya indiki ana dili ilə
bir mənanı bəyan etmək və bir əhvalatı necə ki, lazımdır söyləmək mümkün olur.
İnsaf deyil ki, elm göstərmək və “mollalıq” izhar etmək iddiasına düşüb kəlamı
qəliz ifadələrlə və çətin anlaşılan ərəb və fars sözləri ilə doldurub əsl mənanı daha
da dərinə salmaq və ona uzun və qəliz ibarələrlə toxunmuş pərdə çəkmək... ol
cəhətdəndir ki, ...qəzetlərimizdə dərc olunan qəliz ibarələrlə yazılmış bəzi siyasi,
ədəbi, fənni məqalələri oxuyanlar anlamayıb məyus olurlar və qəzeti oxumaqdan
ikrah edirlər (1, 125).
Əcnəbi sözlərin lüzumsuz işlədilməsi ilə bağlı başqa bir yazıda oxuyuruq:
“Bəzi ziyalılarımız güman edirlər ki, hələ hamının mənimsəmədiyi, işlətmədiyi
çətin terminləri işlətsə, onun nitqi yaxşı təsir bağışlayar. Görünür, bu təzə bəla
deyil, köhnədən ziyalılar arasında belə adamlar olmuş, vaxtilə C.Cabbarlı
“Dönüş”, əsərində belələrinə gülmüşdür. Həmin əsərdə Arif Hikmətin aşağıdakı
sözlərini bir daha xatırlatmaq yerinə düşərdi: “Yoldaş Qüdrət hələ bizim hörmətli
yazıçımızdır. Yaxşı da yazmışdır. Ancaq bir balaca siyasi savadı yoxdur. Bu vaxta
qədər əsərində ekspozisiyası eksplikasiyasına düz gəlmir.
əsər impesionizm
qaydası ilə yazılmış, sonra da ekspressionizmə keçmişdir. Axırda da gəlib çıxır
supermetizmə. Odur ki, sentrotyajesti və sentro-vnimaniyesilə tutmur” (Ə.Abdul-
layev. “Şifahi nitq haqqında. “Dil mədəniyyəti”, “Elm” nəşriyyatı, Bakı, 1979, III
buraxılış, səh.72).
Nitqin süni şəkildə mürəkkəbləşdirilməsi, təəssüf ki, indi də nəzərə çarpır.
“Son illər filologiya, pedaqogika, psixologiya, sosiologiya və s. sahələrə aid elmi
54
mətnlər dilin və üslubun mürəkkəbləşməsi, ağırlaşması ilə səciyyələnir. Sözlər
artıq fikirlərin ifadə üsulu, elmi nailiyyətlərin ötürmə vasitəsi kimi yox, fikir
yoxsulluğunu, bəzən isə mənasızlığını pərdələmək üçün bir vasitə kimi çıxış edir.
Bu nə qədər qeyri-adi görünsə də, həmin təmayülə dilçi alimlər də meyil göstə-
rirlər” (45, 160).
Natiq dinləyicinin başa düşəcəyi bir dildə danışmalı, mənası
çətin
anlaşılan söz və söz birləşmələrini işlətməkdən çəkinməlidir.
Dostları ilə paylaş: