Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar çap olunmuş yeni məqalələr


Əfsanə və rəvayətlərlə süslənmiş eşq dastanı



Yüklə 207,32 Kb.
səhifə4/11
tarix07.01.2022
ölçüsü207,32 Kb.
#86606
1   2   3   4   5   6   7   8   9   10   11
Əfsanə və rəvayətlərlə süslənmiş eşq dastanı:

Nizami “Xosrov və Şirin” əsərində Azərbaycan folklorundan sıx-sıx və məharətlə faydalanmışdır. Fərhadla əlaqədar rəvayətlər bu cəhətdən xüsusi əhəmiyyət kəsb etmişdir. Əldə edilmiş folklor örnəkləri və toponimik xarakterli materiallardan belə bir qənaət doğur ki, Fərhadın mənşəyi bilavasitə Azərbaycan torpağı ilə bağlı olmuş, onun haqqında yaranan şifahi xalq ədəbiyyatı örnəkləri yüzilliklər boyu yaşamışdır.

Fərhadın adı ilə bağlı süd arxları, bu arxlar haqqında xalq içərisində dolaşan əfsanə və rəvayətlər “Xosrov və Şirin” mövzusunun Azərbaycanla sıx əlaqəsini təsdiq etməkdədir. Əvvəllər bizə elə gəlirdi ki, həmin arxlar ancaq yurdumuzun Şərq bölgəsindədir. Lakin, son axtarışlar Azərbaycanın Qərb zonasında da bu cür arxların mövcudluğunu təsdiq etdi.

M. Rəfilinin qeyd etdiyi kimi, “Şirinlə Fərhadın əfsanəsi Azərbaycan xalqının şifahi ədəbiyyatı ilə sıx surətdə qarışmışdır. Nizaminin qüdrətli təsiri xalqın hafizəsində o qədər dərindən həkk edilmişdir ki, bu poema uzun əsrlər boyu Qafqaz dünyası, qədim Azərbaycan dünyası ilə sıx surətdə bağlı olan xalq əfsanəsi kimi yaşamışdır”. 1,63,64

Nizaminin “Xosrov və Şirin” poemasından, xüsusilə, Xosrov, Şirin və Fəhrad obrazlarından bəhs açan E.Y.Bertels yazmışdır: “Əgər Nizami, bizə məlum olmayan başqa yazılı mənbədən istifadə etməmişsə (bir sıra səbəblərə görə bunu təsdiq etmək çətindir), o zaman Azərbaycanda çox geniş yayılmış olan şifahi rəvayətlər onun üçün əsas material olmuşdur”. 1,62,63

Bəllidir ki, Azərbaycan ədəbiyyatında Fərhadın adını şifahi xalq ədəbiyyatından yazılı ədəbiyyata ilk dəfə olaraq XI əsrdə Qətran Təbrizi (1012-1088) gətirmişdir.

Bizcə, Nizami yaradıcılığındakı tarixi Şirinlə Azərbaycan folklorundakı Şirin obrazı birləşmişdir.

Maraqlı bir cəhət odur ki, Oğuz rayonundakı “Fərhad arxı”nın yaxınlıqlarında “Şirin bulaq” adlı çeşmələr vardır. Çox güman ki, bu, Şirinin əsatiri Nahid surəti ilə birləşdiyini, onunla əlaqədar olduğunu aydınlaşdırmaqdadır.

Heç şübhə yeri qalmır ki, Nizami “Xosrov və Şirin”i yazarkən tarixi mənbələrlə yanaşı, yuxarıda dediyimiz yerli rəvayətlərdən də az faydalanmamışdır.

M.Rəfili yazmışdır: “...öz yurdunun qaynaqlarından bu əfsanəni götürmüş olan Nizami, Xosrov və Şirin macərasının bədii surətlərini yenə xalqına deyil, bütün dünya xalqlarına qaytarmış idi”.2

“Xosrov və Şirin” poemasında özünün inikasını tapan “Fatma nənənin darağı” rəvayəti öz əlamətlərini Mişar dağı (Masallı rayonu) ilə əlaqədar saxlamaqdadır. Fatma nənənin təndiri bu dağın dibindədir. Təndirin yanından Fatma nənənin başını yuduğu su axır. Burada Fatma nənə başını yuyanda yad adam görür. Darağını, güzgüsünü atıb saçını üzünə tökür. Fatma nənə darağını atdığı yerdə ağac bitir. Yarpaqları Fatma nənənin darağına oxşayır. İndi də xalq sal daşlar üstdə bitən həmin diş-diş yarpaqlı ağaclara “Fatma nənənin darağı” deyir.

“Xosrov və Şirin” poemasında oxuyuruq:

Səndən bu əfsanə gizli qalmasın,

Bir gün cadugərlik edən bir qadın,

Yoluna tulladı güzgü və daraq,

Daraq meşə oldu, güzgü də bir dağ.3,59

Rəvayətə görə, dağ, meşə, su, təndir və hana qurmaq Fatma nənədən qalmışdır. Guya göyqurşağının yeddi rəngini, boyasını Fatma nənə çiçəklərin, güllərin rəngindən almışdır. Bu da Fatma nənənin qədim görüşlərə bağlı əsatiri bir obraz olduğunu söyləməyə əsas verir.

Leyli-Məcnun” və nakam məhəbbət rəvayətləri:

Şirvan hökmdarı Əxistanın Nizamidən Leyli və Məcnun hekayətini qələmə almağı xahiş etməsi təsadüfi deyildir. Bu mövzu XII yüzillikdə Azərbaycanda, eyni zamanda, Qafqazda geniş yayılmışdır. Leyli gözəllik, Məcnun nakam aşiq obrazı kimi dillərdə dastan olmuşdur. Hər iki ad poetik obraza çevrilmişdir. “Məcnun kimi dərs oxuyan vəlleylada qalar” atalar sözü Azərbaycan xalqının məsəlinə birdən-birə çevrilə bilməzdi.

Professor Y.Bertels yazmışdır: “Məcnun obrazı Yaxın Şərqin çox sevimli obrazları sırasına daxil olmuş, yazılı ədəbiyyat çərçivəsinə sığmayaraq onu qırmış, folklora daxil olaraq əbədi bir ad qazanmışdır”. Bu fikirlər həqiqətin ifadəsi olsa da, rəvayətin yazılı ədəbiyyatdan folklora keçməsi haqqındakı mülahizəsi ilə razılaşmaq çətindir. Çünki, rəvayətin ilk mənbəyi folklor olmuş, həmin süjet qədim Babil mixi yazılı ədəbiyyatında öz əksini tapmış, sonra süjetin səyahəti Şərq xalqlarının şifahi ədəbiyyatına gəlib çıxmış, ciddi dəyişmələrə məruz qalmış, müxtəlif versiyalarla bir sıra xalqların, o cümlədən də Azərbaycan xalqının folklorunda özünə möhkəm yer tuta bilmişdir.

Y.Z.Şirvani diqqəti belə bir məsələyə yönəldərək yazmışdır: “Çox zaman belə hallar olurdu ki, bu adamlara (ozanlara- S.P.) muzikal-vokal ifa üçün ictimai sifariş və yaradıcılıq sifarişi Şirvanşahlar epoxasının yüksək cəmiyyəti tərəfindən verilirdi. Bu cəhətdən heç də təəccüblü deyildir ki, Şirvanşah Əxistan Nizamiyə göndərdiyi bir məktubda ona “Leyli və Məcnun” dastanını yazmağı sifariş verir. Çox ehtimal ki, bu dastan müğənni rapsodlar tərəfindən Şirvanşahlar sarayında dəfələrlə ifa edilmişdir”.

Bu fikri ədəbiyyatşünas R. Azadə də təsdiq edərək deyir: “Nəzərimizcə, Nizami dövründə “Leyli və Məcnun”un doğma Azərbaycan dilində xalq ozanları tərəfindən tərtib edilmiş variantları şəhərbəşəhər gəzir, oxunur, sevilirdi. Bu Əhsətana (Əxsitana-S.P.) da məlum idi”.

“Leyli və Məcnun” poemasının el variantı olaraq çoxsaylı bayatı, əfsanə və rəvayətlərlə yanaşı, “Leyli və Məcnun” adlı bir xalq dastanı yaradılmışdır.
Yeddi gözəl”in rəvayət qaynaqları:

Azərbaycan folklorunda “Yeddi gözəl”dəki Fitnə obrazı ilə səsləşən motivlər daha güclüdür. Belə motivlərə “Kitabi-Dədə Qorqud” boylarında da rast gəlirik. “Bəkil oğlu İmranın boyu”nda belə bir mükalimə vardır: “Qazan xan Bəkilin hünərinə istehza ilə yanaşaraq deyir:

-Bu hünər atınmıdır? Ərinmidir?

-Xanım, ərindir-dedilər.

Xan aydır:

-Yoq, at işləməsə, ər ökünməz. Hünər atındır-dedi.

Bu söz Bəkilə xoş gəlmədi.

Bəkil aydır:

-Alplar içində bizi qusqunumuzdan palçığa batırdın-dedi. Bayandır xanın bəxşişin önünə dökdü, xana küsdü. Divandan çıqdı. Atın çəkdilər. Ala gözlü yigitlərin alub evinə gəldi”.

Qazan xanla Fitnənin cavabları arasında öz məntiqinə görə müəyyən yaxınlıq vardır. Qazan xan “at işləməsə, ər öyünməz” deyirsə, Fitnə Bəhramın gur vurmaqda məharətini vərdişlə bağlayır.

Nizaminin yaratdığı müdrik, ağıllı Fitnə Bəhramın ovun dal ayağını qulağına tikməsini vərdişin nəticəsi hesab edir. Bunu sonralar özünün öküzü pillələrlə yuxarıya qaldırması hadisəsi ilə sübuta yetirir.

Nizami həmin Şərq rəvayətini işləyib Fitnə surətini yaradarkən sələfi Firdovsidən fərqli olaraq yeni cizgilər əlavə etmiş, obrazın səciyyəsinə uyğun yeni keyfiyyətlərlə zənginləşdirmişdir.

İskəndərnamə”nin əfsanə və rəvayət motivləri:

Nizami Gəncəvinin “Xəmsə”sinin çələngi, dahi şairin yaradıcılığının, poetik dühasının zirvəsi sayılan və cəmiyyətə, bəşəriyyətə sənətkarın son sözü olan “İskəndərnamə”nin qaynaqlarını xarakterizə edən tanınmış nizamişünas Y.E.Bertels yazmışdır: “Güman etmək olar ki, Nizaminin istifadə etdiyi məxəzlər yalnız yazılı materiallarla məhdudlaşmamışdır. Əgər Nizami bəzi motivləri xronikalardan götürüb olduğu kimi saxlamışsa, başqa hallarda dəyişdirmişdir. Görünür, belə hallarda Nizami Azərbaycan xalq rəvayətlərinə müraciət etmişdir. İskəndər haqqında əfsanələr Azərbaycan xalqı arasında indiyə qədər də yaşamaqdadır. Təkcə Nizaminin bu mövzunu seçməsi faktı onu göstərir ki, bu əfsanələr şairin yaşadığı dövrdə də mövcud imiş...”

“İskəndərnamə”də Azərbaycan ərazisindəki toponimlərə, o cümlədən Gəlin qayalarına, onların mənşəyinə dair məlumatlara da təsadüf edilir. Bəinas “Çarkablı heykəli” ona görə qurur ki, bundan ibrət alıb qıpçaq qızları və gəlinləri üzü açıq gəzməsinlər. Ata-babadan namus-qeyrət hər şeydən şərəfli və üstün tutulmuş, gəlin evin, ailənin abır, ismət və həya mücəssəməsi sayılmışdır. İndinin özündə yurdumuzda mövcud olan hər bir “Gəlin qayası” da abır-həya ilə əlaqədardır. Gəlin qayalarla bağlı söylənilən əfsanə və rəvayətlərdə gəlinlər üzü, bədəni açıq halda qayınatasının, qaynının gözünə göründüyü üçün daş-heykələ dönmüşlər. Nizami daş abidələrin varlığına belə işarə etmişdir:

Qurulmuş bu heykəl bu günə qədər,

Tökülməmiş o çöldə hələ də qalır.8,309

Şübhəsiz ki, Nizami bu misraları yazarkən yurdumuzdakı çoxsaylı Gəlin qayalarından, onlar barədə dolaşan rəngarəng hekayətlərdən xəbərsiz olmamışdır.

Nizaminin təsvirini verdiyi dirilik suyu və onunla bağlı epizodlar “Bobuqamo” adlı əsatir-əfsanə ilə onunla bağlı səslənməkdədir (Masallı rayonunun Sığdaş kəndi). Yanar dağın yaxınlığındakı nohurla əlaqədar olan həmin əsatir-əfsanədə söylənir ki, Yanar dağın ətrafında ilanlar yaşayarmış. İlanlar şahının icazəsi olmadan heç bir ilan özbaşına evlənə bilməzmiş. Şah bir dişi ilanı sevirmiş. Qız isə ilanlar şahını deyil, o biri ilanı sevirmiş. Bunu bilən ilanlar şahı qızı öldürtdürür. Qızı sevən ilan onu Yanar dağın ətəyindəki nohura salır.

Bobu dayı kənarda durub bu təəccüblü hadisəyə baxırmış. Bu zaman o görür ki, bir diri ilan, ölü bir ilanı sürüyə-sürüyə gətirib nohura saldı, ölü ilan dirildi. İlanlar bir-birinə qoşulub, Bobu dayı tərəfə gələndə o ilanları qovub məmləkətdən çıxarır. Elə ilanlara da bu məmləkətdən getmək lazım imiş.

Bobu dayının ayağının biri bərk ağrıyırmış. O, ağrıyan ayağını həmin nohura salır. Ayağının ağrısı kəsir. Bu xəbər hər yana yayılır. Hər yandan bura adamlar axışıb gəlir. Həmin nohur “Bobuqamo”, onun yanındakı dağ isə “Mişar” adlanır.

Maraqlıdır ki, Nizami də xalq içərisində İlyas ilə Xızıra bəslənilən inam və etiqadları səciyyələndirərək onları əsatiri obrazlar kimi canlandırmışdır. Poemada bu obrazların mifik əlamətlərinə belə işarə edilmişdir:

İlyas ilə Xızır taparkən,

Həmin təşnələrdən üz döndərdilər.

Bu sərgüzəştin şadlıqla başa çatmasından,

Biri dəryaya girdi, o biri səhraya getdi.

Su və yaşıllıq məbudu olan İlyasla, daha doğrusu, Xızır İlyasla əlaqədar Azərbaycan folklorunda maraqlı əfsanələr, rəvayətlər, nəğmələr, müxtəlif ayinlər çoxdur. Şirvan torpağında mamaçalar doğuşu çətin keçən qadını su kənarına gətirib belə bir ovsun oxuyarmışlar:

Xızır Nəbi, Xızır İlyas,

Bəndəni bəndədən xilas!

Bu hadisədən sonra guya, hamilə qadın yüngüllüklə körpəsini dünyaya gətirərmiş. Lakin, Nizami Xızırla İlyasın hər birini ayrıca fərd kimi təqdim etmişdir:

Çöldə Xızır olaram, dənizdə İlyas.

Bu gün belə xalq içərisində yaşamaqda olan əsatiri əfsanələrə görə, İlyas suyun, Xıdır isə qurunun sahibidir. İnama görə, guya Xıdır İlyasın oğludur.

M.Əlizadə yazırdı: “Nizami tamamilə Azərbaycan xalqına bağlı olmuş, xalqını böyük bir məhəbbətlə sevmiş, “xalqımızın gözəl ənənələrini”, nəcib adətlərini, insani hisslərini, gözəl bədii və əxlaqi folklorunu qiymətli incilər kimi ölməz əsərlərinin xəzinəsində mühafizə edib bizə qədər çatdırmışdır. Bu, Nizaminin dahiliyini təsdiqləyən, onun romantik dünyası haqqında geniş məlumat verən və bu gün müqayisəli şəkildə tədqiq olunması vacib sayılan bir problemdir. Bu problemin mahiyyətində insan idrakının zənginliyi, mürəkkəbliyi dayanır”.

Azərbaycan folklor örnəkləri, xüsusi ilə əsatir və əfsanələri Nizami “Xəmsə”sinin canına hopmuşdur. Nizamini Azərbaycan folklorundan kənarda düşünmək çətindir. O, Azərbaycan folkloru ilə elə qaynayıb qarışmışdır ki, onları bir-birindən ayırmaq çox çətindir. Nizami əsərlərinin qaynaqları Azərbaycan folklorundadır. Onun yaradıcılıq üfüqləri nə qədər geniş olsa da, onun yaradıcılığı Azərbaycan çevrəsində, onun folkloru daxilində ətə-qana dolmuş, hər biri ölməz bir abidəyə çevrilmişdir. Bu abidənin qızıl kərpicləri Azərbaycan torpağında kəsilmiş, onun yaradıcılıq sarayı bu qızıl kərpiclə tikilmişdir.



Yüklə 207,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin