Nizami Gəncəvi
və
Azərbaycan şifahi xalq ədəbiyyatı
Türk mifologiyasını öyrənmək ümumi bir işdir. Türk mifologiyasına Anadolu, Qazax, Özbək, Türkmən türklərinin, eləcə də, digər türk toplumlarının mifologiyası daxildir. Mənim üçün ən maraqlısı Azərbaycan mifologiyasıdır. Hər bir toplumun əcdadının məskunlaşdığı coğrafi ərazi mənə görə bir kainatdır. Ümumi bir aləm, bir kainat mövcud olduğu kimi hər bir türk toplumunun özünəməxsus kainatı vardır. Bu coğrafi ərazidə yaşayan insanlar daxil olduqları meridianlarda ayı, ulduzu görür, yurduna məxsus tanış dağları, çayları, gölləri, dənizləri tanıyır, məskunlaşdığı təbiətin florasına və faunasına bələd olur. Mən Azərbaycan totemlərini, toponimlərini, mifik obrazlarını,müqəddəs kultlarını, bir sözlə, Azərbaycan mifologiyasını öyrənmək üçün doğma folklorumuza baş vurdum.
Azərbaycan ağız ədəbiyyatında mifoloji izləri axtararkən nəyi axtarıb tapmayanda onun qarşılığını Nizami Gəncəvinin “Xəmsə”sində tapdım. Mənim üçün aydın oldu ki, Azərbaycan folklorunun özəyi, Nizaminin “Xəmsə”sində yaşayır.Nizami “Xəmsə”si Azərbaycan folklorunun mən deyərdim ki, yazıya alınmış külliyyatıdır. Əgər Nizami əsərində Alparatın (Kəpəzin qədim adıdır) adı çəkilirsə, deməli burada söhbət Daqqultudan gedir. Orada qədim totemlər, toponimlər haqqında əsatir, əfsanə və rəvayətlər mövcuddur. Məlumdur ki,qədim inancları özündə yaşadan totemlərin varlığı əsatirlərə bağlıdır. Eləcə də toponimləri yaşadan rəvayətlər təhkiyyə şəklində onları bizə çatdırır. Azərbaycan mifologiyasını mən yaza bilərəm. Türk mifologiyasından danışanlar ümumi şəkildə öz fikirlərini kitab dili ilə izah edirlər. Azərbaycan mifologiyasını yazmaq üçün Azərbayan kainatına daxil olan coğrafi əraziləri gəzmək, onun folklorunu toplamaq və onun daxilində totemləri və toponimləri arayıb axtarmaq və tapıb yazıya almaq lazımdır. Azərbaycan folklorunun nəzəri cəhətləri toplama zamanı meydana çıxır. Birinci, toplayıcı həmin totemin, ona bağlı əsatirin hansı arealda olduğunu öyrənir, eyni zamanda o folklor nümunəsi danışan insanın hansı qədim tayfaya, hansı əraziyə bağlı olduğunu aşkar edir. 80 yaşlı bir qoca izah edir ki, bu əsatir və yaxud əfsanəni mənim babam atama danışmış,bunları mən atamdan eşitmişəm. Az qala bir əsatirin, əfsanənin 200-300 illik tarixi meydana çıxır. Əgər bunların qarşılığını Nizami əsərlərində axtarıb tapırıqsa, o zaman min illik bir tarixə ulaşmış oluruq. Biz əsatir və əfsanələrimizi öyrənərkən ayrı-ayrı folklor örnəklərində əski çağlarda Azərbaycan hansı adlarla çağırılmışsa onu da öyrənirik. Qədim zamanlarda Azərbaycan “Xızır Becan”, “Xəzər Becan” və başqa adlarla yaşadığını görürük. Xəzər dənizinin adı Xızırın adından götürülmüşdür. Xəzərin ətrafında “Xızı qalası”, “Xızı rayonu” var. Xızır Zində, Diri Baba dağları var. Türkmənlər bizim torpağa müraciət edərkən onu “Xəzər Becan” deyə çağırmışlar. Asetinlər Xəzər dənizinə Xəzər dənizi demirlər, “Xızı dənizi” deyirlər. Hətta, “Quran”da da Xəzər Becan Azərbaycan ölkəsi kimi qeyd olunur. Əlbəttə, ümumi şəkildə qeyd etmək olar ki, biz Azərbaycan folklorunda tapmadığımız bir örnəyi Nizami “Xəmsə”sində, Nizami “Xəmsə”sində tapmadığımız bir örnəyi Azərbaycan folklorunda tapırıq. Azərbaycan folklorunu Nizamidən kənarda, Nizamini isə Azərbaycan folklorundan kənarda düşünmək qeyri mümkündür. Azərbaycan folkloru Nizami əsərlərinin qanında, damarında axır.Onun döyünən ürəyində yaşayır. Azərbaycan folkloru Nizami əsərlərinin can özəyidir. Nizami öz əsərlərində nəinki Azərbaycanın əsatirlərində yaşayan totemləri yaşatmış, eyni zamanda Azərbaycan rəvayətlərində yaşayan toponimləri də yaşatmış, və Azərbaycanın bir sıra mifik obrazlarını öz əsərlərinə qəhrəman seçmişdir. Bunlardan daşyonan Fərhadı, Şirini, Məhinbanunu qeyd etmək olar. Nizami ilə Azərbaycan folklorunun əlaqələrini dərindən öyrənmək üçün Azərbaycan əsatir və əfsanələrini toplamaqla yanaşı Nizami misralarını, qeydlərini söz-söz aramaq, qarşılaşdırmaq və bununla Azərbaycan folklorunun Nizami əsərlərində qorunub saxlanılan cövhərlərini bir-bir tapıb üzə çıxarmalıyıq. Oğuz rayonundankı Daş ağıla getmək, Uğan dağını seyr etmək, Ulu çaydan kotanlar yerinə çəkilən Fərhad arxı haqqında daha yeni örnəklər toplamalı, Şəbbüzin Gürgünü Daş ağıl daşından gör götürdüyünü və bu adların Tovuzdakı Göy yurdla və oradakı Dəryaçay ilə bağlılığını aydınlaşdırmalıyıq.Əski çağlarda qəhrəmanlar qılınc oynatmaqla yox, külüngü ilə dağ çapmaqla fərqlənmişlər. Buna dair çox mifik nağıllarımız var ki, Nizami əsərləri ilə səsləşməkdədir. Nizami kiçik tapmacalardan, atalar sözlərindən, təmsillərdən, ayrı-ayrı hekayətlərdən, xaq məsəllərindən istifadə eməklə yanaşı mifik nağıllarımızdan əsatir və əfsanələrimizdən bol-bol istifadə etmişdir.
Nizami gələcək üçün
Nizami Gəncəvinin dahiliyini, ucalığını, böyük düha olduğunu dünyaya göstərmək və Nizaminin öz nəsil-soyuna görə inamlarına bağlılığını görmək üçün Alman xalqının böyük yazıçısı, “Faust” romanının, “Şərq və Qərb divanı” adlı elmi əsərin müəllifi Getenin bircə abzas statı ilə dərindən duymaq olar. O yazır: “Firdovsi tarixi keçmiş üçün, Ənvari öz dövrü üçün, Nizami isə gələcək üçün yazıb-yaratmışdır”.
Təkcə bu cümlədəki mətləbləri açmaqla Nizaminin milli mənsubiyyətini, hansı torpağa bağlı olduğunu, hansı inanclarla yaşadığını yaradıcılığında əks etdirə bilərik. Nə üçün İran xalqının böyük şairinin tarixi keçmiş üçün yazdığı qeyd olunur? Məncə, böyük bir aləm, böyük bir dünya, böyük bir kainat olduğu kimi hər bir millətin də müəyyən coğrafi ərazidə məskunlaşmış insan toplumunun öz aləmi, öz kainatı vardır.
Azərbaycanlıların və yaxud xəzərbecanların, yəni, Xızırın adını daşıyan Xızırbecanın olduğu ərazidə onunla yanaşı yaşayan aləmin, düşündüyümüz kainatın -iki toplumun tarixən adı cüt çəkilən şəxsiyyəti vardır. Bunlardan biri Keyxosrovdur ki, İran və Firdovsi bu qütbə bağlıdır. İkincisi Əfrasyabdır ki, Turan, Nizami bu qütbə bağlıdır. Firdovsi nə üçün tarixi keçmiş üçün yazmışdır? Sualının cavabı belədir ki, minillik tarixi olan İranı cırtdan bir ölkənin hökmdarı Makedoniyalı İsgəndər çökdürmüş, məğlub etmiş, İranın qəlbinə yaralar vurmuşdur. Məğlub olan İran dövlətinin başçısı Dara özünə uyğun olmayan bir təsəlli tapır, deyir ki, nə olsun dünən İran dövlətinin hökmdarı mən idim, bu gün isə İranın hökmdarı mənim kürəkənim (yeznəm, eniştəm) İsgəndərdir.
İsgəndər ona belə cavab verir:
- Sənin qürurlanmağa haqqın yoxdur, qızın Rövşənəgi sevib almamışam. Mən onu qalib hökmdar kimi qənimət götürmüşəm. Mən qalibəm, istəsəm elə bu gün arvadını da alaram.
Bax, Firdovsi tarixi keçmiş üçün yaşayırdı ki, yaralarını sağaltsın. Rüstəmi-Zal kimi qəhrəmanlarını göz önünə gətirsin, təsəlli tapsın, qürur duysun, ağlaya-ağlaya tarixi keçmişini yaşasın. Görürsünüzmü, Firdovsi buna görə də tarixi keçmişi ilə yaşayır. Əfrasyab nəslinə, Əfrasyaba, Turana bağlı böyük şairimiz Nizami isə gələcək üçün, gənc nəsillər üçün, abidə yaradıb qoymaq istəyir. Böyük tarixi keçmişi olmayan bir sənətkar öz gələcəyini, xalqının sabahını düşünə bilməz.
Nizami xoşbəxt şair idi. Onun yaşadığı dövrdə Nizaminin vətənini qoruyacaq iki böyük Azərbaycan dövləti var idi. Onlardan biri Eldəgizlər dövləti, ikincisi Şirvanşahlar dövləti idi. Bunlar nəinki ölkəni qoruyur, öz şairlərinin ucalığını dərindən duyur və ona yeni əsərlər yazmaq üçün sifarişlər verirdilər. Nizaminin “Xosrov və Şirin” əsəri Eldəgizlər dövlətinin hökmdarı Cahan şahın sifarişi ilə yazılmağa başlanmış, poema hökmdar Qızıl Arslan tərəfindən yüksək qiymətləndirilmişdir. Eləcə də Nizaminin “Leyli və Məcnun” poeması Şirvanşah Axsitanın sifarişi ilə yazılmışdır. Nizami zamanın hökmü ilə öz poemalarını fars dilində yazsa da, onun əsərlərindəki mövzular, hadisələr, sujetlər Azərbaycan torpağından, Azərbaycan folklorundan alınmışdır. Birinci əsəri olan “Sirlər Xəzinəsi” Kəpəzə bağlı əsatir, əfsanə və rəvayətlərlə zinətləndirilmişdir. Əgər Nizami əsərində Alparaqın (Kəpəzin qədim adıdır) adı çəkilirsə, deməli burada söhbət Dağqultundan gedir. Xəzər dənizinin adı Xızırın adından götürülmüşdür. Xəzərin ətrafında “Xızı qalası”, “Xızı rayonu” var. Xızır Zində, Diri Baba dağları var. Türkmənlər bizim torpağa müraciət edərkən onu “Xəzər Becan” deyə çağırmışlar. Asetinlər Xəzər dənizinə Xəzər dənizi demirlər, “Xızı dənizi” deyirlər. Hətta, “Quran”da da Xəzər Becan Azərbaycan ölkəsi kimi qeyd olunur. Azərbaycan folkloru Nizami əsərlərinin qanında, damarında axır.Onun döyünən ürəyində yaşayır. Azərbaycan folkloru Nizami əsərlərinin can özəyidir. Nizami öz əsərlərində nəinki Azərbaycanın əsatirlərində yaşayan totemləri yaşatmış, eyni zamanda Azərbaycan rəvayətlərində yaşayan toponimləri də yaşatmış və Azərbaycanın bir sıra mifik obrazlarını öz əsərlərinə qəhrəman seçmişdir. Bunlardan daşyonan Fərhadı, Şirini, Məhinbanunu qeyd etmək olar. Nizami ilə Azərbaycan folklorunun əlaqələrini dərindən öyrənmək üçün Azərbaycan əsatir və əfsanələrini toplamaqla yanaşı Nizami misralarını, qeydlərini söz-söz aramaq, qarşılaşdırmaq və bununla Azərbaycan folklorunun Nizami əsərlərində qorunub saxlanılan cövhərlərini bir-bir tapıb üzə çıxarmalıyıq. Oğuz rayonundankı Daş ağıla getmək, Uğan dağını seyr etmək, Ulu çaydan kotanlar yerinə çəkilən Fərhad arxı haqqında daha yeni örnəklər toplamalı, Şəbdizin Gülgünün Daş ağıl daşından döl götürdüyünü və bu adların Tovuzdakı Göy yurdla və oradakı Dəryaçay ilə bağlılığını aydınlaşdırmalıyıq.Əski çağlarda qəhrəmanlar qılınc oynatmaqla yox, külüngü ilə dağ çapmaqla fərqlənmişlər. Buna dair çox mifik nağıllarımız var ki, Nizami əsərləri ilə səsləşməkdədir. Nizami kiçik tapmacalardan, atalar sözlərindən, təmsillərdən, ayrı-ayrı hekayətlərdən, xaq məsəllərindən istifadə eməklə yanaşı mifik nağıllarımızdan əsatir və əfsanələrimizdən bol-bol istifadə etmişdir.
“Xosrov və Şirin” Bərdə qocalarından toplanmış “Fərhad və Şirin” dastanı əsasında yazılmışdır. Dövrün ənənəsinə uyğun olaraq daşyonan Fərhad yox, hökmdar Xosrov əsərə baş qəhrəman seçilmişdir. Buna baxmayaraq Nizami Oğuz bölgəsinin Daşağılından, Uğan dağından axıb gələn Ulu çayın suyunu Fərhad Şirinin eşqi ilə Oğuzun Kotanlar yerinə gətirmişdir. Yurdumuzda nə qədər Şirinin adını daşıyan bulaqlar və Fərhad arxları vardır. Naxçıvanda Fərhad evi, Arpaçayda Fərhad və Şirinin yaşadıqları “Fərhad və Şirin qalası”, Tovuzun İbrahimhacılı kəndində dildə, ağızda yaşayan “Nəğməkar Fərhad” və eləcə də onlarla əfsanələr xalqımız arasında mövcuddur. Nizami öz poemasında bu əfsanələrdən əzəmi dərəcədə faydalanmışdır. “Fərhad və Şirin” əfsanəsinə isə İran Azərbaycanında təkcə Ərdəbil torpağında, Türkiyədə Amasiya torpağında rast gəlirik. Axsitanın sifariş verdiyi “Leyli və Məcnun” poemasında təkcə ərəb əfsanəsindən deyil, Azərbaycanın Dərələyəz mahalında olan “Qanlı göl”ün, Gürcüstanın azərbaycanlılar yaşayan Marnaulundakı “Pərvanə gölü” əfsanələrindən, ta qədimdən Şirvan torpağında, ozanların qəlbində yaşayan zəngin poetik və melodik məzmuna malik əski “Leyli və Məcnun” dastanından Nizami dönə-dönə bəhrələnmişdir.
“Yeddi Gözəl” poemasını yazarkən Astaranın Simnarın körpüsü, Şindan qalası (Şeyda), Yeddi gözəl qala qalıqlarının, Əjdaha daşının əfsanələri Nizami yaradıclığında dərin iz buraxmışdı. Şəki əfsanələri “Yeddi Gözəl” poemasını daha əzəmətli etmiş, onu əfsanələrlə bəzəmişdir. Bundan əlavə, poemanın məzmununda “Məhəmməd və Güləndam” dastanının sujeti mühüm rol oynayır. “Məhəmməd və Güləndam” dastanında Məhəmməd itirib yenidən axtardığı sevgilisi Güləndamı bulaq başındakı daşa çəkilmiş yeddi gözəl arasında görür.
Eləcə də, “İsgəndərnamə”də əsatir və əfsanələrimizdən bol-bol istifadə edən Nizami, həm də Soltanbudla, Şindan qalası ilə bağlı əski bir dastandan yararlanmışdır. Bir həqiqəti burada göz önünə gətirmək üçün Nizami Azərbaycan dastanlarını özünə mövzu seçmişdir. Çünki, Azərbaycan dastanlarında mükəmməl sujet, bədii lövhələr, obrazlı təfəkkürün məhsulu olan bədii ifalar, zəngin musiqi var. Bizə görə, Nizaminin əsərləri, xüsusilə, “Xosrov və Şirin”(əslən “Fərhad və Şirin”), “Leyli və Məcnun”, “Yeddi Gözəl” (Məhəmməd və Güləndam”) dastan-poemadırlar. Nizami əsərlərinin daha tez qəlbə yol tapmasının birinci cəhəti budur.
Bu tarixi yaradıcılıq təcrübəsindən istifadə və Nizaminin yaradıcılıq yolunu intixab edərək böyük bəstəkarımız Üzeyir Hacıbəyov da “Leyli və Məcnun”, “Koroğlu” və “Əsli və Kərəm” kimi dastan-operalar yaratmışdır. Görürsünüzmü, Keyxosrovun nəslindən olan Firdovsi xalqının tarixi keçmişini yaşayır. Əfrasyab nəslindən olan Turan övladı Nizami isə torpağının zənginliklərini, faunasını və florasını əsərlərində canlandırır. Buna misal olaraq “Ərəşin oxu” adlı əfsanəyə nəzər yetirək:
Bir neçə il idi ki, İranla Turan arasında müharibə gedirdi. Bu müharibədə İran qalib gəldi. Bundan sonra sülh sazişi bağlandı. Turan bildirdi ki, əldə etdiyiniz xəzinələr, dəfinələr, qənimətlər sizin olsun. Ancaq Turan torpaqlarını özümüzə qaytarın. İran tərəfi bildirdi ki, Rüstəm-Zala bərabər ortaya bir pəhləvan çıxarın, qoy uca dağın başına çıxıb bir ox atsın. Ox nə qədər uzağa düşərsə, o qədər də torpaq da sizindi.
Turanlılar öz cəsur pəhləvanları Ərəşi axtara-axtara gəlib bir mağarada tapdılar. Ərəş əyninə pələng dərisi geymişdi. O, bu xəbəri eşidən kimi qoşun əhlinin yanına gəldi. Ərəş çatan kimi əynindən pələng dərisini çıxardı, mərmər kimi bədənini göstərib dedi ki, yetmiş il döyüşmüşəm, bədənimə bir ox ucu dəyməyib, heç kəsin atı atımı, oxu oxumu keçməyib. Turanlılar ondan soruşdular ki, bir oxla heç olmasa Turan torpağının yarısını qaytara biləcəksənmi?
Ərəş dedi:
- O mənim işimdi. Siz yalnız mənim məsləhətimə qulaq asın. Qırx atla indidən yola süvar olun. Mən çimib Savalan dağına müsəlləyə çıxacağam. Diqqətiniz məndə olsun. Dağın başından bir ox atacam, ox alov saça-saça gedəcək. Siz də alovun altı ilə atları çapa-çapa gedin. Üç gün yol gedəcəksiniz. Mənim oxum bir çinar ağacına sancılacaq. Oxun yeləyinin üstündə Ərəş yazılmış olacaq. Atlılar üç gün yol getdilər və Ərəşin oxunu gəlib Seyhunla Ceyhun arasında uca bir çinara sancılmış halda tapdılar. Bu, Turan torpağından nə bir qarış artıq, nə də bir qarış əskik idi.
Nizami öz əsərində Turan oğlu olan Ərəşi canı canından, qanı qanından olan doğma qəhrəman kimi təsvir edir. Hətta bu gün də Savalandan atılan ox Yevlax, Xaldan və Ağdaş ərazisindən keçdiyi üçün həmin ərazi Ərəş mahalı adlanır. Çaylarını, dağlarını, günəşli, aylı, ulduzlu səmasını, eyni zamanda, bunlarla bağlı xalqının uydurub yaratdığı əsatir, əfsanə və rəvayətlərini əsərlərində canlandırır. Bu baxımdan yanaşsaq deyə bilərik ki, Nizami əsərləri dahi şair tərəfindən yazıya alınmış folklor külliyatıdır.
Azərbaycan folklorunun mənzərəsini gözönünə gətirdikdə Nizaminin sahili görünməyən okeana bənzəyən əsərlərini görürük. Azərbaycan folkloruna baxdıqca isə Nizamini görürük. Bunlar bir-birinə o qədər doğmadır ki, onları ayırmaq, əti sümükdən ayırmaq kimidir. Bax, indi hər birimiz üçün aydın olurmu ki, Nizami xalqının zəngin folklorunu toplayıb, onu gələcəyin sahibi olan gəncliyə çatdırmaq istəyir. Azərbaycan folklorunda nə yoxdur?
Nizami öz əsərlərində bayram mərasimlərinə xüsusi əhəmiyyət verir. Nizami öz əsərində Makedoniyalı İsgəndəri Azərbaycana gətirir. Nizaminin təbirincə desək, “Yazı da, qışı da gül-çiçək” olan Bərdəyə İsgəndər Novruz bayramında gəlir. Küçələrdə yandırılan Novruz tonqalları İsgəndəri heyrətə gətirir. Amazon qadınlarının əllərində zopa, ucu şiş nizə əvəzi ağaclar İsgəndərə bir möcüzə kimi görünür. Nizam dəstəylə keçən Amazon qadınları hökmdarı vahimələndirir.
Nüşabənin bayram süfrəsi şirniyyatla, qoğalarla və başqa nemətlərlə doludur. Bir yanda fəsəli, bir yanda qatlama...Süfrə rəngarəng nemətlərlə doludur. Nüşabə bu nemətləri kənara çəkib İsgəndərin qabağına bir kasa qızıl qoyur və deyir:
- Hörmətli hökmdar, siz də yeməyə başlayın.
İsgəndər deyir:
- Qızıl yeyilməz.
Nüşabə cavabında:
- Bir haldakı qızıl yeyilməz, bu qızıldan ötrü döyüşüb şəhərləri xarabazara çevirmək, cavan oğlanları nakam məhv etmək, qızları əli xınalı, gözü yaşlı qoymağa dəyərmi?-deyir.
Döyüşçüləri İsgəndəri başa salırlar ki, buradan tez getmək lazımdır. İsgəndər Nüşabənin mənəvi gücü qarşısında təslim olur. Nəinki Azərbaycanı beləcə tərk edir, hətta “Dirilik çeşməsi”ndən içməyə də həsrət qalır. Nizami İsgəndərin yönünü Şirvana yox, Sibirə tərəf döndərir.
Nizaminin öz əsərində Amazon qadınlarının məişətindən, döyüşlərindən bəhs etməsi təsadüfi deyildir. Bərdənin yaxın ərazisindən keçən Tərtər çayı, onun yuxarılarında Sərsəng qayaları və yanındakı meşələr Amazon qadınlarına məxsusdur. Amazonların qərargahları Nüşabənin sarayına yaxın Bərdədəki Torpaq qalasıdır. Amazonların bir qütbü Azərbaycanda, o biri qütbü isə Amerika qitəsindəki Amazon çayıdır. Bu əfsanə “Azərbaycan türklərinin xalq rəvayətləri” kitabında öz əksini tapmışdır.1
Azərbaycanda Amazon qadınları haqqında əfsanə və rəvayətlər boldur. Lakin son mərhələdə Pəri qızları Amazonları əvəz edir. Pəri qızları yazılı abidələrimizdən “Kitabi-Dədə Qorqud”un Təpəgöz boyunda, “Şah İsmayıl və Gülzar” dastanında qeyri-bəşəri obraz kimi iştirak edirlər. Xalqın mifoloji görüşləri, inancları, totemləri, müqəddəs kultları və toponimləri eyni şəkildə Azərbaycan xalq yaradıcılığında və Nizaminin “Xəmsə”sində yaşayır.
“Gəncənin səsi” qəzeti,
29 sentyabr, 2012-ci il.
Sədnik Paşa Pirsultanlı,
Filologiya elmləri doktoru, professor.
AZƏRBAYCAN XALQ DASTANLARI NİZAMİ GƏNCƏVİ VƏ
ÜZEYİR HACIBƏYLİ YARADICILIĞINDA
Tədqiqatçılar qeyd edirlər ki, dastan yazılmamış tarixdir. Mənə görə tarixə yoldaşlıq edən dastan folklorun iri həcmli epik-lirik növünə daxil olan və xalqın dildə, ağızda söylənən, ürəklərdə yaşayan ən canlı tarixidir. Dastanların hər birisi ölməz bir abidədir. Dastanların tarixi əhəmiyyətini izah etmək üçün dahi şairimiz Nizami Gəncəvinin və böyük bəstəkarımız Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət etmək buna əyani sübut ola bilər.
Nizaminin “Xosrov və Şirin” poemasında söylədiyi fikirlər dastanın hansı qüdrətə malik olduğunu təsəvvür etməyə və gözəl nəticələr əldə etməyə bir örnək ola bilər. Nizami “Xosrov və Şirin”-i qələmə alarkən Bərdə qocalarından maraqlı bir dastan eşitdiyini və bundan sonra “Xosrov və Şirin” poemasını qələmə aldığını söyləyir:
Bundan əvvəl Nizami “Sirlər Xəzinəsi”(məxzənül-əsrar) əsərini yazmışdır. Lakin “Sirlər Xəzinəsi” poema deyildir. “Sirlər Xəzinəsi” epik planda işlənmiş hekayətlərdən və şairin qeyd etdiyi kimi 20 məqalətdən ibarətdir. Bu nöqteyi nəzərdən yanaşdıqda Nizaminin “Xosrov və Şirin” poeması xalq dastanı əsasında yaranmış bir poemadır. Nizami “Xosrov və Şirin” poemasını yazarkən öz əsərində bütün dastan ənənələrini qoruyub saxlamışdır. Bizə görə, bu dastanın adı “Xosrov və Şirindir”.
Xosrov adı Firdovsinin qələmə aldığı “Xosrov və Şirin” hekayəti poemaya əlavə edilmişdir. Nizami poemasında xalq dastanımızda püxtələşmiş Məhinbanu, Fərhad və Şirin obrazları öz varlıqlarını dastan həyatlarını qoruyub saxlaya bilmişlər. Məlumdur ki, Məhinbanunun əsatiri adı Şamramatadır. Hətta Şamramatanın əri ölür. Şamramata Zəngibaba adı ilə onu quşların qanadında uca bir dağın zirvəsində dəfn edir. Əfsanəyə görə Şamramatanın üzündəki gözəlliklər bir zaman Şirinin üzünə köçürülür. Hətta, Nizami Bərdədə eşitdiyi dastandakı aşıq vücudnaməsini də poemasına gətirmişdir. “Xosrov və Şirin” dastanında qəhrəmanın 10 yaşından 100 yaşına qədər keçirdiyi fizioloji, psixoloji hallar etab-etab poemada təsvir olunur. Nizaminin “Xosrov və Şirin” poemasını, hazır dastan sujetindən, onun motivlərindən yaradıcılıqla istifadə edildiyi üçün bu poemanı öz tipinə görə “dastan-poema” adlandırırıq. Hətta “Xosrov və Şirin” poemasında Nizami bir çox muğam havaları ilə yanaşı “Novruzi” saz havasından da bəhs edir ki, həmin hava indiki “Yanıq Kərəmi” havasının ilkin nümunəsidir.
Nizami ikinci dəfə olaraq “Leyli və Məcnun” poemasını yazarkən xalq dastanına müraciət etmişdir. Nizami bu poemanı yazarkən ərəb mənbələrindəki məlumatlar, Azərbaycan xalq əfsanələrindəki “Qanlı göl” və “Pərvanə” əfsanələri kifayət etməmişdir. Nizami aşıqlar tərəfindən yaradılmış əski “Leyli və Məcnun” dastanından istifadə etmişdir. Şirvanşah Axsitan Nizamiyə “Leyli və Məcnun” poemasını yazmağı təsadüfən sifariş verməmişdir. Görünür, Yunis Əmrənin XIII əsrdəki müasiri Şirvanlı Molla Qasımdan əvvəl bu yerlərdə “Leyli və Məcnun” dastanını söyləyən, yayan, məşhurlaşdıran ozanlar, aşıqlar var imiş. Belə olmasa nə Şirvanlı Molla Qasım kimi dastan yaradıcısı yetişə bilməzdi, (“Molla Qasım və gürcü qızı” adlı dastanı mövcuddur) nə də “Leyli və Məcnun” kimi məşhur bir dastanın səsi-sədası Şirvanşah Axsitana çata bilməzdi. Həmin “Leyli və Məcnun” dastanının bir variantı xalqda bu gün də yaşamaqdadır və həmin dastan Nizaminin “El variantları” kitabına daxil edilmişdir.1
Qədim “Leyli və Məcnun” dastanında Məcnunu qoruyan və hamilik edən başı taclı bir ilandır.
Nizami əsərlərindəki nu yaradıcılıq ənənəsi özündən sonra da daha yeni, daha maraqlı şəkildə davam etmişdir.
Böyük bəstəkarımız Üzeyir Hacıbəyli yazılı mənbələrlə yanaşı, xalq dastanlarından da yaradıcı şəkildə istifadə etmişdir. “Leyli və Məcnun” dastanı, “Əsli və Kərəm”, “Koroğlu” dastanları Üzeyir Hacıbəyliyə poetik və melodik qaynaq kimi onun imkanlarını qat-qat artırmışdı. Üzeyir Hacıbəyovun özü qeyd edir ki, “Koroğlu” operasını yaradarkən mən başdan-başa “Koroğlu” dastanından istifadə etmişəm, bunun şeirlərindən və musiqisindən əzəmi dərəcədə faydalanmışam.
Deməli, Nizami xalq dastanlarımızdan faydalandığı kimi, Üzeyir Hacıbəyli də dastanlarımızın poetik və melodik imkanlarından faydalanaraq dastan-operalar yaratmışdır.
İki böyük sənətkarın - Nizami kimi dahi şairin, Üzeyir Hacıbəyli kimi böyük sənətkarn Azərbaycan xalq dastanlarından istifadə etmələri milli ənənələrimizi öz əsərlərində yaşatmaları dastanlarımızdakı hazır obrazı, öz əsərlərinə gətirmələri Azərbaycan dastanlarının qüdrətini, tarixi rolunu bir daha nümayiş etdirir. Tarixə yoldaşlıq edən dastanlarımızın əzəmətini göz önünə gətirir.
V.Q. Belinski yazır:
“Tarix həmişə hər xalqda olmuşdur. Tarixsiz xalq yoxdur və bu tarix bir xalqın yaradıcılığında əfsanə şəklində, başqasında nağıl, üçüncüsündə poema, (dastan-Sədnik Paşa Pirsultanlı) dördüncüsündə isə xronika şəklində olmuşdur”.2
Qaqauz folklorşünası N.V.Kidayş Pokrovskayanın yazdığı kimi “dastan geniş mənada epik janr əsəridir, o böyük həcmi, mürəkkəb quruluşu, içərisinə üzvi surətdə daxil olan janrların (epik nağıl, rəvayət, nəğmə, atalar sözləri, zərbül-məsəl, hərbə-zorba ustadnamə və. s.) müxtəlifliyinə görə başqa folklor növlərindən fərqlənir.3
Kidayşin dastan haqqında dedikləri bir daha sübut edir ki, az qala dastan xalq yaradıcılığı örnəklərini özündə cəmləşdirən və yaşadan epik-lirik əsərdir... Dastan məclislərdə söyləndiyi üçün xalqın dərsliyi şeir və musiqi rolunu oynayır. Bizim “Ozan aşıq sənətinin nəzəri məsələləri” adlı iri həcmli monoqrafiyamızda 100-dən artıq saz havası yazıya alınmışdır.4 Orada “sazın yüz möcüzəsi”5 adlı məqalədə qeyd olunur ki, hər bir dastanda ifa zamanı 5-10 saz havasından istifadə olunur. Lakin “Əsli və Kərəm” dastanı ilə 12, “Koroğlu” dastanı ilə 14 saz havası bağlıdır. Bu o deməkdir ki, məhəbbət və qəhrəmanlıq mövzusu dastan yaradıcılığında aparıcı rol oynamışdır. Böyük bəstəkarımız Üzeyir Hacıbəyli bunları dərindən duymuş, bu ilham dənizinə baş vurmuş və oradan qiymətli incilər çıxartmışdır. Biz təkcə iki böyük sənətkarın yaradıcılığına müraciət etdik. Dastan yaradıcılığının yazılı ədəbiyyatımıza və musiqimizə nə böyük təkanlar verdiyinin şahidi olmalıyıq. Əlbəttə bundan sonra biz dastanlarımızı bəstəkar yaradıcılığında, yazılı poeziyamızda, nəsrimizdə axtarmağımız yeni nəzəri əsərlərin meydana çıxmasına səbəb olacaqdır. Əlbəttə bu bir məruzədə dastan yaradıcılığının böyüklüyünü, qüdrətini və əzəmətini əhatə etmək olmaz.
“Pirsultan” jurnalı, №19, 2011.
SƏDNİK PAŞA PİRSULTANLI,
Gəncə Dövlət Universitetinin professoru,
filologiya elmləri doktoru
2 9 sentyabr 2012-ci ildə Nizami məqbərəsində keçirilən yubiley şənliyindən görüntülər
Dostları ilə paylaş: |