NORMATİV HÜQUQİ AKTLARDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, ONLARIN LƏĞV EDİLMƏSİ
Maddə 75. Normativ hüquqi aktlarda dəyişikliklər edilməsi
75.1. Ad və ya rəqəm dəyişiklikləri edildiyi hallar istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktda dəyişikliklər edə bilər.
75.2. Yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olaraq zəruri hallarda qüvvədə olan normativ hüquqi aktlarda onları qəbul etmiş orqan tərəfindən müvafiq dəyişikliklər edilir.
Maddə 76. Normativ hüquqi aktların ləğv edilməsi qaydası
76.1. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar və ya onların struktur elementləri (bölmələr, fəsillər, maddələr, hissələr və s.) ləğv edilməlidir.
76.2. Normativ hüquqi aktın ləğv edilməsi barədə həmin aktı qəbul etmiş orqan tərəfindən və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndi və 119-cu maddəsinin yeddinci abzası ilə müəyyən edilmiş qaydada ayrıca norma qəbul edilir.
Maddə 77. Yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahıları
77.1. Yeni normativ hüquqi aktın qəbul edilməsi zamanı bu Konstitusiya Qanununun 12.2-ci maddəsinin tələblərinə riayət olunmalıdır. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) sayı çox olduqda onların siyahıları həmin normativ hüquqi aktın əlavəsində əks edilə bilər.
77.2. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı olmadan layihələrinin hazırlanmasına yalnız bunun üçün bir ildən artıq müddət tələb edildikdə yol verilir. Bu halda müvafiq siyahının hazırlanması barədə tapşırıq hazırlanır və layihələrin normayaratma orqanına təqdim edilməsi müddəti müəyyən edilir.
XIV fəsil
Dostları ilə paylaş: |