Baharı axtarıram,
Fikirlərim dərbədər;
Bir qışlıq uzaqlıqdan
Bahar məni tərpədər.
Gəzirəm, ağ yollarda
Yaşıl bir gəliş itib,
Torpağın dodağından
Yaşıl bir gülüş itib.
Könlümə bahar düşüb,
Baharım min adlıdır,
Baharım od köynəkli,
Qaranquş qanadlıdır.
Oyanır sinəmdə ilham pərisi.
Mən oluram şeyriyyatın hərisi.
Oyatsın səhəri quşların səsi.
Yaman darıxmışam səninçün bahar.
Gəl ey bahar,qoy canlansın çöl-çəmən.
Baxçalara ətir saçsın yasəmən.
Ayrılıqdan saçlarıma düşüb dən.
Yaman darıxmışam səninçün bahar.
Bahar qoxur həm torpağım,çörəyim.
Yüngülləşir yük dolusu kürəyim.
Sən gələndə cavanlaşır ürəyim.
Yaman darıxmışam səninçün bahar.
Gəl ey bahar,hiss etdir nəfəsini.
Sındır qışın bu soyuq qəfəsini.
Oyandır sinəmdə eşq həvəsini.
Yaman darıxmışam səninçün bahar.
Sən,Gözəl Allahın gözəl çağısan.
Gözəlliyin zirvəsisən,dağısan.
Xəyallarımdakı arzu bağısan.
Yaman darıxmışam səninçün bahar.
Mən baharı sevirəm, bahar könül açandır!
Açılmış könüllərə, bahar şəfəq saçandır!
Bahar- yaşıl təbiət, bahar- quşların səsi!
Bahar- sevən könüldə məhəbbətin nəğməsi!
Bahar, bəlkə ürəkdə ilk sevgini oyadan,
Bahar, çölü-çəməni min bir rəngə boyadan...
Sevib-sevilənlərə, bütün fəsil bahardır,
Sevib-sevilənlərdə saf, təmiz düyğulardır...
Gəlişini bu fəslin, gözləmişəm haçandır,
Mən baharı sevirəm, bahar könül açandır!
Dostları ilə paylaş: |