3. Nukleoproteidlərin hidrolizi Nukleoproteidləri sulfat turşusu məhlulunda qaynatdıqda qismən hidroliz olunurlar. Hidroliz nəticəsində birinci növbədə sadə zülal və nuklein turşuları alınır. Sadə zülal özlüyündə qismən hidroliz olunur. Nuklein turşuları isə əvvəlcə mononukleotidlərə və bunlar da sonra öz tərkib hissələrinə – purin və pirimidin əsaslarına, fosfat turşusuna və pentozaya parçalanırlar. Hidroliz nəticəsində alınan son məhsullar xüsusi reaksiyalarla təyin edilir.
Təcrübənin gedişi. Hidroliz kolbasına alınmış nukleoproteid və 15-20 ml 5%-li sulfat turşusu tökülərək, ağzı deşiyi olan tıxacla bağlanır. Tıxacın deşiyi vasitəsilə kolba soyuducu ilə əlaqələndirilir. Soyuducu kolba ilə elə birləşdirilir ki, qızdırdıqda kolbadan çıxan buxar soyuducuda mayeləşdikdə, yenidən geriyə kolbaya tökülsün. Belə düzəldilmiş kolbada qarışıq 1 saat qaynadılır. Sonra hidrolizat soyudulur və süzülür. Hidrolizatda zülalın, pentozanın, purin əsaslarının və fosfat turşusunun varlığı yoxlanır.
Zülalın təyini Sınaq şüşəsinə 1 ml hidrolizat töküb biuret sınağı aparılır (zülali maddələrin vəsfi təhlili reaksiyalarına baxın).