Şəfaət haqqında bir bəhs:
◘Şəfaət sözü “şəf” sözündən olub “cüt” deməkdir. Yəni iman, təqva və əməl mayası olanlar qiyamət günü çətinliyə düşdükdə onların mayasına bir lütf əlavə olunur. İlahi övliyaların lütfü ilə cütləşmə nəticəsində bəndələr Allahın qəhrindən və qəzəbindən nicat tapırlar. Ona görə də şəfaət yalnız təlaş edən insanlara nəsib olur. Bu çalışqan insanlar yolda qaldıqlarından onları müşayiət edəsi bir qüdrətə ehtiyac duyurlar.
◘Quranda təqribən otuz ayə şəfaət haqqındadır. Bu ayələr bir neçə qismə bölünür:
1. Şəfaəti inkar edən ayələr. Məsələn: “Müamilə, dostluq və şəfaətin olmayacağı bir gün...”4 (Qeyd)
2. Şəfaətin Allaha məxsus olduğunu bildirən ayələr. Məsələn: “Ondan savay heç bir yardımçı və şəfaət edən yoxdur.”5 (Qeyd)
3. Yalnız Allahın izni ilə başqalarının şəfaətini mümkün sayan ayələr. Məsələn: “Onun yanında kim şəfaət edə bilər? Yalnız Onun izni ilə!6 (Qeyd)
4. Şəfaət olunanlar üçün şərtləri sayan ayələr. Məsələn:
a) Şəfaət Allahın razılığını qazanmış insan üçündür.7 (Qeyd)
b) Zalımlar üçün dost və şəfaətçi yoxdur.8 (Qeyd)
v) Mələklər iman gətirmiş kəslər üçün dua və istiğfar edirlər.9 (Qeyd)
Yuxarıdakı ayələri nəzərdən keçirdikdə aydın olur ki, şəfaət qeyd-şərtsiz deyil. Şəfaət Allahın icazə və iznindən asılıdır. Şəfaət olunan şəxsdə müəyyən şərtlər olmalıdır. Bir şəxsdə şəfaət şərtləri ödənməmişdirsə, hətta peyğəmbərin arvadı da olmuş olsa, şəfaət olunası deyil. Çünki həzrət Nuhun, həzrət Lutun zövcələri öz günahlarına görə şəfaətə müvəffəq olmadılar.10 (Qeyd)
Beləcə, insanı Allahın övliyalarına çatdıran şəfaət faydalıdır. İnsanı ümidsizlikdən qurtara bilən şəfaət səmərə verər. Yox, əgər şəfaətə inam insanda günah cürəti yaradırsa, bu şəfaət heç vaxt qəbul oluna bilməz. Məsələn, məsihilər inanırlar ki, İsa onların günahlarının bağışlanması üçün fəda oldu.
Sual: Məgər Allahın övliyalarının şəfaəti onların Allah iradəsi qarşısında dayanmaları deyilmi? Məgər peyğəmbər Allahın əzab vermək istədiyi kəsə şəfaət verməklə Allahın istəyinin qarşısını almırmı?
Cavab: Günahkarların cəzalandırılması da, övliyalara şəfaət icazəsi verilməsi də Allahın istək və iradəsidir. Ona görə də ilahi övliyaların şəfaəti Allahın iradəsinə zidd sayılmır.
Dostları ilə paylaş: |