◘Allah bu ayədə Bəni-İsraili məzəmmət edir ki, onlar etdikləri əhdə baxmayaraq bir-birlərini öldürdülər, bir-birlərini məmləkətlərindən xaric etdilər. Onlar sağlam ailə əlaqələri və məhrumlara əl tutmaq əsasında vahid cəmiyyət yaratmağa vəzifəli olduqları halda, günah və başqalarının haqqına təcavüzdə əl-ələ verib cəmiyyətdə hərc-mərclik, təfriqə yaratdılar, qan tökülməsinə rəvac verdilər. Onların himayəsi ilə zalım hakimlər qətl və sürgünlərə cürət etdi. Təəccüblü budur ki, bu adamlar uyğun didişmələrdə əsir düşdükdə Tövratın hökmünə əsasən fidyə ödəyib onu azad etdilər. Hansı ki, onlar Tövratın qətl, sürgün haqqındakı hökmlərini qulaq ardına vurdular. Onlar bir-birini öldürməyə hazır ikən, bir-birinin əsiri olmağa razı deyildilər. Əgər əsirlik pis idisə, öldürmək ondan da pis idi. Əgər Tövrat fidyə verməklə əsirlərin azad olunmasını əmr edirdisə, qətli və sürgünü qadağan edirdi. Bəli, onlar əslində Allahın əmrinə təslim olmamışdılar. Hər yerdə öz istəklərinə uyğun gələn ilahi ayələri öz səliqələri ilə qəbul edirdilər. Harada ki ilahi hökmlər onların istəyi ilə uyuşmurdu, həmin hökmü ayaq altına alırdılar.
◘Bu ayədə dinin bir hissəsinin qəbul olunmasının və digər bir hissəsinin kənara qoyulmasının necəliyi haqqında xəbərdarlıq olunur. Fərdi vəzifələrinə əməl edib ictimai vəzifələrinə biganə qalan insan dünyada zəlillik, qiyamətdə əzab intizarında olmalıdır. Bir çoxları namaz və orucun şərtlərini və hökmlərini yerinə yetirdikləri halda, hakim və hökumətə münasibətdə özlərini vəzifəli bilmirlər.
Dostları ilə paylaş: |