◘Rəvayətlərdən məlum olur ki, həzrət Süleyman azğınlıqların və ya sui-istifadənin qarşısını almaq üçün sehrbazların (sahirlərin) vərəqlərinin toplanıb saxlanılmasını əmr etdi. Amma onun vəfatından sonra bəziləri bu vərəqləri əldə edib, onun təlimi və xalq arasında yayılması ilə məşğul oldular. Onlar hətta Həzrət Süleymanın möcüzələrini də sehr kimi tanıtdırıb, onun peyğəmbərliyini inkar etdilər. Bəni-İsraildən də bir dəstəsi Tövrata itaət etmək əvəzinə sehr-cadu arxasınca getdi. Bu baxış o qədər genişlənmişdi ki, hətta İslam peyğəmbərinin (s) dövründəki yəhudilər də həzrət Süleymanı peyğəmbər kimi yox, sehrbaz kimi tanıyırdılar.
Ayə Tövratdan üz döndərmə günahı və azğınlığını, sehr təliminə məşğul olan şeytanlara itaəti təsvir edir. Yəhudilər Tövrat əvəzinə Süleyman dövründə şeytanların xalqa öyrətdiklərini oxuyur və ona itaət edirdilər. Onlar öz işlərinə don geyindirmək üçün Süleymanı sehrdə ittiham edirdilər. Hansı ki, Süleyman ilahi bir insan, onun işi isə möcüzə idi. Şeytanlar isə ona qarşı çıxır və sehrə əl atırdılar.
Deyilənlərdən əlavə, yəhudilər digər sehr mənbələrinə də yol tapdılar. Allah Harut və Marut adlı iki mələyi Babil şəhərinə insan surətində göndərib xalqa sehr-cadunu aradan qaldırmaq yolunu öyrətmək istədi. Amma bundan ötrü əvvəlcə onları sehrlə tanış etmək lazım gəlirdi. Çünki insan bir şeyin kimyəvi tərkibini bilmədən onu məhv etməyi bacarmır. Ona görə də mələklər əvvəlcə sehr yolunu, sonra isə sehri aradan qaldırmaq yolunu öyrədirdilər. Onlar şagirdlərinə bunu öyrətməzdən qabaq şərt kəsdilər ki, ondan sui-istifadə etməsinlər. Dedilər: Bu iş fitnə və sınaq mayasıdır. Eləcə də insanlar ondan özlərini məhv etmək üçün istifadə etməməlidirlər. Amma yəhudilər bu bilikdən sui-istifadə edib, ondan pis yolda bəhrələndilər. Hətta ərlə arvad arasında ayrılıq salmaq üçün bu yoldan istifadə etdilər.
◘Quran burada maraqlı və düşündürücü bir nöqtəni xatırladır. Buyurulur ki, sehr elminə malik olan sahir Allahın qüdrət dairəsindən xaric deyil. O, Allahın iradəsi olmadan bir iş görə bilməz, kimsəyə zərər toxundurmağı bacarmaz. Amma Allah hər bir şey üçün təsir müəyyənləşdirdiyindən sehr-cadunun da mənfi təsirləri ola bilər. Onun mənfi təsirlərindən biri də ailə rabitələrinin qırılmasıdır.
Dostları ilə paylaş: |