◘İslamdan qabaq ərəblər arasında dörd ayın xüsusi hörməti vardı. Bu aylarda savaş haram və qadağan idi. Bu aylardan üçü ardıcıl gələn zil-qədə, zil-hiccə və məhərrəm ayları idi. Digər bir ay isə rəcəb ayı idi. Hətta zil-qədə ayının belə adlandırılmasının bir səbəbi kimi bu ayda savaşmayıb, oturmağın zəruri olduğu bildirilir.
İslam bu ənənəni qəbul etdi və ildə dörd aylıq atəşkəs elan etdi. Amma düşmən daim fürsətlərdən sui-istifadə etmək üçün pusqudadır. Onlar belə düşünə bilərdilər ki, müsəlmanlar bu ayları atəşkəs ayı saydıqlarından onlara hücum etmək münasib olsun. Ayədə buyuruldu: “Əgər müxaliflər bu dörd ayda hücum etsələr, siz də onlarla baş-başa gəlin, həmin aylarda onlarla savaşın. Haram ay qarşısında haram ay qərar verin. Çünki müsəlmanların qanının və İslam nizamının qorunmasının hörməti bu ayların hörmətindən çoxdur. Bu hörməti sındıranların hər birindən qisas alınmalıdır. Sonra külli bir qanun olaraq buyurulur: Hər kəs sizə təcavüz etdi, həmin miqdarda ona cavab verin. Təqvalı olmaq, qisasda həddi aşmamaq tapşırılır. Bilin ki, Allah təqvalılarladır.
◘“Məcməul-bəyan”ın müəllifi bu ayə ilə bağlı deyir: “Bu ayəyə əsaslanaraq qəsb haqqında da nəticə çıxarmaq olar. Yəni qəsbkarın malından haqqı götürmək olar.”
Dostları ilə paylaş: |