“HƏMD” SURƏSİ (Ayələrin sayı 7) “Həmd” surəsinin siması
Digər bir adı “Fatihətul-kitab” olan “Həmd” surəsinin yeddi ayəsi var. (Səma qatlarının, həftənin günlərinin, Kəbə ətrafında təvaf dövrlərinin, Səfa və Mərvə arasındakı səylərin, şeytana atılan daşların da sayı yeddidir.) Hər bir müsəlmana vacibdir ki, gündəlik (yövmiyyə) namazlarında ən azı on dəfə bu surəni oxusun. Əks təqdirdə, namaz batildir. Hədisdə buyurulur: “Fatihətul-kitabsız namaz yoxdur.”1 (Qeyd)
Cabir ibn Abdullah Ənsarinin həzrət Peyğəmbərdən (s) rəvayətinə görə, bu surə Quranın ən dəyərli surələrindəndir. İbn Abbasın nəql etdiyinə görə “Həmd” surəsi Quranın əsasıdır. Bir hədisdə isə belə nəql olunur: “Əgər bu surəni ölüyə yetmiş dəfə oxusanız və o dirilsə, təəccüb etməyin.”2 (Qeyd)
Surənin “Fatihətul-kitab” adlandırılmasından məlum olur ki, Quranın bütün ayələri Allah rəsulunun zamanında toplanılmış və kitab şəklinə gətirilmişdir. Onun əmri ilə “Həmd” surəsi ilahi kitabın başlanğıcında yerləşdirilmişdir.
“Səqəleyn” hədisində oxuyuruq ki, Peyğəmbər (s) buyurdu: “Mən sizin aranızda iki qiymətli şey qoyuram: Allahın kitabı və Əhli-beytim.”3 (Qeyd)İlahi ayələrin peyğəmbər zamanında Allahın kitabı şəklində toplanması və bu adla müsəlmanlar arasında tanınması yuxarıdakı hədisdən də görünür.
Mübarək “Fatihə” surəsinin ayələrində Allah və Onun sifətlərinə, məad məsələsinə, doğru yolun və bu yolda rəhbərin tanınması Allahın hakimiyyətinin və səltənətinin qəbulu mövzularına işarə olunur. Eləcə də, ilahi övliyaların yolunun davamına məhəbbət və azğınların, qəzəbə düçar olmuşların yolundan imtina izhar olunur.
Quran kimi “Həmd” surəsi də şəfa səbəbidir. Bu surə həm cismani, həm də ruhani xəstəliklərin məlhəmidir. (Əllamə Əmini “Fatihətul-kitab” təfsirində bu barədə xeyli rəvayət nəql etmişdir.)
Dostları ilə paylaş: |