◘Məkkə müşrikləri Kəbəni bütxanaya çevirdiklərindən həzrət Peyğəmbər və müsəlmanlar besətdən sonrakı on üç il ərzində üzü Kəbəyə namaz qılmadılar. Əgər onlar üzü Kəbəyə namaz qılsaydılar, belə görünərdi ki, onlar da bütləri möhtərəm sayırlar. Amma Mədinəyə hicrətdən sonra bir neçə ay keçməmiş yəhudilər etiraz edib müsəlmanları təhqir etdilər və dedilər: Siz bizim qibləmiz Beytül-Müqəddəsə doğru namaz qılırsınız, ona görə də istiqlalınız yoxdur və bizim ardıcılımızsınız. Peyğəmbər (s) bu böhtanlardan narahat oldu və dua zamanı üzünü səmaya tutdu. Həzrət qiblənin dəyişməsi haqqında sanki vəhyin nazil olması intizarında idi. Peyğəmbər (s) üzü Beytül-Müqəddəsə iki rəkət namaz qılmışdı ki, Cəbrail nazil oldu və peyğəmbərin qolundan tutub onun üzünü Kəbəyə doğru çevirdi. Nəticədə Peyğəmbər (s) bir namazı iki qibləyə doğru qılmış oldu. Hazırda Mədinədəki həmin yer “qiblətəyn” məscidi (iki qiblə məscidi) kimi tanınır.1 (Qeyd)
Bu əhvalatdan sonra yəhudilər narahat oldular və öz adətləri üzrə xırdaçılığa başladılar. Dünənədək müsəlmanların istiqlaldan məhrum olduğunu, onların ardınca gəldiyini deyən yəhudilər indi soruşurdular ki, nə üçün qədim peyğəmbərlərin qibləsindən üz döndərilmişdir? Həzrət Peyğəmbərə əmr olundu ki, onlara cavab versin: Şərq də, qərb də Allahındır və Allahın xüsusi məkanı yoxdur!
Bəli, qiblənin dəyişməsi Allahın hikmət nişanəsidir. Bunu zəiflik və cəhalət saymaq olmaz. Yaranış nizamında fəsillərin dəyişməsi də tədbir nişanəsidir. Hər hansı dəyişikliyi zəiflik və peşmanlıq saymaq olmaz.
◘Allahın hər yerdə hüzuru var. Şərq də, qərb də onundur. Üzün Kəbəyə tutulması qəlbin Allaha doğru olmasının rəmzidir. Bir çoxları üzlərini Kəbəyə tutduqları halda qəlbləri başqa bir cəhətə yönəlir. Necə ki, Xacə Abdullah Ənsari deyir:
Şahların qibləsi şöhrət, taxt-tac, Ərbabın qibləsi nəfsinə əlac.
Surətə uyanın qibləsi su, gil, Məna gəzənlərin qibləsi könül.
Qarınquluların qibləsi kabab, İnsanın qibləsi bilik, söz, cavab.
Aşiqin qibləsi zavalsız vüsal, Arifin qibləsi zülcəlal kamal.
Dostları ilə paylaş: |