◘“İyla” sözü cinsi yaxınlığın tərk edilməsi barədə içilən and mənasını daşıyır. Cahiliyyət dövründə bəzi kişilər öz zövcələrini sıxıntıya salmaq, onları incitmək məqsədi ilə belə edərdilər. Onlar yaxşı ər deyildilər və qadınlarını boşamaqla azad etmirdilər. Bu ayə kişilərə dörd ay möhlət verir ki, öz zövcələri ilə münasibətlərini müəyyənləşdirsinlər. Ya andlarından geri dönsünlər, ya da talaq verib arvadlarını azad etsinlər. Əlbəttə ki, bu dörd ay müddət yersiz anda hörmət mənasını daşımır. Səbəb budur ki, adi şəraitdə heç bir kişi yaxınlığı dörd aydan çox tərk edə bilməz.