Nöqtələr
●Bəhanə axtaranlar hər an yeni bir bəhanə tapırlar. Bəzən deyirlər ki, nə üçün bizə vəhy gəlməyib? Bəzən soruşurlar ki, nə üçün vəhy mələyini görmürük, nə üçün peyğəmbərin var-dövləti, taxt-tacı yoxdur? Bəzən də irad tuturlar ki, nə üçün Quran birdəfəyə nazil olmayıb?
Halbuki Quran iki şəkildə nazil olmuşdur: mübarək «Qədr» gecəsində Peyğəmbərin (s) qəlbinə birdəfəyə göndəriş, iyirmi üç il ərzində müxtəlif münasibətlərlə tədrici göndəriş.
Quranın tədricən nazil edilməsinin əsər və dəlilləri:
1. Tədrici nazil olma həzrət Peyğəmbərlə (s) vəhy qaynağı arasında daimi rabitə və həzrətin qəlbinin möhkəmlənmə amilidir. Bu tədricilikdən aydın olur ki, risalət (peyğəmbərlik) davamı olmayan qığılcım deyil.
2. Canlı və kompleks din günün hadisələri ilə güclü rabitədə olur. Hadisələr isə birdəfəyə yox, tədricən baş verir.
3. Xalqın bütün əmr və qadağalara birdəfəyə əməl etməsi çətin idi və sıxıntıya səbəb ola bilərdi.
4. Quranın hər surə və hər ayəsi təklikdə möcüzədir. Tədrici göndəriş möcüzələrin ardıcıl göndərişi kimi idi və hər möcüzə düşmənlərin sıxıntıları qarşısında Peyğəmbərin (s) qəlbi üçün təsəlli olurdu.
5. Hər ayənin ehtiyac əsasında nazil olması ilə bütün ayələrin ehtiyaclar nəzərə alınmadan nazil olması arasında böyük fərq var.
6. Bəzi ayələr xalqın suallarına cavab olur. Demək, öncə sual bəyan olunmalıdır, sonra cavab olaraq ayə nazil olmalıdır.
7. Bəzi ayələr və hökmlər müəyyən bir müddət üçün nazil olmuşdur. Bu səbəbdən də onları əvəz edən ayələr gəlməlidir.
Dostları ilə paylaş: |