●“Hulum” və “ehtilam” dedikdə yuxuda cünub olmaq (insandan sperma xaric olması) başa düşülür. Bu hal büluğ həddinin nişanələrindəndir. Qızların və oğlanların büluğ nişanələri fərqlidir və bu nişanələr risalələrdə bəyan olunmuşdur.
Bildirişlər
1. Ehtilam (yuxuda məni xaric olması) şəri büluğa çatma sərhəddidir.
2. Böyüklər və ətrafdakılar gənclər üçün nümunədirlər.
3. Övladlarınızı öz əməllərinizlə tərbiyə edin.
4. Övladlarınızın tərbiyəsində canlı nümunələrdən istifadə edin.
5. Abır-həya, iffətin qorunması istiqamətində müəyyənləşmiş ilahi göstərişlər agahlıq və hikmətə əsaslanır.
Ayə 60:
﴿وَالْقَوَاعِدُ مِنَ النِّسَاء اللَّاتِي لَا يَرْجُونَ نِكَاحًا فَلَيْسَ عَلَيْهِنَّ جُنَاحٌ أَن يَضَعْنَ ثِيَابَهُنَّ غَيْرَ مُتَبَرِّجَاتٍ بِزِينَةٍ وَأَن يَسْتَعْفِفْنَ خَيْرٌ لَّهُنَّ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ﴾
“Ərə getmək ümidi olmayan yaşlı qadınlar zinətlərini göstərmədən örtüklərini yerə qoya bilərlər. İffətli olmaları isə onlar üçün daha yaxşıdır. Allah eşidən və biləndir.”
Nöqtələr
●Quran ayələrindən məlum olur ki, hicab məsələsində meyar ehtirasın alovlanmasıdır. Çünki yalnız aşağıdakı hallar istisna olunmuşdur:
–Şəhvəti olmayan kəs;1
–Şəhvətlə bağlı biliyi olmayan uşaq;
–Həyat yoldaşınızla olduğunuz vaxt;2
–Ərə getməyə ümidi olmayan qadınlar.
Demək, söhbət cinsi ehtirasın alovlanmasından və günahdan gedir. Əgər ən güzəştli hicab günahın qarşısını almırsa, qadınlar hicaba ciddi əməl etməlidirlər.
●Ayədə nəzərdə tutulmur ki, yaşlı qadınlar tamamilə hicabsız olsun. Söhbət yalnız çarşab kimi üst libasdan gedir. İmam Sadiq (ə) ayə haqqında buyurur: “Ayədə çılpaqlıq yox, üst örtüyün götürülməsi nəzərdə tutulur.”3
●Hicab məsələsi İslamın sabit və zəruri hökmlərindəndər. Hicabın necəliyi isə ehtirasa təsir dərəcəsi ilə müəyyənləşir. Hicab cinsi ehtirası qızışdırmamalı, iffəti hifz etməlidir.
Bildirişlər
1. İslam qanunları gerçəkliyə, zəruri ehtiyaca və ictimai imkanlara uyğundur. (Ərə getməyə meyli olmayan və bəzənməyən yaşlı qadınlar üçün məsələ asanlaşdırılır.)
2. İstər yaşlı, istər gənc qadınlar bər-bəzəklərini və zinətlərini göstərməməlidirlər.
3. Hicabın yüngülləşdirilməsi üçün yaşlı olmaq bəs etmir, həm də izdivaca meyl olmamalıdır.
4. Hicab iffətin hifzi səbəbidir.
5. Hicab qadınların xeyrinədir.
6. Libasın tikilişi, rəngi iffətə uyğun seçilsə yaxşıdır.
7. Azadlıq verməklə yanaşı xəbərdarlıq da lazımdır. (İlahi hökmün rahatlığından sui-istifadə etdikdə unudulmamalıdır ki, Allah eşidən və biləndir, müxaliflərlə hesab çəkir)
Ayə 61:
﴿لَيْسَ عَلَى الْأَعْمَى حَرَجٌ وَلَا عَلَى الْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى الْمَرِيضِ حَرَجٌ وَلَا عَلَى أَنفُسِكُمْ أَن تَأْكُلُوا مِن بُيُوتِكُمْ أَوْ بُيُوتِ آبَائِكُمْ أَوْ بُيُوتِ أُمَّهَاتِكُمْ أَوْ بُيُوتِ إِخْوَانِكُمْ أَوْ بُيُوتِ أَخَوَاتِكُمْ أَوْ بُيُوتِ أَعْمَامِكُمْ أَوْ بُيُوتِ عَمَّاتِكُمْ أَوْ بُيُوتِ أَخْوَالِكُمْ أَوْ بُيُوتِ خَالَاتِكُمْ أَوْ مَا مَلَكْتُم مَّفَاتِحَهُ أَوْ صَدِيقِكُمْ لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَأْكُلُوا جَمِيعًا أَوْ أَشْتَاتًا فَإِذَا دَخَلْتُم بُيُوتًا فَسَلِّمُوا عَلَى أَنفُسِكُمْ تَحِيَّةً مِّنْ عِندِ اللَّهِ مُبَارَكَةً طَيِّبَةً كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُون﴾
“Öz evlərinizdə, atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində açarı əlinizdə olan evlərdə, dostlarınızın evlərində kor, şikəst, xəstə şəxs və sizin özünüz üçün yemək yeməyin eybi yoxdur. Bir yerdə və ya ayrılıqda yemək də günah deyil. Evlərə daxil olduqda bir-birinizi salamlayın. Bu, ilahi bərəkət, mübarəklikdir. Allah öz ayələrini sizin üçün bu sayaq bəyan edir. Bəlkə düşünəsiniz.”
Nöqtələr
●İmam Baqir (ə) buyurur: “İslamdan öncə korların, şikəstlərin və xəstələrin sağlam insanlarla bir süfrə arxasında əyləşməyə haqqı yox idi. Ayədə adı çəkilən şəxslərə sağlamlarla bir yerdə oturmaq icazəsi verilir. Əlbəttə, onlar istəsələr ayrı da otura bilərlər.1 Bəli, cəmiyyətdə uyğun zümrənin şəxsiyyəti müdafiə olunmalıdır.
●Əlavə dəlillər olmazsa, ayədən belə görünə bilər ki, Allah korlar, şikəstlər və xəstələr üçün istənilən bir yerdə ehtiyacları olan qidadan yemək icazəsi vermişdir. Digərləri ilə yalnız sadalanmış hallarda süfrə arxasında otura bilərlər. (Belə bir nəticəni başqa bir yerdə görmədim. Əgər haqdırsa Allahdandır, batildirsə məndən!)
●Quran ümumi bir qanun bəyan edərək bildirir ki, kor, şikəst və xəstə fərdlər müəyyən yerlərdə qidalana bildiyi kimi, siz də ayədə göstərilən evlərdə süfrə arxasında otura bilərsiniz.
●Bu ayədə yalnız yaxın qohumların evləri sadalanır və qayınatanın, qayınananın, qayın və baldızın adı çəkilmir.
●Ayədə yalnız qidadan istifadə etmək nəzərdə tutulur. Digər şeylərdən istifadə etmək üçün icazə almaq lazımdır. İmam Sadiq (ə) buyurur: “Ayədə xurma, çörək və xuruş yemək nəzərdə tutulmuşdur.” Adı çəkilmiş on bir evdə yeyərkən israfa yol vermək olmaz.
●Ayədə zikr olunmuş hallarda ev sahibinin razılığından xəbərdar olmağımız yetər. Amma bəzən elə olur ki, sadalanan evlərdə süfrə arxasına oturmağımız razılıqla qarşılanmır. Məsələn, evdə olan hansısa qidanın süfrəyə gətirilməməsi narazılıq əlamətidir. Belə hallarda əl saxlamaq lazımdır.
●“Məcməül-bəyan” təfsirində oxuyuruq: “Ayənin ilkin hissəsi kor, şikəst və xəstələrin cihadda iştirakını üzürlü sayır. Ayənin növbəti hissəsi qidalanmaya aiddir.”
●İmam Baqir (ə) buyurur: “Bir şəxs müəyyən evə daxil olub ev əhlinə salam versə və ev əhli onun salamını alsa, bu salam özü üçündür.”
Bildirişlər
1. Başqalarını, xüsusi ilə məhrumları özümüzdən qabağa buraxaq.
2. İnsanın daxili hissləri hüquqi məsələlərə də təsir göstərir. (Qida ev sahibinin mülkü olsa da, İslam qohumluq əlaqələrini və daxili hissləri mülkiyyətdən üstün tutur.)
3. Həyat yoldaşı və övladın evi sizin öz evinizdir.1 (Ola bilsin ki, övladın evi ilə bağlı heç bir sual yaranmadığından onun adı qeyd olunmamışdır. Hədisdə oxuyuruq: “Sən və sənin malın atana məxsussunuz.”)
4. Məsrəf üçün möhkəm dəlillər və əqli yəqinlik bəs edir. (Məsələn, evin açarının verilməsi razılıq nişanəsidir)
5. İslamda dostun haqqı qohumun haqqı ilə yanaşı qeyd olunur. (Əflatundan soruşdular ki, qardaşını çox sevirsən, yoxsa dostunu? O dedi: “Mənə dost olan halda qardaşımı.”2
6. Salam evə daxil olmaq ədəbidir.
7. Salam səmavi, mübarək və könül oxşayan bir ədəbdir.
8. Salam həyatın xeyir-bərəkətli olmasına təsirlidir.
9. Ev əhli sizin üçün canınız yerindədir.
10. Vəzifə və hüquqlar Allah tərəfindən təyin olunmalıdır.
11. İlahi hökmlər haqqında düşünmək lazımdır.
Ayə 62:
﴿إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ وَإِذَا كَانُوا مَعَهُ عَلَى أَمْرٍ جَامِعٍ لَمْ يَذْهَبُوا حَتَّى يَسْتَأْذِنُوهُ إِنَّ الَّذِينَ يَسْتَأْذِنُونَكَ أُوْلَئِكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ فَإِذَا اسْتَأْذَنُوكَ لِبَعْضِ شَأْنِهِمْ فَأْذَن لِّمَن شِئْتَ مِنْهُمْ وَاسْتَغْفِرْ لَهُمُ اللَّهَ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ﴾
“Həqiqətən, möminlər yalnız o kəslərdir ki, Allah və Onun rəsuluna iman gətirmişlər, peyğəmbərlə müəyyən məsələdə bir araya gəldikdə ondan icazəsiz getməzlər. (Ey peyğəmbər,) Allah və Onun rəsuluna iman gətirənlər həmin icazə alanlardır. Əgər bəzi işlərdən ötrü səndən icazə istəsələr, istədiyin kəsə icazə ver və Allahdan onların bağışlanmasını dilə. Allah bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |