Bildirişlər
1. Peyğəmbərlərin güvənc yeri Allahdır.
2. Dua üçün ən yaxşı müraciət “Rəbb” müraciətidir.
3. Kafirlər və günahkarlar tezliklə peşman olacaqlar. (Vicdanlar bir gün oyanasıdır.)
4. Tarixin və keçmiş qövmlərin məhvinin bəyanı İslam Peyğəmbəri (s) üçün təsəlli, Məkkə kafirləri üçün xəbərdarlıq vasitəsidir.
5. Peyğəmbərlərin duası qəbuldur.
6. Allahın qəhr-qəzəbi Onun ədalətinə əsaslanır.
7. Peyğəmbərlərin müxalifləri üçün həm ruhi, həm fiziki, həm də Qiyamət əzabı nəzərdə tutulub.
8. Allahın qəhr-qəzəbi sarsıdıcıdır.
9. Sitəmkarları lənətləmək caizdir.
10. Bir ümmətin məhvindən sonra digərini yaratmaq Allahın sünnəsidir. (Tarixi təbəddülatlar Allahın hökmü altındadır.)
Ayə 43:
﴿مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ﴾
“Hər hansı ümmət öz əcəlindən nə önə keçə bilər, nə də arxaya qala bilər.”
Bildirişlər
1. Hər bir cəmiyyət və ümmət üçün xüsusi möhlət və hikmətə əsaslanan zaman bölgüsü var.
2. İlahi əzabın təxirə salınması sizi qürrələndirməsin.
3. İlahi proqramları fərdlərin hay-küyü dayandıra bilməz. Tarixə ilahi nizam hakimdir.
4. Tarixin sabit qanunları var.
Ayə 44:
﴿ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَا كُلَّ مَا جَاء أُمَّةً رَّسُولُهَا كَذَّبُوهُ فَأَتْبَعْنَا بَعْضَهُم بَعْضًا وَجَعَلْنَاهُمْ أَحَادِيثَ فَبُعْدًا لِّقَوْمٍ لَّا يُؤْمِنُونَ﴾
“Sonra ardıcıl olaraq peyğəmbərlərimizi göndərdik. Nə vaxt hər ümmətin peyğəmbəri öz qövmünün sorağına gəldisə, xalq onu təkzib etdi. Biz də həmin qövmü məhv etdik, onların ardınca başqa bir qövm gətirdik. Biz onları (ibrət olsun deyə) xalqın dilinə saldıq. İman gətirməyən qövm (Allahın rəhmətindən) uzaq olsun!”
Nöqtələr
●“Əhadis” dedikdə maraqla dinlənilən heyrətamiz dastanlar nəzərdə tutulur.
Bildirişlər
1. Ümmətlər üçün peyğəmbərlər göndərmək Allahın sünnəsidir. (Hər bir cəmiyyətin rəhbərə ehtiyacı var. Bəşəriyyət üçün təkcə düşüncə və elm bəs etmir. Bizə məsələlər vəhy yolu ilə aydınlaşmalıdır.)
2. Bütün peyğəmbərlər təkzib olundular.
3. Hər bir ümmətin öz rəsulu olmuşdur.
4. Haqqı təkzib etməyin sonu fəlakətdir.
5. Kafirləri lənətləmək olar.
6. Quran küfrünə xatir kafirləri lənətləyir.
7. Tarixi hadisələr Allahın iradəsi ilə gerçəkləşir. Azğın ümmətlərin məhvi lənət, nifrin nümunələrindəndir.
Ayə 45:
﴿ثُمَّ أَرْسَلْنَا مُوسَى وَأَخَاهُ هَارُونَ بِآيَاتِنَا وَسُلْطَانٍ مُّبِينٍ﴾
“Sonra Musa və qardaşı Harunu aşkar möcüzə və dəlillə yola saldıq”.
Ayə 46:
﴿إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا عَالِينَ﴾
”(Yola saldıq) Firon və onun qövmünün başçılarına doğru. Amma təkəbbür göstərdilər. Onlar özlərini üstün tutan qövm idilər”.
Nöqtələr
●“Sultan” sözü höccət və dəlil sözlərinin sinonimidir. Çünki insan elmi və əqli dəlillər yolu ilə başqalarının qəlbinə hakim olur.
Bildirişlər.
1. Bəzən təbliğ bir neçə nəfərlik qrup, ezam olunmuş heyət tərəfindən aparılmalıdır.
2. Din təbliğatçısı elmi dəlillərə istinad etməlidir.
3. Xalqın və ictimai quruluşun islahı üçün öncə tanınmış adamlara üz tutmaq lazımdır.
4. Zalım hakimlərin ətrafında olanlar onların hakimiyyətində mühüm rol oynayırlar.
Ayə 47:
﴿فَقَالُوا أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَابِدُونَ﴾
“(Musa və Harunun cavabında) dedilər: “Musa və Harunun qövmü bizə qul olduğu halda özümüz kimi bu iki insana imanmı gətirək?!”
Ayə 48:
﴿فَكَذَّبُوهُمَا فَكَانُوا مِنَ الْمُهْلَكِينَ﴾
“Həmin iki peyğəmbəri təkzib etdilər və məhv edilənlərdən oldular.”
Ayə 49:
﴿وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ لَعَلَّهُمْ يَهْتَدُونَ﴾
“Həqiqətən, Biz Musaya kitab verdik. Bəlkə (xalq bu yolla) hidayət ola.”
Bildirişlər
1. Musa və Harun Bəni-İsrail tayfasından idi. (Bəni-İsrail tayfası fironçuların qulu sayılırdı.)
2. Təkəbbür əhli məntiq və möcüzə əvəzinə insanların ictimai məqamını əsas götürür.
3. Millətçilik imperializm amilidir. (Fironçular özlərini Bəni-İsraildən üstün tayfa sayırdılar.)
4. Peyğəmbərlər möcüzə və dəlilə, zalım qüvvələr millətlərin istismarına əsaslanır.
5. həqiqətin təkzibi həlakətlə nəticələnir.
Ayə 50:
﴿وَجَعَلْنَا ابْنَ مَرْيَمَ وَأُمَّهُ آيَةً وَآوَيْنَاهُمَا إِلَى رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ﴾
“Biz Məryəm oğlu (İsa) və onun anasını möcüzə qərar verdik. O iki nəfərə əmin-aman və şirin suyu olan uca bir məkanda yer verdik.”
Nöqtələr
●“Məin” sözü yer üzü ilə axan su mənasını bildirir.
●Allah bu surədə İsa və Məryəmi bir ayə ünvanında yada salır. Gecə və gündüz haqqında isə belə buyurulur: “Gecə və gündüz iki ayədir.”1 Bunun səbəbi İsanın atasız dünyaya gəlişi, Məryəmin ərsiz doğuşudur.
●Bəs İsa və onun anasının yerləşdirildiyi axar suyu olan uca məkan haradır? Bu barədə müxtəlif fikirlər var:
a) “Rəbvə” Kufəyə, “zati qərar” Kufə məscidinə, “məin” Fərat suyuna işarədir. Bu çay Kufədə daim axmaqdadır.2
b) Nəzərdə tutulan Şamın ən üstün məntəqəsi Dəməşqdir.3
Bildirişlər
1. Nübüvvət məqamı məqamların ən üstünüdür. (İsa nübüvvət məqamında olduğundan onun adı anasının adından öndə çəkilir.)
2. Mühüm və qəribə hadisələri Allahı tanımaq üçün vasitə, onun qeybi qüdrət nişanəsi sayın.
3. Su və əmin-amanlıq yaşayış məskəninin zəruri məziyyətlərindəndir.
Ayə 51:
﴿يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ﴾
“Ey peyğəmbərlər! Pak qidalardan yeyin, saleh işlər görün, həqiqətən, Mən sizin gördüyünüz işlərdən agaham.”
Dostları ilə paylaş: |