Nöqtələr
●“Əyama” dedikdə - istər kişi, istər qadın, istər bakirə, istər dul - subay şəxslər nəzərdə tutulur.
●Ən üstün vasitəçilik şəfaət və izdivaca köməkdir. Rəvayətdə deyilir: “Birini evləndirən və ya ərə verən kəs Allahın ərşi kölgəsindədir.”2
●İmkanlı olduğu halda övladını evləndirməyən ata-ana övladın mümkün günahına şərikdir.3
●İzdivac (evlənmə) haqqında bir çox rəvayətlər nəql olunmuşdur. Onlardan bəzilərinə nəzər salaq:
–İmam Sadiq (ə) buyurmuşdur: “Həyat evlənmə sayəsində vüsətə çatır.”
–Yoxsulluq qorxusundan evlənməyən kəs Allaha qarşı bədgüman olmuşdur.
–Ailəli insanın iki rəkət namazı subay insanın yetmiş rəkət namazından üstündür.1
Bildirişlər
1. İslam cəmiyyəti subay insanları evləndirməyə məsuldur.
2. Evlənmə İslamda müqəddəs və təkid olunmuş işdir.
3. Oğlan tərəfinin elçilik etməsi zəruri deyil. İzdivac tərəflərindən hər biri bu işdə qabağa düşə bilər.
4. Haram baxışa qadağa qoymaq bəs etmir, izdivac problemi həll olunmalıdır.
5. Dul qadınları ərə verin.
6. Evlənən tərəflərin səlahiyyətli olması şərtdir. Yəni tərəflər müştərək ailə həyatını idarə etmək səlahiyyətinə malik olmalıdır.
7. Cəmiyyət saleh fərdləri evləndirmək istiqamətində addım atarsa, bu iş qeyri salehləri salehlər cərgəsinə qatılmağa təşviq edər. (Beləcə, səlahiyyət dedikdə əxlaq və əqidə səlahiyyəti nəzərdə tutulur.
8. Cinsi ehtiyacın təminində insanlar arasında fərq yoxdur. (Qadın, kişi qulam və kəniz arasında fərq qoyulmur.)
9. Yoxsulluq izdivaca mane olmamalıdır.
10. Yoxsul olduğunuz vaxt Allaha təvəkkül edib ailə həyatı qurun.
11. Yoxsulluq ər və arvad üçün nöqsan eyb deyil.
12. Allah evlənənlərin ehtiyacını təmin edəcəyini vəd etmişdir. Evlənmə vüsət və bərəkət vasitəsidir.
13. İlahi vədlərin gerçəkləşməsi Allahın sonsuz fəzlindən qaynaqlanır.
14. Allahın Öz bəndələrinə nəsib etdiyi inkişaf və vüsət Onun elm və hikmətinə əsaslanır.
Ayə 33:
﴿وَلْيَسْتَعْفِفِ الَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّى يُغْنِيَهُمُ اللَّهُ مِن فَضْلِهِ وَالَّذِينَ يَبْتَغُونَ الْكِتَابَ مِمَّا مَلَكَتْ أَيْمَانُكُمْ فَكَاتِبُوهُمْ إِنْ عَلِمْتُمْ فِيهِمْ خَيْرًا وَآتُوهُم مِّن مَّالِ اللَّهِ الَّذِي آتَاكُمْ وَلَا تُكْرِهُوا فَتَيَاتِكُمْ عَلَى الْبِغَاء إِنْ أَرَدْنَ تَحَصُّنًا لِّتَبْتَغُوا عَرَضَ الْحَيَاةِ الدُّنْيَا وَمَن يُكْرِههُّنَّ فَإِنَّ اللَّهَ مِن بَعْدِ إِكْرَاهِهِنَّ غَفُورٌ رَّحِيمٌ﴾
“Allah Öz kərəmi ilə evlənməyə yol tapmayanların ehtiyacını ödəyənədək onlar öz iffətlərini qorumalıdırlar. Qulam və kənizlərinizdən özünü satın alıb azad etmək istəyən olsa, onlardan layiq bildiklərinizin istəyini qəbul edin. (Onların azadlığına yardım etmək üçün) Allahın sizə verdiyindən onlara verin. İsmətini qorumaq istəyən kənizlərinizi dünya malına xatir zinaya məcbur etməyin. Kim onları zinaya məcbur edərsə, əlbəttə, Allah bu işə məcbur olan kənizlər üçün bağışlayan və mehribandır”.
Nöqtələr
●Öncə imkanlı insanlara və məsullara tapşırıq verilməli, sonra imkansızlara iffətini qorumaq əmr olunmalıdır.
●Həzrət Əli (ə) buyurur: “Cahiliyyət dövründə insanlar qazanc məqsədi ilə öz kənizlərini zinaya vadar edirdilər”.1
Döyüşdə qalib gəlib əsir götürən müsəlmanlar onlarla bir neçə cür rəftar edə bilərlər.
A) Bütün əsirlər azad olunar–bu halda yenidən döyüş qızışar:
B) Hamı qətlə yetirilər–bu hərəkət müsəlmanlar üçün qəddarlıq sayıla bilər:
V) Əsirləri bir məntəqədə toplayıb beytül-maldan onların xərcini ödəmək–bu halda günahsızlar günahkarların ehtiyaclarını ödəmiş olurlar:
Q) Əsirlər müsəlmanlar arasında bölüşdürülür ki, tədricən İslamla tanış olsunlar və bu dini qəbul etsinlər. Sonra onlar müxtəlif yollarla azad edilirlər ki, bu yol ən üstün yoldur və İslam bu yolu təqdir edir.
Keçmiş dövrdə döyüş qanunlarına əsasən, əsirlər qul kimi istifadə olunurdular. İslam da qarşı tərəf kimi hərəkət etməyə məcbur idi. Bu gün isə əsirlər zindanlarda saxlanılırlar. Biz də əqidəmizə zidd olmayan hallarda beynəlmiləl hərb qanunlarını qəbul edirik.
Bildirişlər
1. Həyat yoldaşının uzaqda olması günah üçün səbəb deyil. Belə məqamlarda səbirli və iffətli olmaq lazımdır.
2. Təhlükə çox olan yerdə xüsusi xəbərdarlıq lazımdır. (Subay insanlar üçün iffətsizlik təhlükəsi daha böyükdür. Allah iffət göstərişi verərkən onlara müraciət edir.)
3. İffət və təqvamız olsa, Allah bizi ehtiyacsız edər. (Gənclər evlənmə xərcini əldə etmək üçün haram yola üz tutmasınlar.)
4. Cəmiyyətin iffətinin qorunması üçün fərdlər özünü hifz etsin, hökumət bu istiqamətdə səy göstərsin, varlılar yardım əli uzatsın.
5. İstənilən bir razılaşmada, hətta tabeçilikdə olanlarla yazılı sənəd tərtib edin.
6. Qulların özünü satın alıb azad etməsi yolu ilə izdivacı asanlaşdırmaq məsləhət əsasında olmalıdır.
7. İslam qulları azadlığa çıxarmaq üçün müxtəlif proqramlar nəzərdə tutur. Bunlardan biri qulun özünü satın alıb azad etməsidir.
8. Var-dövlətinizi öz malınız bilməyin. Onu sizə Allah bir neçə günlük əmanət vermişdir.
9. Gənclərin evlənmə məsələsində varlılar daha çox məsuliyyət daşıyır.
10. Özünü satın almağa gücü çatmayan qullara ağalar kömək etsin. Həzrət Əli (ə) buyurur: ”Razılaşma qiymətinin dörddə birini güzəştə getsinlər.”1 İmam Sadiq (ə) buyurur: ”Müqavilənin qiymətindən bir qədər azaltsınlar.”2
11. Qullar azadlıq barədə müqavilə bağlayarkən öz sahibləri ilə eyni çəkiyə malikdirlər.
12. İlahi puldan (zəkat büdcəsindən) həm qulları azad etmək və həm də cavanları evləndirməkdə istifadə edin.
13. Tabeçilikdə olanlardan haram yolda istifadə etmək, iffətli kənizləri zinaya sürükləmək qadağandır.
14. Dünyapərəstlik günahların qaynağıdır.
15. Qeyri-şəri yollarla sərvət toplamaq caiz deyildir.
16. Dünya ötəridir.
17. Mənəvi dəyərlər rifaha, var-dövlətə, maddiyyata qurban verilməməlidir.
18. Kənizlərin də şəxsiyyəti azad qızların şəxsiyyəti kimi möhtərəmdir.
19. İslam kənizləri himayə edir.
20. Qadın üçün ən üstün dəyər paklıq və iffətdir.
21. Bir çox günahların səbəbkarı ağalardır.
22. Günaha məcbur edilənlər əfv olunurlar.
Ayə 34:
﴿وَلَقَدْ أَنزَلْنَا إِلَيْكُمْ آيَاتٍ مُّبَيِّنَاتٍ وَمَثَلًا مِّنَ الَّذِينَ خَلَوْا مِن قَبْلِكُمْ وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ﴾
“Həqiqətən, Biz sizə aydınladan ayələr, sizdən əvvəlkilərdən yetərli nümunələr, təqvalılar üçün öyüd-nəsihət göndərdik.”
Dostları ilə paylaş: |