Nöqtələr
●«Xəb» sözü “örtülü”, “gizli” mənasını bildirir. Həzrət Əli (ə) buyurur: “İnsanın dəyər və şəxsiyyəti dilinin altında gizlənib.”1
Nə qədər ağzını açmayıb insan,
Bilinməz yaxşıdır, yoxsa ki yaman.
●Bitki örtüyünün cücərməsi və yağış yağması göylərdə və yerdə məxfi qalanların üzə çıxarılması nümunəsidir. Üzüm salxımı əslində bir üzüm toxumunda məxfidir. İlahi qüdrət bu salxımı toxumun köksündən üzə çıxarır. İstənilən bir qüvvənin fəallaşması bu ayəyə nümunə ola bilər.
Bildirişlər
1. Əməlləri bəzəməkdə şeytanın məqsədi budur ki, insanlar Allaha səcdə etməsinlər.
2. Allah qarşısında səcdə etməyəni heyvan da qınayır.
3. Səcdə allahpərəstliyin təzahürüdür.
4. Təbii amillər ilahi qüdrətin nümayişi üçün vasitədir. Suyun, torpağın, işığın rolu olsa da, əsil üzə çıxaran Allahdır.
5. Aləm Allahın hüzurundadır.
Məxfi qalmamışdır bir zərrə Ondan,
Hazırdır önündə aşkar və pünhan.
6. Allaha səcdəmizin dəlili Onun qüdrəti, elmi, təkliyi, müdiriyyət və əzəmətidir.
Ayə 27:
﴿قَالَ سَنَنظُرُ أَصَدَقْتَ أَمْ كُنتَ مِنَ الْكَاذِبِينَ﴾
“(Süleyman hud-hudun məlumatını eşitdikdən sonra) dedi: “Tezliklə görəcəyik ki, düz deyirsən, yoxsa yalançılardansan!”
Ayə 28:
﴿اذْهَب بِّكِتَابِي هَذَا فَأَلْقِهْ إِلَيْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَانظُرْ مَاذَا يَرْجِعُونَ﴾
“Mənim bu məktubumu apar və onlara tərəf at. Sonra bir tərəfə çəkil, gör nə cavab verirlər.”
Nöqtələr
●Peyğəmbərlərin kafirlər və müşriklərlə yazışmalarının tarixi keçmişi var. İslam Peyğəmbəri (s) də kafir və müşriklərə məktubla müraciət etmişdir. O həzrət İran və Rum məmləkətlərinin başçılarına namələr göndərmişdir. Məktub və səfir göndərmək, bu işdə ilk addım atmaq peyğəmbərlərin qaydası olmuşdur və tərbiyəvi məqsəd daşımışdır.
Bildirişlər
1. Dərhal inanmaq olmaz. Səbəb olmadan başqalarının sözünü inkar etmək də qadağandır. (Mühüm məsələlərdə bir məlumatla kifayətlənməyin.)
2. Başqalarının iddia və təbliğatına görə araşdırmanı dayandırmayaq. (Hud-hud iddia etdi ki, onun gətirdiyi xəbər həqiqətdir. Amma Süleyman araşdırma lazım gəldiyini bilirdi.)
3. Təkcə günahkarların gətirdiyi xəbər araşdırılmır. İstənilən halda şəkk varsa, araşdırma aparmaq zəruridir.
4. Təsdiq və ya təkzibdən öncə mütləq araşdırma aparılmalıdır.
5. Mənfi nöqtələrdən öncə müsbət nöqtələr qeyd edilməlidir.
6. Bir doğru sözlə sadiqlərə (doğru danışanlara) qatıla bilmərik. Amma bir yalanla yalançılardan oluruq.
7. Quşlar da Allah və Onun övliyalarının əmrini icra edir.
8. Qələm ən mühüm hidayət və maarif vasitələrindəndir.
9. Başqalarının hidayətində və onlarla düzgün rabitə qurmaqda qabağa düşək.
10. Hər hansı məsuliyyət üçün seçim apararkən daha böyük mərifəti və güclü hissi olana üstünlük verilməlidir.
11. İlahi məqsədlərə çatmaq üçün kişi qadına məktub yaza bilər.
12. Əqidə məsələləri ilə bağlı acı xəbər eşitdikdə dərhal cavab vermək və dini qeyrət nümayiş etdirmək lazımdır.
13. Hər hansı məlumat və ya mənanı olduğu kimi çatdırıb əmin olaq.
14. Kənardan və məxfi şəkildə müşahidə ən dərin tanışlıq növüdür.
15. Siyasi və dolaşıq rejimlərə sadəlövh yanaşmaq olmaz.
16. Planlaşdırma gücü müdiriyyət şərtlərindəndir.
17. Başqalarına düşünmək üçün fürsət verək.
18. Ətrafdakıların doğru yola dəvətində tövfiq (ilahi yardım) əldə etmək üçün onların ruhiyyəsini öyrənmək şərtdir.
19. Fərdi tanışlıq bəs etmir, mövcud rejim də nəzərə alınmalıdır.
20. Düşmənin də hal və ruhiyyəsini nəzarətdə saxlamaq lazımdır.
Ayə 29:
﴿قَالَتْ يَا أَيُّهَا المَلَأُ إِنِّي أُلْقِيَ إِلَيَّ كِتَابٌ كَرِيمٌ﴾
“(Elə ki, hud-hud məktubu Bilqeysə tərəf atdı, Bilqeys təəccübləndi və) dedi: «Ey əyanlar, mənə tərəf çox dəyərli bir məktub atıldı.»”
Ayə 30:
﴿إِنَّهُ مِن سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ﴾
“Məktub Süleymandandır və (onun məzmunu) budur: “Bağışlayan və mehriban Allahın adı ilə...”
Ayə 31:
﴿أَلَّا تَعْلُوا عَلَيَّ وَأْتُونِي مُسْلِمِينَ﴾
“Özünüzü məndən üstün tutmayın, yanıma gəlib təslim olun.”
Nöqtələr
●Süleymanın məktubunu Bilqeysin hansı səbəbdən dəyərli sayması ilə bağlı müəyyən nöqtələr qeyd olunub: mübarək “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi; məktubun Süleyman tərəfindən möhürlənməsi; məktubun doğru yola çağıran məzmunu; Süleymanın yüksək məqamı (ola bilsin ki, Bilqeys bütün bu nöqtələri nəzərdə tutmuşdur.)
Bildirişlər
1. Bilqeysin müxtəlif məlumatları və hadisələri müzakirə etdiyi müşavirləri vardı.
2. Qadın üçün savad bir dəyərdir.
3. Bilqeys iti zehnə və yüksək müşahidəçilik qüdrətinə malik idi.
4. Nəsihət və təbliğə mehribanlıq və mərhəmətlə başlayaq.
5. Hətta bir neçə kəlməlik məktubda “Bismillahir-Rəhmanir-Rəhim” cümləsini qısa yox, tam şəkildə yazaq.
6. Peyğəmbərlər qarşısında təkəbbür Allah qarşısında təkəbbürdür.
7. Təkəbbürdən uzaqlıq haqq qarşısında təslimçilik üçün zəmindir.
8. Məktubları sadə və xülasə şəkildə yazaq. Əlavələri ixtisara salıb məqsədləri aydınlaşdıraq. Məktubda lənət və təhqirdən çəkinək. Həm mərhəmət, həm də ciddiliyə yer verək.
Ayə 32:
﴿قَالَتْ يَا أَيُّهَا المَلَأُ أَفْتُونِي فِي أَمْرِي مَا كُنتُ قَاطِعَةً أَمْرًا حَتَّى تَشْهَدُونِ﴾
“(Bilqeys) dedi: «Ey əyanlar! İşimlə bağlı fikrinizi deyin. (Bu vaxtadək) sizsiz bir iş görməmişəm.»”
Ayə 33:
﴿قَالُوا نَحْنُ أُوْلُوا قُوَّةٍ وَأُولُوا بَأْسٍ شَدِيدٍ وَالْأَمْرُ إِلَيْكِ فَانظُرِي مَاذَا تَأْمُرِينَ﴾
“(Əyanlar) dedilər: “Biz çox güclü və cəsuruq. (Bir məktub qarşısında mövqeyimizdən çəkinməməliyik.) amma ixtiyar sənin əlindədir. Fikrini bildir, görək nə əmr edirsən? (Biz də var qüvvəmizlə çalışaq.)”
Dostları ilə paylaş: |