Bildirişlər
1. Bəsirəti kor olanları Allaha tapşır.
2. Dinləyicinin qəlbi daş olsa, pak bir insanın dediyi haqq sözlər də ona təsir etməyəcək. Bəli, yanmış elektrik lampasını heç bir mənbə işıqlandıra bilməz.
Qəlbi daş insana öyüd vermə sən,
Dəmir mıx qayaya yeriməz əslən.
3. Peyğəmbər təbliğlərinin səmərə verməməsi onların işindəki nöqsanla yox, insanların qəlbinin korluğu ilə əlaqəlidir.
4. İman cisimdə ruh kimidir. Möcüzə görüb məntiqi söz eşitməklə iman gətirməyənlər ruhsuz cəsəd kimidirlər. Haqqın eşidilməsi və qəbulu ruhun sağlamlığını göstərir.
5. İnsan yəqinə çatsa, xalqın inkarı ona təsir göstərməz.
6. Karlara işarə ilə nəyisə anlatmaq olur. Amma həqiqətə arxa çevirib haqq əhlindən uzaqlaşanlar işarə də qanmırlar.
7. İnkardan da pisi inkarı davam etdirməkdir.
Ayə 82:
﴿وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِّنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ﴾
“Əgər (ilahi əzabla bağlı vəd və) söz insanlar üçün qətiləşsə, onlarla danışmaq üçün yerdən bir canlı çıxararıq və o deyər: “Həqiqətən, insanlar bizim ayələrimizə inanmırdılar.”
Nöqtələr
●Zahirən belə görünür ki, ayə Qiyamətdən öncəki cərəyandan danışır. Belə ki, Allahın qəzəbi labüdləşdikdə O Öz qüdrəti ilə yerdən canlı bir varlıq çıxarar, həmin varlıq insanlarla danışar və sözü də bu olar ki, insanlar iman gətirmir.
●“Dabbətən” dedikdə insandan qeyrisi nəzərdə tutulsa da, Quranda bu söz dəfələrlə insan mənasında işlənmişdir. Digər bir tərəfdən, ayədə nəzərdə tutulan varlığın sözü bütün kafirlər üçün dəlil olmalıdır. Qeyd etməliyik ki, bu söz mühüm bir şəxsiyyətə işarədir və rəvayətlərə əsasən həmin şəxs Əli ibn Əbi-Talibdir (ə).
●Bu ayə dünyanın sonunda qiyam qaldırıb, fövqəladə hərəkətlər edən, haqqı batildən, mömini kafirdən ayıran övliyalara da şamil olunur.
“Dabbətən” dedikdə kim və nə nəzərdə tutulur?
●Ayədə “dabbətən” adlandırılan mövcudun çox mühüm olduğunu göstərən nişanələr var:
1. O, ilahi qəhr-qəzəb astanasında zahir olar. Sözün mühüm qaynaqdan olması onun əhəmiyyətini göstərir.
2. İstisna bir formada peyda olar.
3. Danışar, mühakimə edər, xalqın gələcəyindən xəbər verər.
4. Onun sözü İsrafilin suru kimi sonuncudur.
5. “Dabbətən” sözünün tənvinlə (“ən” ilə) işlənməsi əzəmət və böyüklük göstəricisidir.
6. Növbəti ayə Allah övliyalarının Qiyamətdən öncə diriləcəyi rəcət məsələsini bəyan edir.
7. Ayədə “Allahın ayələri” yox, “bizim ayələrimiz” təbirinin işlənməsi həmin mövcudun ilahi nişanələrini göstərir.
Ayənin zahirindən görünən bu nişanələri və təfsirlərdə nəql olunmuş çoxsaylı rəvayətləri ümumiləşdirdikdə belə bir nəticəyə gəlirik ki, uyğun təbir Həzrət Əliyə (ə) işarədir. Bəli, son sözü deməyə o layiqdir. Bəzilərinin alnına imansızlıq möhürü vurub, azğınların pis aqibətini xəbər vermək onun şənindədir.
İki sual
Sual: Məgər “dabbətən” sözü qeyri-insani bir varlığa aid deyilmi?
Cavab: Xeyr, Quranda bu söz dəfələrlə insana şamil edilmişdir.1
Sual: Məgər Həzrət Əlini (ə) “canlı” adlandırmaq onun alçaldılması deyilmi?
Cavab: Xeyr! Allahın “alim”, “nur”, “vücud”, peyğəmbərin “bəşər” adlandırılması təhqir olmadığı kimi, Əlinin də “dabbətən” adlandırılması təhqir deyil. Amma Allaha verilən adlar başqalarına verilən adlardan fərqlənir.
Ayə 83:
﴿وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ أُمَّةٍ فَوْجًا مِّمَّن يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُونَ﴾
“(Yada sal) o gün ki, hər ümmətdən ayələrimizi inkar edən dəstələri səhnəyə gətirərik. Onlara dağılışmaq qadağan olunar.”
Ayə 84:
﴿حَتَّى إِذَا جَاؤُوا قَالَ أَكَذَّبْتُم بِآيَاتِي وَلَمْ تُحِيطُوا بِهَا عِلْمًا أَمَّاذَا كُنتُمْ تَعْمَلُونَ﴾
“Elə ki, toplandılar, (Allah) buyurar: «Elminiz çatmadığı halda Bizim ayələrimizi yalan saydınızmı? Siz (həyatınız boyu təkzibdən başqa) nə etdiniz?»”
Nöqtələr
●Qiyamətdə bütün bəşəriyyətin səhnəyə gətiriləcəyini2 və hazırkı ayədə hər ümmətdən yalnız bir dəstənin məhşur ediləcəyini nəzərə alsaq, məlum olar ki, bu ayə Qiyamətə yox, Qiyamətdən öncə bir dəstənin dirildilməsi ilə müşayiət olunacaq rəcətə aiddir.
●Quranda elə bu dünyada dirilmə hadisəsini təsdiqləyən nümunələr var. “Bəqərə” surəsinin 243-cü ayəsində bildirilir ki, Allah bir dəstəyə ölmək əmri verib, sonra onları diriltdi. “Bəqərə” surəsinin 56-cı ayəsində buyurulur ki, Biz sizi ölümdən sonra bu dünyadaca diriltdik. “Maidə” surəsinin 110-cu ayəsində buyurulmuşdur: “Sən Mənim iznimlə ölüləri qəbirlərdən diri çıxarırsan.” Allah övliyalarından biri haqqında belə buyurulur: “Onu 100 il müddətində öldürdük, sonra diriltdik.”3 Bir çox rəvayətlərdə də qeyd olunur ki, Qiyamətdən öncə iman və ya küfr baxımından seçilmiş fərdlər Allahın iradəsi ilə dirildilər. Onlar haqq əhlinin hakimiyyətində bir müddət yaşayar, küfr qabaqcılları cəzalandırılar.
Bildirişlər
1. Xalqın ümumi həşri (dirildilməsi) Qiyamətə aiddir. Amma bir qrup kafirin dirildilməsi bu dünyada baş verəcək hadisədir.
2. Bütün ümmətlərdə imanla küfr arasında təzad olmuşdur.
3. Qiyamətdən öncə dirçəliş mütləq kafirlərə aiddir. (Rəvayətdə deyilir ki, rəcət birinci dərəcəli möminlərə və kafirlərə aiddir.)
4. Bilmədiyiniz şeyi təkzib etməyin. (Əqidə möhkəm dəlilə əsaslanmalıdır.)
5. İnsanların əməlləri onların əqidə və düşüncələrindən qaynaqlanır. (Öncə təkzib, sonra xilaf işlər!)
6. Xüsusi kafirlər dünyada dirildikdən sonra mühakimə başlananadək nəzarət altında saxlanılar.
7. Kafirlər rəcət dövründə həm əqidələrinə, həm də əməllərinə görə tənbeh olunar.
8. Allah qarşısında hamı cavab verməlidir.
Ayə 85:
﴿وَوَقَعَ الْقَوْلُ عَلَيْهِم بِمَا ظَلَمُوا فَهُمْ لَا يَنطِقُونَ﴾
“Etdikləri zülmə görə onlara hökm verilər. Onlar bir söz deyə bilməzlər.”
Ayə 86:
﴿أَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا اللَّيْلَ لِيَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ﴾
“Görmədilərmi ki, gecəni onların istirahəti üçün qərar verdik, gündüzü işıqlı etdik? (Gündüzlər maaş üçün çalışsınlar deyə.) Həqiqətən, bu işdə imanlılar üçün ibrətlər var.”
Dostları ilə paylaş: |