Bildirişlər
1. Cəhənnəm əzabı əhatəlidir.
2. Cəhənnəm əzabı öz əməllərimizin təcəssümüdür.
3. İnsan öz taleyinə məsuldur.
4. Cəhənnəm əzabını əhatəli edən pis əməllərimizin davamlı olmasıdır.
Ayə 56:
﴿يَا عِبَادِيَ الَّذِينَ آمَنُوا إِنَّ أَرْضِي وَاسِعَةٌ فَإِيَّايَ فَاعْبُدُونِ﴾
“Ey iman gətirmiş bəndələrim! Həqiqətən, Mənim yerim genişdir. Beləsə, yalnız Mənə pərəstiş edin.”
Nöqtələr
İslam insanlardan bir qrupuna hicrəti vacib etmişdir. Küfr və azğınlığın hakim olduğu yerlərdə sıxıntı və zülmə məruz qalanlar öz qurtuluşlarını hicrətdə görərlərsə, bu addımı atmalıdırlar. Amma insanın daxilindən və xaricdən qaynaqlanan bir sıra vəsvəsələr bu vəzifənin həyata keçirilməsinə mane olur. Növbəti ayələrdə bu vəsvəsələr nəzərdən keçiriləcək:
–Ölüm təhlükəsi; insan düşünür ki, əgər hicrət etsə, ölümlə üzləşə bilər. Növbəti ayədə buyurulur ki, harada olsanız ölümü dadacaqsınız.
–Vətənə bağlılıq; insan üçün vətəndən ayrılmaq çətindir. Bu bağlılıq onu hicrətlə bağlı şübhələrə salır. 58-ci ayədə bildirilir ki, hicrət edənlərə dünyadakı məskənləri əvəzinə behişt məskənləri mükafat verilər.
–Hicrətin çətinlikləri; bu çətinliklər iman əhlinin hicrətinə mane olur. 59-cu ayədə buyurulur ki, bu çətinliyi səbir və Allaha təvəkküllə həll etmək lazımdır.
–Dolanışıq ehtiyaclarının təmini; hicrət etmək istəyən insan düşünə bilər ki, hicrət onu gündəlik gəlirdən, ruzidən məhrum edə bilər. 60-cı ayədə bildirilir ki, ruzi verən Allahdır, o hətta ruzi daşımağa gücü olmayanlara ruzi verir. Halbuki hicrət edənlər çalışıb səy göstərə bilər.
Hicrət insanda ixlas üçün zəmin yaradır. İnsan fərdə, firqəyə, məntəqəyə, qəbiləyə, dolanışıq imkanlarına bağlılıq səbəbindən hicrət etmədikdə bu bağlılıqlar insanı ixlaslı olmağa qoymur. Hicrət etməklə mənfi bağlılıqlardan qurtulan insan üçün ən üstün ixlas zəmini yaranır.
İmam Baqir (ə) uyğun ayə ilə bağlı buyurur: “Günahkar hakimə tabe olmayın. Dininizə zərbə vurulacağından qorxduqda hicrət edin.”1
Dostları ilə paylaş: |