Əziz oxucu!
Allah dünyanı insan, insanı təkamül və mənəvi yüksəliş üçün yaratdı. Allah varlıq aləmini bizim üçün ram etdi, işlərimizin idarəsi üçün mələklər müəyyənləşdirdi. Bəşəriyyətin hidayəti üçün peyğəmbərlər və övliyalar göndərdi. Allah elçiləri şəhadət şərbətini içənədək uyğun məqsədə doğru irəlilədilər. Allah mələklərə insan qarşısında səcdə əmri verdi. İnsana ilahi ruh üfürüldü, o ən gözəl surət və xarakterdə yaradıldı. İnsana sonsuz təkamül qabiliyyəti əta olundu. İnsan ağıl, fitrət və növbənöv istedadlarla təchiz edildi. Allah yalnız insanı yaratdıqdan sonra Özünə “afərin” söylədi.2
Varlıq çələnginin bu misilsiz çiçəyi bir belə maddi və mənəvi imtiyazlara malik olduğu halda özünü kiminsə ixtiyarına verə bilərmi? İmam Kazim (ə) buyurur: “Hansı sədaya qulaq asırsansa, həmin sədanın qulusan.” Heyf deyilmi ki, yaranmışların şərəflisi özünü batil bir xanəndəyə qul etsin?!
Eşitdiyiniz hər səsi lentə köçürmək istəyərsinizmi? Əlbəttə ki, yox! Bəs nə üçün ətrafdakı bütün səslər bizim beyin lentimizə köçürülməlidir?! Ömür, düşüncə, beyin doğru yolda istifadə etməli olduğumuz ilahi əmanətlərdir. Bu nemətlərdən hər hansı birini qeyri-ilahi yolda sərf etmiş olsaq, həmin əmanətə xəyanət edirik və Qiyamətdə cavab verəsiyik.
Quran aydın şəkildə buyurur ki, insanın qulaqları da, gözü də, qəlbi də sorğuya çəkilər.3 Bəli, insan öz gözünü, qulağını və qəlbini qorumağa borcludur. O razı olmamalıdır ki, ətrafdakı istənilən bir səs ona yol tapsın. Hədisdə bildirilir ki, qəlb Allaha məxsus hərəmdir, bu hərəmə Allahdan qeyrisini buraxmayın.4
İztirabları aradan qaldırıb təravət əldə etmək üçün İslam dini münasib və sağlam yollar təqdim edir. İnsan səyahətə, idmana, üzgüçülüyə və başqa çeşidli və faydalı işlərə dəvət olunur. Yaxınlarla görüşlər, elmi söhbətlər, təcrübə mübadilələri, ən başlıcası varlıq aləminin Rəbbi ilə rabitə və Onun zikri qəlblərə aramlıq verir. Axı nə üçün özümüzü sonu zillət və odla bitən ləzzətlərə fəda edək?! Həzrət Əli (ə) buyurur: “Sonu cəhənnəm olan ləzzətlər xeyirsizdir.”5 Həzrət digər bir məqamda buyurur: “Günah yolla ləzzət axtaran insan Allah tərəfindən alçaldılar.”6
Ayə 7:
Dostları ilə paylaş: |