Mövcudları müxtəlif cəhətlərdən nəzərdən keçirmək mümkün olsa da, adətən hər bir varlığın müəyyən cəhətdən üstünlükləri var. Bu ayədə göylərin və yerin səciyyələrindən, onların asılı vəziyyətdə qalmasından və görünməyən sütunlarla möhkəmləndirilməsindən danışılır. Dağların mühüm xüsusiyyəti onların yer üzündə sabitlik yaratmasıdır. Heyvanların mühüm cəhəti onların növbənövlüyü və yer üzündə yayılması, bitkilərin mühüm səciyyəsi onlar arasındakı cütlük və onların çox dəyərli olmasıdır.
Bu ayədə Quranın elmi möcüzələrindən müəyyən nümunələr göstərilir. Həmin dövrdə insanlarda onlar barədə ibtidai təsəvvür belə yox idi. Bu nümunələrdən biri göy cisimlərini asılı vəziyyətdə saxlayan və gözə görünməyən sütunlardır. Kürələrin öz orbitində fırlanmasını təmin edən cazibə və mərkəzdənqaçma qüvvəsi kimi iki qüvvədir. Dağların yeri titrəyişdən qoruması və bitkilər arasındakı cütlük ayədəki növbəti möcüzə nümunələrindəndir.