Qiyamət tənhalıq günüdür
Allah hikmət sahibidir və hikmət sahibi olan Allah Öz yaratdığını məhv etməz. Dünya bir evdir ki, bu evin mühəndisi daha yaxşısını tikmək üçün onu uçurur. Rəvayətlərə əsasən, ölüm libası, mənzili dəyişmək, təkamül və əbədi həyat üçün müqəddimədir.
Bundan əlavə, Qiyaməti zəruri edən amillərdən biri Allahın ədalətidir. Biz şahidik ki, dünya həyatında yaxşılar mükafatlandırılmır, pislər cəzalandırılmır. Demək, ədalətli Allah mükafat və cəza üçün başqa bir yer müəyyənləşdirmişdir.
İnsan dünya həyatında öz əməllərinin kiçik bir hissəsinin əvəzini alır. Əməllər bütövlükdə Qiyamətdə dəyərləndirilir. Bəzən əməlin əvəzini dünya həyatında vermək olmur. Məsələn, Allah yolunda şəhid olan insan dünyada necə mükafatlandırıla bilər?! Əksinə, yüz nəfəri qətlə yetirmiş şəxsi dünya həyatında bir dəfə öldürmək olar. Bunu da qeyd edək ki, günahkara dünya həyatında verilən cəza onun günahsız yaxınlarına da təsirsiz ötüşmür. Demək, mükafat və cəza başqalarına sirayət etməyəsi bir yerdə verilməlidir.
Ölülərin çürümüş bədənlərinin zərrələrini bir yerə toplamaq Allah üçün çətin deyil. Nehrəni yellədikcə onun içində öncə nəzərə çarpmayan zərrələrdən yağ kütləsi əmələ gəlir. Allah da torpağı möhkəm silkələməklə ölülərin səpələnmiş cisimlərini bir yerə toplayar.1 Əgər insan bircə hüceyrədən yaranmışsa, bu hüceyrə də torpaq zərrələrindəndir. Həmin zərrələr nə vaxtsa buğdaya, düyüyə, bitkiyə çevrilmiş, sonra qida şəklində valideynin orqanizminə daxil olmuş, daha sonra həmin qidadan nütfə yaranmış, nəhayət kamil insan formalaşmışdır.
Bu ayədə diqqət mərkəzində olan məsələlərdən biri də, atanın öz oğlu üçün bir iş görə bilməyəcəyi Qiyamət məsələsidir. Başqa ayələrdə də Qiyamət səhnəsindən danışılmışdır. Əgər bütün bu ayələri nəzərdən keçirsək, həmin səhnədə insanın qəribliyini, zəlilliyini, həyəcanını dərk edərik: həmin gün nə var-dövlət, nə də övlad fəryada çatmaz1; həmin gün ən səmimi dostlar bir-birinin halını soruşmaz2; həmin gün peşmançılığın və üzrxahlığın faydası yoxdur3; həmin gün qohumluq və tanışlığın faydası yoxdur4; həmin gün vasitələr və səbəblər işdən düşər.5
Bəli, həmin gün insanın qəriblik və tənhalıq günüdür.
Ayə 34:
﴿إِِنَّ اللَّهَ عِندَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ﴾
“Şübhəsiz, vaxtdan xəbərdarlıq Allaha məxsusdur. Odur yağışı nazil edən. O, bətnlərdə olanlardan xəbərdardır. Kimsə sabahkı qazancını bilmir. Kimsə harada öləcəyindən xəbərdar deyil. Həqiqətən, Allah bilən və agahdır.”
Dostları ilə paylaş: |