İzdivacın əhəmiyyəti
Rəvayətdə oxuyuruq: İzdivac dinin yarısının qorunma səbəbidir. Ailəli insanın iki rəkət namazı subay şəxsin 70 rəkət namazından üstündür. Evli insanların yuxusu subay insanların oyaq qalıb oruc tutmasından üstündür.1 Bəli, izdivacı yoxsulluq səbəbi sayanlardan fərqli olaraq, İslam Peyğəmbəri (s) buyurur: “İzdivac ruzini artırır.” Başqa bir məqamda həzrət buyurur: “Yoxsulluq qorxusundan izdivacı tərk edən şəxs bizdən deyil və Allaha qarşı bədgüman olmuşdur.”2 Rəvayətlərdən birində oxuyuruq: “Din qardaşlarının izdivacı üçün addım atan şəxs Qiyamət günü Allahın xüsusi lütfündən faydalanar.3
Quran ailə qurmağı və izdivaca səy göstərməyi ciddi tapşırır.4 Evlənərkən yoxsulluqdan qorxmamaq tövsiyə olunur. Bildirilir ki, evlənmək istəyən insanın əli boş olduqda Allah Öz fəzl və kərəmi ilə onun ehtiyacını təmin edər.5 İzdivac aramlıq vasitəsidir.6 İzdivac vasitəsi ilə qohumlar bir-birinə yaxınlaşır, qəlblərdə mehribanlıq yaranır, pak bir nəslin tərbiyəsi üçün zəmin hazırlanır, insanlarda qarşılıqlı yardım ruhiyyəsi güclənir.7
Rəvayətdə oxuyuruq: Evlənmək üçün tələsin, ərə getmək vaxtı çatmış qız yetişmiş meyvə kimidir. Əgər ağacdan dərilməsə, çürüyüb gedər.8
Dostları ilə paylaş: |