Nöqtələr
Ayədə əziz İslam Peyğəmbərinə (s) təsəlli verilir. Bu məzmun digər ayələrdə müxtəlif təbirlərlə təkrarlanmışdır. Məsələn “Yusuf” surəsinin 103-cü ayəsində buyurulur: “Ey peyğəmbər! Onların hidayətinə nə qədər həris olsan da yenə onların əksəri iman gətirməz.” “Bəqərə” surəsinin 272-ci ayəsində oxuyuruq: “Xalqın doğru yola gəlişi sənin öhdəndə deyil. Allah istədiyini hidayət edir.”
“Dürrül-Mənsur” təfsirinin beşinci cildində nəql olunur ki, Həzrət Əlinin (ə) atası Əbu-Talib vəfat edərkən əziz Peyğəmbər (s) onun yanına gəlib İslama dəvət etdi; amma Əbu-Talib bu təklifi qəbul etmədi və hazırkı ayə nazil oldu. Biz hazırkı ayənin nazil olma şəninə toxunmadan Əbu-Talibin iman gətirməsi haqqında bir qədər danışaq. Dəyərli “Əl-Ğədir” kitabının müəllifi Əllamə Əmini həmin kitabın səkkizinci cildinin 19-cu səhifəsində uyğun rəvayətləri saxta sayaraq rədd edir. Alim tarixi mənbələrə əsaslanaraq bildirir ki, bu qəbildən olan rəvayətlər Əbu-Talib dünyasını dəyişən zaman ya südəmər körpə olmuş və ya Əbu-Hüreyrə kimi hələ İslamı qəbul etməmiş şəxslər tərəfindən nəql olunmuşdur. Uyğun cildin 330-410-cu səhifələrində həzrət Əbu-Talibin İslamı qəbul etməsini sübuta yetirən dəlillər sadalanır. Həzrətin özündən yüzlərlə şerlər, onlarla xatirələr, eləcə də, Peyğəmbər (s) Əhli-beytindən 40 hədis zikr olunur. Bütün bunlar həzrət Əbu-Talibin Allaha və Onun rəsuluna (s) olan imanını təsdiqləyir. Bu dəlillərdən bəzilərini nəzərdən keçirək:
1. Peyğəmbər (s) və məsum imamların Əbu-Talibin imanını təsdiqləyən buyruqları;
2. Əbu-Talib dünyasını dəyişən zaman əziz Peyğəmbərin (s) qəm-qüssəsi;
3. Əbu-Talib dəfn olunan zaman Peyğəmbərin (s) minbərdəki duası;
4. Peyğəmbər (s) buyurur ki, mən valideynimin və əmim Əbu-Talibin Qiyamət şəfaətçisiyəm;
5. İslam Peyğəmbərinin (s) Bəni-Haşim tərəfindən himayəsi ilə bağlı vəsiyyətnamə;
6. Əbu-Talibin öz zövcəsi və oğlu Cəfərə Peyğəmbərin (s) himayəsi ilə bağlı tövsiyəsi, onun İslam və namaza diqqəti;
7. Təhlükəli gecələrdə Əbu-Talibin Peyğəmbərlə (s) oğlu Əlinin (ə) yataqlarını dəyişməklə onu təhlükədən qurtarması;
8. Müsəlmanlığına heç bir şəkk-şübhə olmayan Fatimə binti Əsədin Əbu-Taliblə ər-arvadlığı. Əgər Əbu-Talib müsəlman olmasaydı, müsəlman qadınla həyat qurmamalı idi;
9. Əbu-Talibin müsəlmanlığını təsdiqləyən çoxsaylı şerləri.
Əlbəttə, unutmamalıyıq ki, həzrət Əlinin (ə) atası olmasını düşmənlər Əbu-Talibə heç vaxt bağışlamamışlar! Onlar bu məqsədlə pul xərcləmiş, saxta rəvayətlər hazırlamış və bu yolla Əlinin (ə) atası Əbu-Taliblə Müaviyənin atası Əbu-Süfyan arasında oxşarlıq yaratmağa çalışmışlar. Guya hər iki şəxs öncə müşrik olmuşdur!
Dostları ilə paylaş: |