Nöqtələr
Hazırkı ayə münasibəti ilə surə “Ənkəbut” (hörümçək) adlandırılmışdır.
Əflatunun dilindən nəql olunur ki, milçək ən həris həşaratdır, o, qarnını doyurmaq üçün turşunun, şirninin, çirkabın və yaranın üzərinə qonur. Hörümçək isə bir küncə çəkilib qənaət edir. Maraqlıdır ki, Allah ən fəal və ən həris həşaratı ən guşənişin həşarata yem etmişdir. Milçək öz ayağı ilə hörümçəyin sorağına gedir. Hörümçək öz torları ilə milçəyi ovlayır.
Bildirişlər
1. Təlim-tərbiyədə ən təsirli yollardan biri məsəllərdən istifadə etməkdir. Bütün dövrlərdə və məkanlarda hamının tanış olduğu həqiqətlər misal çəkmək üçün daha yararlıdır.
2. Şirk nizamı hörümçək yuvası kimi kövrək və davamsızdır.
3. Hörümçək tərk olunmuş yerlərdə yuva qurur. Şirk də Allahdan uzaqlaşmış ruhlara təsir göstərir.
4. Hörümçək yuvasının təkcə adı evdir. Yalançı məbudların da təkcə adı var.
5. Hörümçək öz aləmində güman edir ki, onun evi var və bu ev hadisələr qarşısında tab gətirə bilər. Müşrik də bu sayaq əsassız düşünür.
6. İlahi vilayətin (hakimiyyətin) möhkəm bünövrəsi və dəmir binası var.1 Qeyri-ilahi vilayətlər isə olduqca kövrəkdir.
7. Bəzən maraqlar, təxəyyüllər və dostluqlar haqqın dərkinə mane olur. Müəyyən bağlılıqlar insanı kar və kor edir.
8. Müşriklər cəhalət və nadanlıq üzündən Allahdan qeyrisinə üz tuturlar.
Ayə 42:
﴿إِنَّ اللَّهَ يَعْلَمُ مَا يَدْعُونَ مِن دُونِهِ مِن شَيْءٍ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ﴾
“Həqiqətən, Allah Ondan savay çağırılanların hamısını bilir. O, qüvvət və hikmət sahibidir.”
Ayə 43:
﴿وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ﴾
“Bu məsəllər insanlar üçün çəkilir. Amma alimlər və agahlardan savay onu dərk edən yoxdur.”
Dostları ilə paylaş: |