Ayə 36, 37, 38, 39, 40:
﴿أَيَحْسَبُ الْإِنسَانُ أَن يُتْرَكَ سُدًى﴾﴿أَلَمْ يَكُ نُطْفَةً مِّن مَّنِيٍّ يُمْنَى﴾﴿ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّى﴾﴿فَجَعَلَ مِنْهُ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنثَى﴾﴿أَلَيْسَ ذَلِكَ بِقَادِرٍ عَلَى أَن يُحْيِيَ الْمَوْتَى﴾
“Yoxsa insan özbaşına buraxılacağını zənn edir? Məgər o (ana bətninə) axıdılan nütfə deyildimi? Sonra laxta qan oldu; Allah onu xəlq edib möhkəmlətdi; ondan qadın və kişi olmaqla iki cins yaratdı; həmin Allah ölüləri diriltməyə qadir deyilmi?!”
Nöqtələr
◘Açılıb buraxılmış dəvə “suda” adlanır.
◘Hazırkı surə qiyamətə andla başlayıb, Allahın qiyamətdə ölüləri diriltməyə qadir olduğunu vurğulamaqla başa çatır.
◘Məadı inkar edənlər Allahı düzgün tanımamışlar. Əgər insan öldükdə onun əməl naməsi məhv olub gedərdisə, Allahın hikməti şübhə doğurardı. Hazırkı ayədə buyurulur ki, insan başına buraxılacağınımı zənn edir? Başqa bir ayədə belə buyurulur: “Yoxsa sizi boş yerə yaratdığımızı düşünürsünüz və bizə doğru qaytarılmayacaqsınız?”
◘Hazırkı ayələrdə öncə qiyamətin bərpa fəlsəfəsi açıqlanır. Sonra bildirilir ki, Allah yenidən yaratmağa qadirdir. Əlbəttə ki, Allah-taala yenidən yaratmaqla bağlı qüdrətini peyğəmbərlərin simasında nümayiş etdirmişdir. Həzrət İsa üfürməklə gildən düzəldilmiş iki quşu cana gətirmişdir. Həzrət İbrahim əti tikə-tikə doğranıb səpələnmiş quşları çağırdıqda onlar yenidən cana gəlmişdir. Həzrət Musa Tur dağına 70 nəfərin müşayiəti ilə gəldi. Allah dağa təcalla edəndə həmin 70 nəfərin canı çıxdı. Amma Allah-taala onları yenidən diriltdi.
Bildirişlər
1. İnsanın məqsədsiz yaradıldığını və heç bir məsuliyyət daşımadığını düşünənlər ardıcıl şəkildə alçaldılmağa layiqdir.
2. Allah hikmət sahibidir və insan məqsədli yaradılmışdır. Onun məsuliyyət və vəzifələri var. Demək, qarşıda sorğu-sual olasıdır.
3. İnsanın bir çox hesabatları və ehtimalları batildir. Bəli, insan xəyalpərəstdir və peyğəmbərlərin göstərişi olmasa yolunu azar.
4. İlkin yaranış növbəti yaranış imkanına dəlildir.
5. Təkəbbürlülər bilməlidirlər ki, onlar zəif və puçdurlar.
6. Allah-taala insanı kamil surətdə yaratmış, bu işdə heç bir nöqsana yol verməmişdir.
7. İnsanın yaranış mərhələlərinin mütaliəsi məadla tanışlıq yollarındandır.
8. Kişi və qadın cinsi arasındakı tarazlıq Allahın qüdrət və hikmətini göstərir.
9. Əgər qiyamət olmasaydı, insanın yaranışı mənasız sayılmalı idi. Allah isə hikmət sahibdir və mənasız iş görmür!
“İNSAN” SURƏSİ
Dostları ilə paylaş: |