بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5:
﴿إِذَا السَّمَاء انفَطَرَتْ﴾﴿وَإِذَا الْكَوَاكِبُ انتَثَرَتْ﴾﴿وَإِذَا الْبِحَارُ فُجِّرَتْ﴾﴿وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ﴾﴿عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ﴾
“O zaman ki, səma parçalanar; o zaman ki, ulduzlar pərən-pərən düşər; o zaman ki, dənizlər daşıb bir-birinə qatılar; o zaman ki qəbirlər alt-üst olar; hər kəs öncədən göndərdiyini və özündən sonraya qoyduğunu bilər.”
Nöqtələr
◘”İnfitar” sözü parçalanmaq mənasını bildirir. “Fətər” və “iftar” sözləri də eyni mənanı daşıyır. Çünki oruc nə isə yeməklə, iftarla pozulur. “İnfitar” və “inşiqaq” sözləri eyni mənanı bildirir. Amma “infitar” sözü ilə olunan parçalanma nəyəsə yetişir. Məsələn, ərəblər quyu qazarkən “fətərət” sözündən istifadə edirlər. Çünki yeri qazan insan gedib suya çatır.
◘”İntisar” dedikdə pərakəndəlik mənası nəzərdə tutulur. Gəlinin başına səpilən şeyə “nəsar” deyirlər.
◘”Fəcr” yarıq əmələ gəlməsi, yol açılması mənalarını bildirir. “Təfcir” sözü dağların yarılmasının əzəmətinə işarədir.
◘”Busir” sözündə həm “bəs” (ayağa qalxmaq), həm də “sur” (dağılma) mənaları var. Rağib “Mufrədat” kitabında bildirir ki, burada hər iki məna nəzərdə tutula bilər. Yəni torpaqların alt-üst olması və ölülərin ayağa qalxması.
◘Göy, yer, dənizlər və quru arasında elə bir bağlılıq var ki, onlardan birinin nizamı pozulduqda bütün nizam pozulur.
Bildirişlər
1. Göy və yerə hakim nizam Allahın əlindədir. Allah istədiyi vaxt bu nizamı dəyişə bilər.
2. Məad cismanidir, ölülər qəbirlərdən qalxacaq.
3. Varlıq nizamının pozulması, qiyamət, insanların hesab-kitabı üçün bir müqəddimədir.
4. Qiyamətdə insanın tutumu artar, bütün keçmiş əməllərini yada salar.
5. İnsan Həm keçmişini düşünüb pis işlərinə görə tövbə etməlidir, həm də ölümdən sonranı düşünüb özündən sonraya yaxşı əməllər qoymalıdır.
6. Qiyamətdə insan həm öz əməllərindən xəbər tutur, həm də həmin əməllərin nəticələrindən agah olur.
7. İnsan qiyamətdə anlayar ki, gücü çatdığı halda hansı işləri görməyib.
Dostları ilə paylaş: |