(101-Cİ SURƏ; 11 AYƏ)
OTUZUNCU CÜZ
“QARİƏ” SURƏSİNİN SİMASI
Məkkədə nazil olmuş bu surə 11 ayədən ibarətdir. Surənin adı onun 1-ci ayəsindən götürülmüşdür. Qariə dedikdə qiyamət hadisəsi nəzərdə tutulur. Qiyamət hadisələri, insanların qiyamət səhnəsindəki vəziyyəti, cəhənnəm əzabı surənin əsas mövzularındandır. Surənin fəziləti ilə bağlı imam Baqir (ə) buyurur: “Qariə” surəsini oxuyan kəsi Allah Dəccalın fitnəsindən hifz edər, həmin şəxs Dəccala iman gətirməz. Bu surəni tilavət edən insan qiyamətdə cəhənnəm çirkabından uzaq olar.”1 (Qeyd)
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11:
﴿الْقَارِعَةُ﴾﴿مَا الْقَارِعَةُ﴾﴿وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ﴾﴿يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ﴾﴿وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنفُوشِ﴾﴿فَأَمَّا مَن ثَقُلَتْ مَوَازِينُهُ﴾﴿فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ﴾﴿وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ﴾﴿فَأُمُّهُ هَاوِيَةٌ﴾﴿وَمَا أَدْرَاكَ مَا هِيَهْ﴾﴿نَارٌ حَامِيَةٌ﴾
1. “Sarsıdıcı hadisə”; 2. “Nədir o sarsıdıcı hadisə?” 3. “Sən nə bilirsən ki, sarsıdıcı hadisə nədir?” 4. “Elə bir gün ki, insanlar kəpənək tək pərən-pərən düşər”; 5. “Dağlar yun kimi didilər”; 6. “Tərəzisi ağır gələn kəs”; 7. “Xoş bir güzaranda olar”; 8. “Tərəzisi yüngül gələn kəs”; 9. “Od ağuşundadır”; 10. “Sən nə bilirsən o nədir?” 11. “Yandırıcı oddur.”
Nöqtələr
◘“Qariə” sözü “qərr” sözündən olub, bir şeyin o birinə vurulması mənasını bildirir. Qiyamətin adlarından biri də “Qariə”dir. Çünki qiyamət səhnəsində sarsıdıcı hadisələr baş verir.
◘Rəvayətdə bildirilir ki, həzrət Əli (ə) və onun məsum ovladları qiyamət günü əməllərin ölçü mizanıdır.2 (Qeyd)
◘“Məvazin” (tərəzilər) sözünün cəm formada işlənməsindən belə güman etmək olar ki, insanın ayrı-ayrı əməlləri müxtəlif vasitələrlə ölçülər. Hər işin öz ölçüsü olar.
◘“Məvazin” sözü “mizan” sözünün cəm formasıdır. Mizan ölçü vasitəsi mənasını bildirir. Məlum məsələdir ki, əməl maddi deyil. Ona görə də nəzərdə tutulan tərəzilər adi tərəzi sayılmamalıdır.
◘Bütün insanlar üçün ana ümid yeridir. Amma həmin gün heç bir sığınacaq yoxdur.
◘”Haviyə” sözü süqut mənası bildirən “həva” sözündəndir. Cəhənnəm bir çoxları üçün süqut məhəllidir.
◘“Hamiyə” sözü şiddətli hərarət mənası bildirən “həma” sözündəndir.
◘Dağlar hadisələrin şiddətindən parçalanıb yun kimi didilər.
◘Yüngül-ağırlıq təkcə maddi şeylərə aid deyil. Məsələn, mənasız danışığa yüngül danışıq deyirlər. Olsun ki, ayələrdə əməllərin həm keyfiyyət, həm də kəmiyyəti nəzərdə tutulur.
◘Həzrət Əli (ə) buyurur: “Əməlin yüngüllüyü dedikdə onun azlığı, ağırlığı dedikdə çoxluğu nəzərdə tutulur.”1 (Qeyd)
◘Bir şəxs Salmanı “Axı sən kimsən” deyə təhqir etdi. Salman belə cavab verdi: “Mənim və sənin əvvəlimiz nütfə olub, sonumuz leşdir. Bu dünyada belədir. Amma qiyamətdə mizanı ağır gələn əziz tutular, mizanı yüngül gələn alçaldılar.”2 (Qeyd)
◘Bütün insanların həm xeyir, həm də pis işi var. Bütün əməlləri yaxşı və ya pis olan insan tapmaq mümkün deyil. Əsas məsələ odur ki, insanın xeyir işləri daha çox olsun. Yəni Quran təbirincə, tərəzinin yaxşılıq gözü ağır gəlsin. Amma yaxşılıq gözü yüngül gələrsə, son mənzil cəhənnəmdir.
Bildirişlər
1. Qiyamət təkəbbür ruhiyyəsini sındırır.
2. Qiyamət bizim düşündüyümzdən çox-çox mürəkkəbdir. Hətta peyğəmbərlər də yalnız ilahi vəhydən məlumat alır.
3. Qiyamət günü insanların heyrət və dəhşət günüdür.
4. Behişti bəhanəyə yox, bahasına verirlər.
5. Başdan başa xoşbəxt həyat yalnız qiyamətdə mümkündür. Çünki dünya həyatında ləzzətlərlə yanaşı xəstəlik, yoxsulluq kimi bir çox problemlər var.
6. Həyatdan razılıq behişt cəmiyyətinin xüsusiyyətlərindədir.
7. Mükafat və cəzanın əsas amili əməldir. Əməllər ədalət tərəzisində çəkilər.
“TƏKASUR” SURƏSİ
Dostları ilə paylaş: |