(113-CÜ SURƏ; 5 AYƏ)
OTUZUNCU CÜZ
“FƏLƏQ” SURƏSİNİN SİMASI
Məkkədə nazil olmuş bu surə 5 ayədən ibarətdir. Surənin adı onun 1-ci surəsindən götürülmüşdür. “Fələq” dedikdə yarılma mənası nəzərdə tutulur.
Bütün şərlərdən Allahın pak zatına pənah aparılması surənin əsas məzmununu təşkil edir.
Həzrət Peyğəmbər (s) buyurur: “Mənə bu vaxtadək nazil olmamış ayələr nazil olmuşdur. Onlar “Fələq” və “Nas” surələridir.”
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5:
﴿قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ﴾﴿مِن شَرِّ مَا خَلَقَ﴾﴿وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ﴾﴿وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ﴾﴿وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ﴾
“De ki, pənah aparıram sübh ağartısının Rəbbinə; yaratdıqlarının şərindən; hər yeri bürüməkdə olan gecənin qaranlığı şərindən; düyünlərə üfürən ovsunçuların şərindən; həsəd apardıqları vaxt həsədçilərin şərindən.”
Nöqtələr
◘“Fələq” sözü də “fəcr” sözü kimi yarılma mənasını bildirir. Bu söz gecə qaranlığının yarılması və sübh ağartısının görünməsinə işarədir.1 (Qeyd)
◘“Ğasiq” dedikdə gecənin başlanğıcı nəzərdə tutulur.2 (Qeyd)Olsun ki, “ğasiq” dedikdə qaranlıq gətirən bütün mövcudlar nəzərdə tutulur. Mənəvi zülmətə səbəb olanlar da bu qəbildəndir.
◘Şər insanlar öz planlarını həyata keçirmək üçün gecənin qaranlığından istifadə edir. Bu səbəbdən də gecənin şərindən Allaha pənah aparılır.
◘“Nəffasat” sözü “nəfs” sözündəndir. Bu söz üfürmək mənasını bildirir. “Uqəd” sözü düyün mənasını bildirən “əqd” sözünün cəm formasıdır.
◘Bütün şeylərdə şər ehtimalı var. Hətta elm və ehsan, şücaət və ibadət kimi müsbət şeylərdən bəla gözlənilir. Elmin bəlası təkəbbür, ehsanın bəlası minnət, ibadətin bəlası riya, şücaətin bəlası zülm-sitəmdir.
◘Gözlənilən zərərlə bağlı üç nöqtə qeyd etmək olar: hücum hazırlığı, hücum üçün münasib fürsət, zəif nöqtələr. Bəli, düşmən hücuma hazırlaşır, qaranlıqdan və zəif nöqtələrdən istifadə edir.
◘Mənfi təbliğat, şayiələr, qarşı tərəfi səbatdan salmaq üçündür. Necə ki, bəziləri vəsvəsələr və şəkk-şübhə yaratmaqla ərlə arvad arasına fitnə salır.1 (Qeyd)
◘Allah hər şeyi xeyirli yaratsa da, düzgün yolda istifadə edilməyən şey şər gətirir. Dəmir xeyirdir. Amma bıçaq bıçaqdan sui-istifadə edildikdə şər törəyir.
◘“Min şərri ma xələq” dedikdə yaranmışlar tərəfindən şərr nəzərdə tutulur.
◘Təhlükələrdən Allaha sığınmaq təkcə sözlə hasil olmur. Bu istiqamətdə addım atmaq lazımdır. Peyğəmbər (s) əhli-beyti miskini, yetimi və əsiri doyurarkən deyirdilər: “Biz qiyamət günündən qorxuruq.”2 (Qeyd)Quran buyurur: “Allah da onları həmin günün şərindən xilas etdi.”3 (Qeyd)
◘Bir şəxs öz zahiri çirkinliyindən Peyğəmbərə (s) şikayətləndi. Cəbrail nazil oldu və həmin şəxsə Allahın salamını çatdırıb dedi: “Allah buyurur ki, qiyamət günü Cəbrail kimi gözəl olmaq istəyirsənmi?” Həmin şəxs sevindi və qərara gəldi ki, bütün vacib və müstəhəb ibadətləri yerinə yetirsin.”4 (Qeyd)
◘Mütləq bir şər yoxdur. Allah belə bir şər yaratmayıb. Şər gətirən istənilən bir işin xeyir tərəfi var. Necə ki, Mövlanə deyir:
İlan zəhərində tapılır xeyir,
Amma bəzən insandan zərər gəlir.
Demək, nisbi olur dünyada pislik,
Nəyəsə pis söyləmə birdəfəlik.
◘Bəzi çətinlikləri şər saymaq olmaz. Bu çətinliklər təkamül səbəbidir. Mövləvi deyir:
Torpağa sancdılar buğda dənini,
Bircə dəndən götürdülər minini.
Sonra dəyirmanda çəkdilər onu,
Bişirdilər, dəyişdilər adını.
Yenidən əzdilər dişləri ilə,
Bir güc gəldi həm bədənə, həm əqlə.
O can böyük eşqə qurban gedən dəm
Yenə oldu hər şey torpağa həmdəm.
◘Quranda tövsiyə olunur ki, insan öz zövcəsi ilə yaxşı rəftar etsin. Xoşlamadığınız kəsdə də lütflər ola bilər. Bəzən qadın gözəl olmasa da böyük övladlar tərbiyə edir.
◘Bir çox çətinliklər insanların istedadlarını çiçəkləndirir. Çətinlik insanda səbr və müqavimət yaradır, onun qəlbini yumşaldır.5 (Qeyd)
◘Gecə ilahi insanlar üçün ibadət məqamıdır. Namərdlər isə gecədən fitnə-fəsad üçün istifadə edir.
◘Dostluq rabitələrini qıran sözlərdən Allaha pənah aparmaq lazımdır.
◘İnsanın Allaha pənah aparması Allahın ona sığınacaq verməsindən asılıdır. Əks təqdirdə pənah aparmaq faydasızdır.
◘Bütün şərlər arasından üç şərin adı bu surədə qeyd olunur: gizlində və qaranlıqda şər; çirkin dillərin şəri; həsəd və rəqabət şəri.
◘Bəzi qadınlar öz gözəllikləri və şirin dilləri ilə kişiləri öz qərarından daşındıra bilər. Bu halda onlar “nəffasat” nümunəsi olur.
◘“Nəffasat” nümunələrindən biri də sehr-cadudur. Bu işi öyrənmək və əməl etmək haramdır.
◘“Min şərri ma xələq” dedikdə bütün şərlər nəzərdə tutulur. Amma xüsusi əhəmiyyət daşıdığından üç şər ayrıca qeyd edilir.
◘Bütün hallarda Allaha sığınmaq zəruridir. Hətta Quran oxuyanda Allahın şərindən Allaha sığın!
◘“Fələq” surəsində ilahi bir sifətə işarə olunur. Bu Allahın “Rəbb” sifətidir. “Nas” surəsində isə əksinədir. Bir təhlükə müqabilində Allahın üç sifətinə pənah aparılır. Bu sifətlər Allahın Rəbb, Məlik və İləh sifətləridir.
Həsəd haqqında
Kamilliyə çatmaq üçün çalışmaq qibtədir və dəyər sayılır. Amma başqalarının kamilliklərini məhv etmək üçün göstərilən təlaşlar həsəddir. Həsəd insanın tutumsuzluğunu, darbaxışlılığını göstərir. Yer üzündə məhz həsəd səbəbindən ilk qətl törəndi və Adəmin övladları arasında dava-dalaş yarandı. Səmada baş verən ilk günahın səbəbi də həsəddir. Həmin vaxt İblis insana həsəd apardı. Hədisdə bildirilir ki, od çırpını məhv etdiyi kimi, həsəd imanı məhv edir.1 (Qeyd)
Peyğəmbər (s) əhli-beyti məhz həsəd ucbatından işdən kənarlaşdırıldı. “Nisa” surəsinin 54-cü ayəsində buyurulur ki, nə üçün Allahın layiqli insanlara lütfünə görə həsəd aparırlar?! Həmin ayədə İbrahim ailəsinə kitab, hikmət və mülk verildiyi bildirilir.
Bütün şərlər arasında ən pisi həsəddir. Çünki həsədçi insan plan cızır, hiylə qurur, müxtəlif şər yollarla məqsədə çatmaq istəyir.
Həzrət Əli (ə) buyurur: “Həsəd təhlükəli xəstəlikdir. Bu xəstəlik yalnız həsəd edənin ölümü və məhvi ilə aradan qalxar.”2 (Qeyd) Həsədçi insan əslində Allaha etiraz edir. Belələri başqalarına həsəd aparmaqla Allahın istək və iradəsinə qarşı çıxır. Həsəd aparan insan heç vaxt xeyirxahlıq göstərmir, nəsihət vermir. O başqalarına xeyirdən çəkinir.
◘Quran bir çox günahların kökü kimi həsədi qeyd edir. İmam Sadiq (ə) buyurur: “Küfrün kökü həsəddir.”3 (Qeyd) Bəziləri peyğəmbərlərə qarşı çıxır. Özləri kimi birinin peyğəmbər olmasına etiraz edirdilər.4 (Qeyd)Həsəd aparan insanda təvazö və təşəkkür görünməz. Belələri heç vaxt başqalarının kamilliyini etiraf etməz, haqqı gizlədərlər. Həsəd aparan insan adətən münafiq olur. Həzrət Əli (ə) buyurur: “Onlar zahirdə məhəbbət göstərir, batində kin-küdurət saxlayır.”1 (Qeyd)
Dostları ilə paylaş: |