Nöqtələr
◘Fəxr Razi “Təfsiri-kəbirdə” deyir: “19 rəqəmi cəhənnəm məmurlarının sayını bildirir. Bu məlumat bir neçə baxımdan kitab əhli və müsəlmanlarda yəqinlik yaradır:
a) 19 rəqəmi Tövrat və İncil kimi səmavi kitablarda qeyd olunmuşdur. Kitab əhli təəccüblənir ki, məktəb görməmiş bir şəxs bundan necə xəbər tutmuşdur? Demək, ona vəhy nazil olmuşdur.
b) Kitab əhlinin Qurana inamı müsəlmanların etiqadını gücləndirir.
v) Cəhənnəm məmurlarının sayının 19 olması bəzilərinin təəccübünə səbəb olur. Onlar bu məsələni məsxərəyə qoyurlar. Əslində isə insan ətrafdakıları güldürəcək bir söz danışmır. Əgər Quran cəhənnəm məmurlarının sayını qeyd edirsə, məlum olur ki, bu Allah kəlamıdır.
◘Quranın bəzi ayələrində bildirilir ki, bəzilərini Allah azdırır. Necə ki, bu ayənin sonunda “Allah istədiyini azdırır” buyurulur. Əslində isə “izlal” dedikdə insanın özbaşına buraxılması nəzərdə tutulur. Yəni Allah ləyaqətsiz insanları özbaşına buraxır. Necə ki əkinçi çürümüş toxumu saf toxumdan ayırıb kənara atır.
◘Tövrat və İncilin mütaliəsi, onların Quranla müqayisəsi möminlərin imanını artıran yollardandır. Bu istiqamətdə addım atan insan həmin kitabların təhrif olduğuna inanır, eləcə də Quranın ilahiliyini təsdiqləyən müştərək nöqtələr tapır.
◘Dini məsələlərə hörmətlə yanaşaq. Heç vaxt bizi təəccübləndirəcək mövzuları məsxərəyə qoymayaq. Cəhənnəm məmurlarının 19 nəfər olması sadəcə bir sınaq vasitəsidir. Kimlər buna inancaq, kimlər bunu inkar edəcək?
◘Varlıq aləmində işlər çox dəqiq və hesablanmış şəkildə idarə olunur. Varlıq aləmindəki məmurlar nə bir nəfər artıqdır, nə də bir nəfər əskik.
İlahi elmə əsasən cəhənnəm və cəhənnəmdəkilərin idarə olunması üçün 19 mələk bəs edir. Bu rəqəm işçi götürərkən hədd gözləməyən müdirlər üçün yaxşı bir dərsdir.
Bildirişlər
1. Cəhənnəmin məmurları mələklərdir.
2. Allahın qanun və göstərişlərini yalnız pak varlıqlar yerinə yetirə bilər. Məmur qoyacağı qadağaya öncə özü əməl etməlidir.
3. Cəhənnəm gözətçilərinin sayının zikr olunması kafirlərin sınağı üçündür.
4. Kitab əhli arasında da Quranın ilahiliyini görüb iman gətirən insaflı şəxslər var.
5. Quran gələcəkdə səhnəyə çıxacaq qəlbi xəstə fərdlərin sözlərini yada salır.
6. Allah insanı səbəbsiz yerə azdırmır, belə bir azğınlıq kafirlərin cəzasıdır. Məsələn, ev sahibi oğru evə girdikdən sonra qapını bağlayır və onu həbs edir. Onun qapını bağlaması bir növ cəzadır.
7. Kafirlər və münafiqlər İslam və müsəlmanlarla düşmənçilikdə əl-ələ vermişlər.
8. Bəzən sadə bir məsələ kimlərisə hidayət edir, kimlərisə azdırır.
Dostları ilə paylaş: |