بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1:
﴿قُلْ هُوَ اللَّهُ أَحَدٌ﴾
“De ki, O yeganə Allahdır.”
Nöqtələr
◘“Əllah” sözü “Vəlihə” sözündəndir. Bu söz heyrət mənasını bildirir. Yəni yaranmışlar ilahi həqiqəti dərk etməkdə acizdirlər, onun zatını tanıya bilməzlər. Həzrət Əli (ə) buyurur: “Allah sözünün mənası budur ki, o yaranmışları heyrətə salan məbuddur. Çünki gözlərdən gizlidir, düşüncələrdən pərdələnmişdir.”1 (Qeyd)
◘“Vahid” və “Əhəd” sözləri arasında fərq var. “Vahid” sözü o zaman işlədilir ki, onun ardınca iki və üç də olsun. “Əhəd” sözü isə yeganə mənasını bildirir. Əgər deyilsə ki, insanın qarşısına bir nəfər çıxa bilməz, bu o deməkdir ki, iki nəfər çıxa bilər. Amma əgər deyilsə ki, bir nəfərin qarşısına kimsə çıxa bilməz, bu o deməkdir ki, onun qarşısına çıxacaq qüvvə yoxdur. “Əhəd” sözü “bir” yox, “yeganə” mənasını bildirir.
◘Tövhid imanla küfr arasında sərhəddir. Tövhidi qəbul etmədən iman qalasına daxil olmaq mümkün deyil. Peyğəmbərin (s) ilk sözü “La ilahə illəllah”, tövhid kəlmələri olmuşdur. Tövhid kəlmələri cəmi üç hərifdən təşkil olunmuşdur. (Əlif, lam, ha) Bu kəlmələi zikr edərkən hətta dodaq tərpənmir. Amma tövhidə əməl məsum rəhbərlərə itaətdən başlayıb onların canişinlərinə itaətədək davam edir. Çünki məsum imama inam və itaət tövhid şərtidir.
İmam Riza (ə) Məmunun məcburiyyəti ilə Mədinədən Mərvə hicrət etdi. Nişapura çatdığı vaxt insanlar onun ətrafına toplaşdılar, ondan hədiyyə və göstəriş istədilər. İmam buyurdu: “Atam atasından, o da babasından, o da Peyğəmbərdən (s) belə nəql edir ki, Allah buyurur: “Tövhid mənim qalamdır, hər kəs bu qalaya daxil olsa, mənim qəhr-qəzəbimdən amandadır.” İmam sonra buyurur: “Əlbəttə ki, tövhidin şərtləri var. Mən onun şərtiyəm. Yəni vilayətsiz tövhid qəbul deyil.” İmam Mehdinin (ə. c.) qeybi dövründə də onun öz göstərişi ilə ədalətli fəqihlərə itaət olunmalıdır. Demək, kamil tövhid Allahın birliyinə inam, istənilən bir şirk düşüncə və əməldən uzaqlıq, məsum rəhbərə itaət, qeyb dövründə ədalətli fəqihlərə tabeçilikdir.
◘Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) məktubunda yazır: “Əgər Rəbbinin şəriki olsaydı, o da peyğəmbərlər göndərərdi. Beləcə insanlar onu tanıyar, bəndəlik edərdilər.”2 (Qeyd)
◘Allahın birliyinin dəlili onun yaratdıqları arasındakı həmahənglikdir. İmam Sadiq (ə) varlıq aləmindəki həmahəngliyi Allahın yeganəlik nişanəsi sayır.3 (Qeyd) Günəş, ay, yer, su, külək, torpaq, başqa yaranmışlar arasında mövcud olan nizam yaradanın yeganəliyindən danışır. İnsan oksigen alıb karbon xaric edir. Amma bitkilər tərsinə, karbon alıb oksigen xaric edirlər. Körpənin ehtiyacları valideyn məhəbbəti ilə ödənir. Piydən yaradılmış göz şor su ilə qorunur. Mədəyə yol olan ağız həzm üçün şirin su istehsal edir, rütubət yaradır.
◘Cəməl savaşında bir bədəvi ərəb həzrət Əlidən (ə) tövhid haqqında soruşdu. Döyüşçülər onun bu sualından narahat oldular. Həzrət buyurdu: “Bizim savaşımız tövhid üçündür.” Sonra tövhidin həqiqi mənasını bəyan etdi.4 (Qeyd)
◘Allah təkcə zatı baxımından yox, həm də sifətləri baxımından yeganədir. O biz insanlar kimi deyil ki, sifətləri zatından ayrı olsun. Bizim bu gün elm və gücümüz var. Amma uşaq vaxtı bu sifətlərə malik deyildik. Qocaldığımız vaxt isə həmin sifətləri əldən veririk. Allahın elm və qüdrəti var və O bu sifətləri sonradan qazanmayıb. Elm və qüdrət Allahın zatındadır. Məxluqluq, acizlik, yoxsulluq heç vaxt bizdən ayrı olmayıb və olmayacaq!
Dostları ilə paylaş: |