﴿ذَلِكَ بِأَنَّهُ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ فَقَالُواْ أَبَشَرٌ يَهْدُونَنَا فَكَفَرُواْ وَتَوَلَّواْ وَّٱسْتَغْنَى ٱللَّهُ وَٱللَّهُ غَنِيٌّ حَمِيدٌ﴾
“Bunun (bu cəzanın) səbəbi o oldu ki, peyğəmbərləri aşkar dəlillərlə onların sorağına gəldiyi vaxt (qəbul etmək əvəzinə) dedilər: “(Özümüz kimi) Bir insanmı bizi hidayət etsin?” Bu səbəbdən küfr etdilər, arxa çevirdilər. Allah (Onların iman gətirməsindən ehtiyacsızdır. Allah ehtiyacsız və həmd olunasıdır.”
Nöqtələr
◘Təbliğin müxtəlif növləri var və ən yaxşı növü əməllə təbliğdir. Allah peyğəmbərləri bəşər növündən seçdi ki, onlar başqaları kimi həyatın acı və şirinliklərini dadsınlar, əməldə bələdçi olsunlar. Dar düşüncəli bəzi insanlar isə peyğəmbərlərin bəşər növündən olmasını nöqsan sayır və deyirlər ki, özümüz kimi bir bəşər bizə yol göstərsin?!
◘”İstəğna” sözü “ğəniy” kökündən olub ehtiyacsızlıq mənasını bildirir. Ehtiyacsızlıq yalnız Allahın şənindədir. İnsan isə başdan ayağa ehtiyac içindədir. Ən pis sifət isə ehtiyaclı olmaq yox, ehtiyaclı olmadığını düşünməkdir. Quranda bu sifət üç məqamda məzəmmət edilir.1 (Qeyd)
◘Cəmiyyətdə və möminlər arasında şəkk-şübhə yaratmaq təkəbbürlü kafirlərin qaydasıdır. Bu ayədə deyirlər ki, bizim kimi bəşər bizi hidayət etsin? Başqa bir məqamda isə Peyğəmbərin (s) Allah tərəfindən göndərilməsini şübhə altına alırlar.2 (Qeyd) Bəzən də Peyğəmbərin (s) yoxsulluğunu bəhanə gətirirlər.3 (Qeyd)
◘Kafirlərin heç bir dəlili yoxdur, onlar sadəcə təkəbbür göstərirlər. Peyğəmbər (s) haqqında deyirlər ki, bəşər növündən olan fərd cəmiyyəti hidayət edə bilməz.
Məadı şübhə altına alaraq bildirirlər ki, torpaqda çürüyüb yox olduqdan sonra yenidən necə dirilərik?4 (Qeyd)
◘Allah insanların iman və diqqətinə ehtiyaclı deyil. Başqa bir ayədə Allahın insanların imanına ehtiyaclı olmadığı önə çəkilir. Bəli, yer üzündəki bütün insanlar kafir olsalar da, bunun Allaha zərəri yoxdur.5 (Qeyd) İnsanların günəşə arxa çevirməsi günəşə yox, onların özlərinə zərərlidir. Ayələrdən birində buyurulur ki, küfrə üz tutan Allahın bütün varlıq aləmindən ehtiyacsız olduğunu bilsin.6 (Qeyd)
Bildirişlər
1. Keçmişlərin tarixini araşdırın.
2. Allah xəbərdarlıq etdikdən sonra qəzəbini nazil edir.
3. Allah bəşəriyyətin hidayəti üçün tarix boyu Peyğəmbərlər göndərmişdir.
4. Bütün peyğəmbərlərin aşkar dəlilləri, möcüzələri olmuşdur.
5. Kafirlər peyğəmbərlərin möcüzələrinə əhəmiyyət vermədən onlara münasibətdə şəkk-şübhə yaradırlar.
6. Kafirlərin nəzərincə peyğəmbərlərin insan nəslindən olması zəif nöqtədir.
7. Allah zatən ehtiyacsız, əməldə həmd olunası, sitayişə layiqdir.
Dostları ilə paylaş: |