Nöqtələr
◘”Ulqu” sözü “ilqa” sözündən olub məcburi şəkildə atmaq mənasını bildirir.
◘Ən çirkin, ən xoşagəlməz səsə “şəhiq” deyirlər. “Təfur” dedikdə cəhənnəmin böyük şölələrinin qalxıb yatması nəzərdə tutulur.
◘Nəzərdə tutulan pis səs həm cəhənnəmdən, həm də cəhənnəm əhlindən ucala bilər.3 (Qeyd)
Bildirişlər
1. Bəzən qəzəb partlayış həddinə çatır.
2. Cəhənnəm əhli odun içinə atılar.
3. Cəhənnəm əzabı təhqir, pis və qınaqlı suallarla müşayiət olunar.
4. Yalnız xəbərdarlıq başa çatdıqdan sonra Allahın əzabı nazil olur.
Ayə 9, 10, 11:
﴿قَالُواْ بَلَى قَدْ جَآءَنَا نَذِيرٌ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَيْءٍ إِنْ أَنتُمْ إِلَّا فِي ضَلَالٍ كَبِيرٍ﴾﴿وَقَالُواْ لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِي أَصْحَابِ ٱلسَّعِيرِ﴾﴿فَاعْتَرَفُواْ بِذَنبِهِمْ فَسُحْقًا لِّأَصْحَابِ ٱلسَّعِيرِ﴾
“Deyərlər: nə üçün gəlməmişdi?! Xəbərdarlıq edən biri sorağımızca gəldi, amma biz təkzib etdik və dedik: Allah heç nə nazil etməyib, siz böyük bir azğınlıq içindəsiniz. Deyərlər ki, əgər haqqı eşitmiş və ya düşünmüş olsaydıq, od əhlinə qatılmazdıq. Bəli, öz günahlarını etiraf edərlər. Lənət olsun od əhlinə!”
Nöqtələr
◘Bu üç ayədə kafirlərin qiyamətdəki üç etirafı yada salınır: peyğəmbərlərin gəlişinin etirafı və onların təkzib edilməsi; haqq sözün dinlənilməməsi və düşünülməməsi; günahların etirafı.
◘”Fussilət” surəsinin 26-cı ayəsində oxuduq ki, Quranı dinləmək istəməyənlər qiyamət günü “ey kaş dinləyəydik” deyərlər.
Bildirişlər
1. Allahın insanı yaratmaqda məqsədi onu kamilləşdirməkdir. Məhz bu məqsədlə səmavi rəhbərlər göndərilir. Səmavi rəhbərlərsiz uyğun məqsəd həyata keçə bilməz.
2. Dini bilərəkdən inkar etməyin sonu cəhənnəmdir.
3. Azğın şəxs öz işinə don geyindirər. Kafirlər hətta Allahın nazil etdiklərini danar.
4. Təkzibin kökü düşüncəsizlikdir. İslam təlimləri düşüncəyə uyğundur. Yaxşı düşünsək mömin olarıq.
5. Həqiqi düşüncə insanı vadar edir ki, o haqqı dinləsin, qəbul edib tabe olsun. Yalnız bu yolla ilahi qəzəbdən qurtulmaq olar.
6. İnadkarlıq ruhiyyəsi bir həddə çatır ki, azğınlar Allahın peyğəmbərlərini azğın adlandırır.
7. Dünyada günahların etirafı insan üçün faydalı ola bilər. Axirətdə etiraf isə səmərəsizdir.
8. Qiyamətdə kafirlərə həm fiziki, həm də ruhi əzab verilər.
Ayə 12, 13, 14:
﴿إِنَّ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالْغَيْبِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ﴾﴿وَأَسِرُّواْ قَوْلَكُمْ أَوِ ٱجْهَرُواْ بِهِ إِنَّهُ عَلِيمٌ بِذَاتِ ٱلصُّدُورِ﴾﴿أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ﴾
“Həqiqətən, batinlərində Rəbblərindən qorxanlar üçün bağışlanma və böyük mükafat var. Sözünüzü gizlədin və ya aşkara çıxarın (fərqi yoxdur). Həqiqətən, o (Allah) sinələrdə olandan agahdır. Yaratmış bir kəs (yaratdığından agah deyilmi). Hansı ki, (Allah) lətif və agahdır.”
Nöqtələr
◘”Nurus-səqələyndə” imam Rizadan (ə) nəql olunmuş rəvayətdə bildirilir ki, lətif dedikdə zərif yox, ilahi elmin hər şeyə nüfuzu nəzərdə tutulur.
Bildirişlər
1. Tərbiyə prosesində həm pislər məzəmmət olunmalı, həm də yaxşılar təşviq edilməlidir. Bu yolla müqayisə aparmaq mümkün olur. (Ötən ayələrdə cəhənnəm əhlinə əzabdan danışıldı, bu ayədə behişt əhli yada salınır)
2. Allah qorxusu davamlı olduqda səmərə verir.
3. Günahlardan paklanmaq ilahi lütflərə çatmaq üçün zəmindir.
4. Həqiqi təqva və Allah qorxusu odur ki, insan öz batinində də Allahdan çəkinsin. Əks təqdirdə təqva zahiridir və nümayiş xarakteri daşıyır.
5. Allah batinlərdən xəbərdardır. Riya və nifaqı bir kənara qoymaq lazımdır.
6. Allahın elmi nüfuzludur və günahı gizlətmək mümkünsüzdür. Allah bütün niyyətlərdən, qəlblərdəki sirlərdən agahdır.
7. Allah yaradan olduğundan yaratdıqlarından tam xəbərdardır.
8. İnsanı nifaq və gizli günahdan saxlayan ən üstün amil onun Allahın elminə iman gətirməsidir.
Dostları ilə paylaş: |