On altıncı cüz ● Ayə 75:
﴿قَالَ أَلَمْ أَقُل لَّكَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِي صَبْرًا﴾
“(Xızr) dedi: «Demədimmi ki, mənimlə yoldaşlığa səbr edə bilməzsən?»”
● Ayə 76:
﴿قَالَ إِن سَأَلْتُكَ عَن شَيْءٍ بَعْدَهَا فَلَا تُصَاحِبْنِي قَدْ بَلَغْتَ مِن لَّدُنِّي عُذْرًا﴾
“(Musa) dedi: «Əgər bundan sonra səndən bir şey soruşsam, mənimlə yoldaşlıq etmə. Həmin halda, şübhəsiz, üzrün olacaq. (Haqqın olacaq ki, məndən uzaqlaşasan.)»”
Nöqtələr
● Peyğəmbər (s) buyurur: “Əgər Musa səbir etsəydi, Xızrın daha qəribə işlərini müşahidə edərdi.”1
Bildirişlər
1. Allahın övliyalarının elmə yiyələnmək dözümü və tutumu eyni deyil.
2. Xasiyyətləri müəyyənləşdirmək üçün üç dəfə sınamaq və möhlət vermək kifayətdir.
3. Əgər bir şəxslə fikir ayrılığımız olsa və bir-birimizi dərk etməsək, müqavimət göstərmədən ayrılaq.
4. Musanın etirazlarının səbəbi Xızrın işlərini anlamaması idi.
5. Öz əməllərimizə münasibətdə insaflı rəy verək. Musa səbirsizliyin məsuliyyətini öz öhdəsinə götürdü.
6. Bir şəxsdən ayrılanda ədəb çərçivəsindən çıxmayaq.
7. Hər ayrılığı kin-küdurət, təkəbbür nişanəsi saymaq olmaz.
Dostları ilə paylaş: |