● Ayə 88:
﴿فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَكَذَلِكَ نُنجِي الْمُؤْمِنِينَ﴾
“Duasını qəbul etdik, onu qəmdən qurtardıq. Biz, möminlərə bu sayaq nicat veririk.”
Nöqtələr
Təfsirlərdə həzrət Yunisin əhvalatı ilə bağlı bildirilir: Həzrət Yunis uzun illər xalqı allahpərəstliyə dəvət etdi, amma ona yalnız iki nəfər iman gətirdi. Onlardan biri abid, digəri alim idi. Belə bir vəziyyət yarandıqda abid Yunisə nifrin etməyi məsləhət gördü. Xalqın itaətsizliyi və inadkarlığından cana yığılmış Yunis nifrin etdi. Bəla nişanələri görünən vaxt Allahdan icazə almadan qəzəblənərək məntəqəni tərk etdi. O düşündü ki, rahatlığa çıxacaq. Amma bilmirdi ki, bu addımına görə Allah tərəfindən sıxıntıya salınacaq.
O, xalqdan uzaqlaşıb dəryaya üz tutdu. Başqa bir məntəqəyə getmək məqsədi ilə gəmiyə süvar oldu. Yol arası gəmi nəhəng bir daşa dəyib zədələndi və batmaq təhlükəsi yarandı.
Gəmi sahibləri qərara gəldilər ki, bu bəladan xilas olmaq üçün gəmidə olanlardan birini dənizə atsınlar. Püşk atıldı və püşkdən Yunisin adı çıxdı. Beləcə, Yunis dəryaya atıldı. Dalğaların qoynuna düşər-düşməz bir dəniz nəhəngi (iri bir balıq, balina) Yunisi uddu. Amma Allahın əmri ilə ilahi peyğəmbər nəhəngin qarnında hifz olundu.
Yunis balığın qarnındakı zülmətdə, suyun dərinliyində xalqı tərk etməklə bağlı zülmünü anladı. O günahını etiraf edib Allaha dua etdi və duası qəbul olundu. Yunis düşdüyü zülmətdən xilas edildi. Həmin hadisədən sonra ona “zunnun”, yəni balıq sahibi ləqəbi verildi.
“Saffat” surəsinin 143, 144-cü ayələrində buyurulur: “Əgər o təsbih edənlər zümrəsindən sayılmasaydı, Qiyamət gününədək balığın qarnında həbsdə qalardı.”
Dostları ilə paylaş: |