● Ötən ayədə Salehin dəvəsinin öldürülməsindən danışıldı. Bu ayədə isə Peyğəmbər (s) Əhli-beytinin (ə) qatili olmuş məlun ağacdan söz açılır.
Rəvayətlərdə oxuyuruq ki, Əhli-beyt (ə) buyurmuşdur: “Biz Salehin dəvəsindən əskik deyilik, bizə qarşı düşmənçilik fəlakətlə sonuclanır.”1
● Quranda İslam Peyğəmbərinin (s) bir neçə yuxusuna işarə olunur: Bədr döyüşü astanasında röyada Allah düşmənləri Peyğəmbərə (s) azsaylı göstərildi.2 Digər bir röyada həzrət Məscidül-Hərama qalib halda daxil olduğunu gördü.3 Başqa bir yuxu isə bu ayədə bəyan olunur. Əvvəlki iki yuxu hicrətdən sonra Mədinədə gerçəkləşmişdi. Bu yuxu isə Məkkə dövrünə aiddir. Bəziləri bildirirlər ki, bu röya meracla bağlıdır. Halbuki merac gerçəkdə baş vermişdir, röya isə yuxuda görülənlərdir.
Həmin yuxu və lənətlənmiş ağac bir-birindən ayrı deyil. Çünki hər ikisinin nəticəsi eynidir və bu nəticə xalq üçün fitnədən ibarətdir. Allah lənətlənmiş ağac və onların əməllərini Peyğəmbərə (s) yuxuda göstərdi. Bildirildi ki, bu, ümmətinin fitnə səbəbidir. “Rəbbin insanları əhatə edir” cümləsi ilə Peyğəmbərə (s) təsəlli verildi.
● “Şəcərə” həm ağac, həm də budağı olan hər hansı gövdə mənasını bildirir. Bu səbəbdən qəbilə, tayfa da şəcərə adlanır. Həzrət Peyğəmbər (s) buyurur: “Mən və Əli bir şəcərəyik.”1 Əsil-nəsil silsiləsi də “şəcərənamə” adlanır. Demək, lənətlənmiş şəcərə (ağac) dedikdə, lənətlənmiş qövm nəzərdə tutulur.
● Ayənin sonunda deyilir ki, lənətlənmiş ağacla bağlı ilahi xəbərdarlıq düşmənlərin yalnız tüğyanını artırdı. “Tuğyanən kəbira” təbiri yalnız bu ayədə işlədilmişdir. Demək, bir lənətlənmiş ağacdan, qövmdən danışılır. Bu qövm zahirən müsəlman olsa da, daxilən münafiqdir və xalq arasında fitnəyə səbəb olur.
Quranda bir çox işlər lənətlənmişdir. Məsələn, İblis, yəhudilər, münafiqlər, müşriklər, haqqı gizlədən alimlər, Peyğəmbərə (s) əziyyət verənlər. Amma yalnız münafiqlər müsəlmanlarladır və onlar arasında fitnə törədirlər. İblis, kitab əhli və müşriklərin siması aydındır. Yalnız münafiqlər müsəlman qiyafəsində fitnə axtarırlar.2
● Bəziləri elə düşünürlər ki, lənətlənmiş ağac dedikdə, ilahi əzab vasitəsi olan Zəqqum ağacına işarə olunmuşdur. Amma əzab vasitəsi olan başqa amillər də var və bu səciyyə lənətlənmə göstəricisidir. Fironun qərq olduğu Nil çayı, yolunu azmış qövmlərə əzab gətirən mələklər, Allahın qüdrəti ilə kafirləri məhv edən möminlər misal göstərilə bilər.3
● Əllamə Təbatəbai “Qədr” surəsi ilə bağlı rəvayətlərdən danışarkən Xətib Bağdadi, Termizi, İbn Cübeyr, Təbərani, Beyhəqi, İbn Mərdəvey kimi sünni, “Kafi” kitabının sahibi Kuleyni kimi şiə alimlərindən belə nəql edir: Həzrət Peyğəmbər (s) yuxuda öz minbərindən meymunların yuxarı qalxdığını görüb çox qəmgin oldu. Cəbrail nazil oldu. Həzrət öz yuxusunu ona danışdı. Cəbrail səmaya qalxıb çox keçməmiş qayıtdı və özü ilə bu ayələri gətirdi: “Görmürsənmi, əgər onlara illər uzunu bəhrə versək, sonra vəd olunmuş əzab soraqlarınca gəlsə, dünyadan aldıqları bəhrənin heç bir faydası olmayacaq.”4 Bu röya həm də “Qədr” surəsinin nazil olma səbəblərindəndir. Peyğəmbərə (s) təsəlli verildi ki, əgər Bəni-Üməyyənin hakimiyyəti min il çəkərsə, əvəzində sənə min aydan üstün qədr gecəsi əta etdik.
Peyğəmbərin (s) yuxuda meymunları görməsi, onların Peyğəmbərin (s) minbəri ilə yuxarı qalxaraq hakimiyyəti ələ keçirmələri məsələsi imam Baqir (ə) və imam Sadiqdən (ə) də nəql olunmuşdur.1 Şiə və sünni təfsirçiləri bildirirlər ki, lənətlənmiş ağac (şəcərə) dedikdə Bəni-Üməyyə tayfası nəzərdə tutulmuşdur. İmam Səccad (ə) buyurur: “Cəbrail meymunları Bəni-Üməyyə kimi yozdu. Peyğəmbər (s) soruşdu: “Bu hadisə mənim dövrümdəmi baş verəcək?” Cəbrail cavab verdi: “Xeyr, sənin hicrətindən qırx il sonra!”2
Bəni-Üməyyə arasında ən böyük tüğyan qoparmış, Kərbəla hadisəsini vücuda gətirmiş şəxs Yezid idi. Bu faciə tarixin ən böyük faciəsidir.
Dostları ilə paylaş: |