Bildirişlər
1. Xalqı dinə çağırış qaydalarından biri onları dinsizliyin zərərindən agah etməkdir.
2. İnsan xeyir əldə etmək və şərdən qurtulmaq üçün ibadət edir. Bütlərdə isə nə xeyir vermək, nə də şərdən xilas etmək qüdrəti var.
3. İnsanları oyatmaq üçün zəmin yarandıqda azğınların çirkin sifətlərini açmaq lazımdır.
4. Hisslər əqidə məktəbinin təsiri altında olmalıdır. İbrahimin əmisi də bütpərəst idi. Amma İbrahim bütpərəstliyə münasibətini yumşaltmırdı.
5. Bütpərəstlik ağılla bir araya sığmır. Düşüncəsiz və inadkar insanlar məzəmmətə layiqdirlər.
6. Tövhid aqillərə xas düşüncədir.
7. Ağıl və məntiqdən məhrum şəxslər zora üz tutur.
8. İlahi insanlar son damla qanları tökülənədək məqsəddən üz döndərmirlər. İnsan üçün ən çətin ölüm odda yandırılmaqdır.
9. Yalnız təkallahçılar aradan götürüldükdə şirk yaşaya bilər.
10. Yersiz təəssüblər insanı o qədər alçaldır ki, peyğəmbəri də yandırmaqdan çəkinmir.
11. Düşmən cahil kütlələri qızışdırmaq üçün müqəddəsliklərdən, dini qeyrət hissindən istifadə edir.
12. Allah həm səbəb salmağa, həm də onu aradan qaldırmağa qadirdir. O, həzrət İsanın (ə) nəfəsini ölülər üçün həyat səbəbi edir, oddan yandırıcılığını alaraq onu İbrahim üçün soyudur.
13. Varlıq aləminin şüuru var, ona müraciət olunur.
14. Mövcudların səciyyələri Allahın istək və iradəsindən asılıdır.
15. Haqq nuru küfr odu ilə aradan götürülə bilməz.
16. Allahın qüdrəti bütün qurğuları puça çıxara bilər.
17. Sonda haqq qalibdir.
● Ayə 71:
﴿وَنَجَّيْنَاهُ وَلُوطًا إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا لِلْعَالَمِينَ﴾
“Biz onu (İbrahimi) və Lutu bütün aləmlərdəkilər üçün bərəkətli etdiyimiz yerlə xilas etdik.”
● Ayə 72:
﴿وَوَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ نَافِلَةً وَكُلًّا جَعَلْنَا صَالِحِينَ﴾
“Biz ona (İbrahimə) İshaq və Yaqubu əlavə nemət olaraq verdik və hamısını salehlərdən etdik.”
Nöqtələr
Düşmən İbrahimi aradan götürmək istədi. Allah isə ona nicat verməklə yanaşı, bərəkətli nəsil bəxş etdi, onların hamısını salehlərdən qərar verdi.
Ayədə İshaqın adı zikr olunsa da, İbrahimin birinci övladı İsmailin adı çəkilmir. Bunun səbəbi İshaqın qeyri-adi şəkildə dünyaya gəlişi ola bilər. İshaqı Allahın iradəsi ilə sonsuz və yaşı keçmiş bir ana dünyaya gətirdi.
Bildirişlər
1. Allah Öz övliyalarını tənha qoymur.
2. Alov dağından, düşmən dəryasından qorxmayan kəs mübarək məntəqəyə çatasıdır.
3. İlahi qurtuluş insanın səy və hicrətindən asılıdır.
4. Nəvələr Allahın hədiyyəsidir. (Yaqub İbrahimin nəvəsi idi.)
5. Yer üzünün ayrı-ayrı məntəqələri bir-birindən fərqlənir. Bəzən bir məntəqə hamı üçün bərəkətli olur. (Bəziləri belə hesab edirlər ki, yeri bərəkətli edən orada övliyaların yaşamasıdır. Amma bu ayədə bərəkət yerin öz səciyyəsi kimi təqdim olunub.)
6. Bərəkət Allahın əlindədir.
7. İman və saleh əməl insanın özündən əlavə onun nəslinə də təsir göstərir.
8. Mübarək fərdlər və nəsillər mübarək məntəqələrdə məskunlaşmalıdırlar.
9. Övlad Allahın ətasıdır. Amma övladın varlığından da mühümü onun saleh olmasıdır.
10. Rəhbərlik və peyğəmbərlik üçün əsas şərt salehlikdir.
● Ayə 73:
﴿وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَا إِلَيْهِمْ فِعْلَ الْخَيْرَاتِ وَإِقَامَ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ وَكَانُوا لَنَا عَابِدِينَ﴾
“Onları Bizim göstərişimizlə (xalqı) hidayət edən rəhbərlər qərar verdik. Onlara yaxşı işlər görməyi, namazın bərpasını və zəkat ödəməyi vəhy etdik. Onlar yalnız Bizim abidlərimiz idilər.”
Bildirişlər
1. İmamət də nübuvvət kimi Allahın seçimi ilə müəyyənləşməlidir.
2. Böyük peyğəmbərlər risalət məqamından əlavə, cəmiyyətə imamət və rəhbərlik məqamını da öhdəyə götürmüşlər.
3. Zor və quldurluqla əldə olunmuş imamət və rəhbərlik cəhənnəmə dəvətdir. Allah tərəfindən müəyyənləşmiş imamət isə mübarək və haqq yolda olasıdır.
4. Peyğəmbərlərin dəvəti şəxsi istəklərinə yox, Allahın əmrinə əsaslanır.1
5. Xeyir işlərə diqqət Allahın xüsusi lütflərindəndir.
6. Xeyir işlər arasında namaz və zəkatın xüsusi yeri var.
7. Namaz və zəkat bütün səmavi dinlərin iki mühüm əsasıdır.
8. Namaz və zəkatsız Allaha bəndəlik dərəcəsinə çatmaq mümkünsüzdür.
9. İlahi rəhbərlər Allahın xalis bəndələridir.
10. İlahi nemətlər bizə Allaha bəndəliyi unutdurmasın. (Peyğəmbərlər rəhbərlik məqamına nail olsalar da, bəndəlik məqamında qalmışlar.)
11. Din siyasətdən ayrı deyil.
12. Rəhbər dəvət etdiyi həqiqətin daşıyıcısı olmalıdır.
● Ayə 74:
﴿وَلُوطًا آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا وَنَجَّيْنَاهُ مِنَ الْقَرْيَةِ الَّتِي كَانَت تَّعْمَلُ الْخَبَائِثَ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَاسِقِينَ﴾
“Luta hikmət və elm verdik. Onu çirkin işlər görülən məntəqədən xilas etdik. Doğrudan da, onlar pis və azğın qövm idi. ”
● Ayə 75:
﴿وَأَدْخَلْنَاهُ فِي رَحْمَتِنَا إِنَّهُ مِنَ الصَّالِحِينَ﴾
“Onu Öz rəhmətimizə daxil etdik. Həqiqətən, o, salehlərdən idi.”
Nöqtələr
Həzrət İbrahimin dövründə Lut peyğəmbər idi. İmamət və rəhbərlik isə İbrahimin öhdəsinə düşmüşdü. Ola bilsin ki, elə bu səbəbdən də ötən ayələrdə İshaq və Yaqub haqqında “Onları imam qərar verdik” təbiri işlənmişdir. Bu ayədə isə Lutun adı ayrıca çəkilir. İbrahim imam olduğundan Lut imamət məqamında olmamışdır.
Bu ayədə Allah Luta əta olunmuş 4 mühüm nemətə işarə edir: Hökm, elm, qurtuluş, rəhmətə daxil olma.
Bu ayədə “hökm” dedikdə nübuvvət məqamı nəzərdə tutula bilər. Çünki həzrət Yəhya haqqında da uyğun təbir işlədilmişdir.2
Allahın nicat verməsi insanların səy və təlaşına zidd deyil. Çünki həzrət Lutun qurtuluşu Allahın əmr və hidayəti, Lutun öz istək və təlaşı ilə baş tutdu.3
Ayədə “fasiqlər” deyərkən kafirlər nəzərdə tutulmuşdur. Uyğun məna ilə başqa ayələrdə də rastlaşırıq.4
Dostları ilə paylaş: |