● ayə 77:
﴿سُنَّةَ مَن قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِن رُّسُلِنَا وَلاَ تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلاً﴾
“Səndən öncə göndərdiyimiz peyğəmbərlər haqqında da bu sünnə (tüğyan edənlərin məhvi) cərəyan edirdi. Bizim sünnəmizdə heç bir dəyişiklik tapmazsan.”
● Peyğəmbərlərin təsdiqi, kafirlərin və zalımların məhvi ilahi sünnədir. Quranda buyurulur: “Kafirlər öz peyğəmbərlərinə dedilər: “Şübhəsiz, biz sizi öz torpağımızdan çıxararıq. Yalnız ayinimizi qəbul etsəniz belə olmaz.” Amma Allah onlara vəhy etdi ki, Biz hökmən sitəmkarları məhv edərik.”1
● Bildirişlər
1. İlahi sünnələr hikmətə əsaslandığından sabitdir. Tarix boyu bu sünnələr dəyişməz.
2. Peyğəmbərlərə qarşı kafirlərin fitnəsi və Allahın qeybi yardımları tarixi köklərə malikdir.
3. Tarixi dəyişikliklər sabit ilahi sünnələrə əsaslanır.
4. Allah adildir. Eyni şəraitlərdə Onun mərhəmət və qəhr-qəzəbi də eyni olur.
● ayə 78:
﴿أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا﴾
“Namazı günəş (məğribə doğru) dönən vaxtdan gecənin qaranlığınadək qıl. Eləcə də, sübh (Quranın qiraətini). Həqiqətən, (sübh namazında) Quran (qiraəti mələklər tərəfindən) müşahidə olunur.”
○ Nöqtələr
● “Duluk” dedikdə günəş orta xəttdən məğribə doğru meyl etdiyi vaxt nəzərdə tutulur. Bu, eniş vaxtıdır. Uyğun vaxt günorta və ikindi (zöhr və əsr) namazlarının vaxtıdır. “Ğəsəqil-ləyli”, yəni gecənin qaranlığı şam və xüftən (məğrib və işa) namazlarının vaxtıdır. Həmin vaxt qaranlıq ətrafı bürüyür. “Fəcr”, yəni sübh ağartısı məqamı isə sübh namazının vaxtıdır.2
● İmam Sadiq (ə) buyurur: “İlkin olaraq günorta (zöhr) namazı vacib oldu.” Sonra imam bu ayəni tilavət etdi.3 Digər bir rəvayətdə deyilir: “Əgər sübh namazı fəcrin əvvəlində qılınsa, həm gecə, həm gündüz mələkləri onu qeydə alar.”4 Sübh namazının müşahidə olunması məsələsi də həmin nöqtəyə işarə ola bilər.5 Yəni hər iki qrup mələk onu müşahidə edib şəhadət verir.
● Bildirişlər
1. İslamda vaxt təbii yolla müəyyənləşdirilir. Bu üsul hamı tərəfindən, hər yerdə və həmişə başa düşüləndir.
2. Dini proqramlarda vaxt bölgüsü var.
3. Namaz “Quran” adı ilə vəsf olunan yeganə ibadətdir.
4. Namazda Quran oxunması əsas mehvərdir.1
5. Namazlar arasında sübh namazının xüsusi yeri var.
● ayə: 79:
﴿وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَّكَ عَسَى أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا﴾
“Gecənin bir vaxtı oyan və təhəccüd (gecə namazı) qıl. Bu, sənin üçün əlavə bir vəzifədir. Ola bilsin ki, Rəbbin səni təriflənmiş bir məqama yüksəldə.”
○ Nöqtələr
● “Həcud” sözü “yatmaq” mənasını bildirir. “Təhəccüd” dedikdə isə ibadətlə yuxunu aradan qaldırmaq nəzərdə tutulur.
● Gecə namazı ən fəzilətli namazlardandır. “Muzzəmmil” və “Muddəssir” surələrində gecənin bir yarısı oyanmaq əmr olunur. Rəvayətlərdə gecə namazının 30-dan çox fəziləti sayılır. Bu fəzilətlərdən bəzilərini nəzərdən keçirək:
- Bütün peyğəmbərlər gecə namazı qılmışlar. Gecə namazı bədənin sağlamlıq və qəbrin aydınlıq rəmzidir. Gecə namazı insanın əxlaqına, ruzisinə, qəmdən qurtuluşuna, borcunun ödənməsinə və gözünün nuruna təsir göstərir.2
- Gecə namazı gündüzün günahını yuyur və qiyamət nurudur.3
- İmam Sadiq (ə) buyurur: “Gecə namazının mükafatı o qədər böyükdür ki, Allah bu ibadətin müqabilində veriləcək mükafatdan kimsənin xəbərdar olmadığını bildirir.4
- İmam Sadiq (ə) buyurur: “Möminin şərəfi gecə namazı, izzəti xalqa əziyyət verməməsidir”.
- Əbuzər Kəbə kənarında xalqa nəsihət edirdi ki: Qəbir dəhşəti və tənhalığına qarşı gecə yarı iki rəkət namaz qılın.”
- Gecə namazından məhrum olan şəxs biçarədir.
- Sizin ən üstününüz acı doyuran, aşkar salam verən, xalq yuxuda olanda namaz qılandır.
● Başqaları üçün müstəhəb üç şey Peyğəmbərə (s) vacib idi: gecə namazı, misvak (dişləri yumaq) və sübh oyanmaq.5
● “Məqamən” sözündə əzəmət vardır. Rəvayətlərdə deyilir ki, təriflənmiş məqam həmin şəfaət məqamıdır.1
● Həzrət Əli (ə) buyurur: “İnsanın günahları, əməlləri və pis rəftarı onu gecə namazından məhrum edir.”2
● Allah günün bütün vaxtlarına and içir.3 Sübh vaxtına isə üç dəfə and içilir.4 Bu andlar tamamlanmaqda olan gecəyə də aiddir. Sübh vaxtı tövbə haqqında iki ayə nazil olmuşdur.5
● Bildirişlər
1. Peyğəmbərə (s) gecə namazı vacib idi. Bəli, rəhbərlik məqamının ağır vəzifələri var.
2. İbadət üçün ən yaxşı vaxt gecə yarısıdır.
3. İbadət və bəndəlik sayəsində bəyənilmiş mənəvi məqamlar əldə olunur.
4. Biz öz ibadətlərimizə görə Allahdan bir şey istəyə bilmərik. Yalnız ümid və Allahın fəzli əsasında gözləmək olar.
5. Gecə namazı təklikdə bəs etmir. Digər kamilliklər də lazımdır.
6. Özü kamilliyə doğru addım atmayan insanı Allah bir məqama çatdırmaz.
7. Yalnız Allah yanında bəyənilmiş məqamın dəyəri var. Qalan nə varsa puç şöhrətdir, dəyərli və qalarlı deyil. Məsəldə deyildiyi kimi, tüstü havaya qalxır, amma üzüqaradır.
8. Allah Özü övliyaları vasitəsi ilə şəfaət edir. Övliyaların bəndələrə Allahdan mehriban olması fikri düzgün deyil.
● ayə 80:
﴿وَقُل رَّبِّ أَدْخِلْنِي مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِي مُخْرَجَ صِدْقٍ وَاجْعَل لِّي مِن لَّدُنكَ سُلْطَانًا نَّصِيرًا﴾
“De ki, ey Rəbbim! Məni yaxşılıq və sədaqətlə (əməllərə) daxil et və xoş bir çıxışla xaric buyur. Mənim üçün Öz tərəfindən güclü hökm və dəlil ver.”
○ Nöqtələr
● Bir iş və ya bir şəxs üçün başlanğıcda ən yaxşı vəsf sədaqətdir. Bir çox işlər riyakarlıq, tamah, yalan, üstünlük tələbi kimi pis səbəblərdən başlaya bilər. Ya da sədaqətlə başlamış bir iş qurur, təkəbbür, minnət kimi pis təzahürlərlə sonuclana bilər. Bu yolla bütün bərəkətlər məhv olar. Bir çox fəaliyyətlərin daşa dəyməsinin səbəbi onlarda sədaqətin olmaması, ilahi qeyblərdən məhrumluqdur.
● İmam Sadiq (ə) buyurur: “Bir işə başlayarkən qorxsan, bu ayəni oxu və addım at.”1
● İnsan elə bir məqama çatır ki, “siddiqin” zümrəsinə qatılır. O dediyinə əməl edir, əməl etdiyini deyir.2 Onun qəlbi, dili və əməli bir-birindən fərqlənmir.
● Sultanən-nəsira” təbirinə layiqli canişini, vəfalı dostu, canıyanan vəzir və ya işçini nümunə göstərmək olar.
Dostları ilə paylaş: |