● Ayə 102:
﴿قَالَ لَقَدْ عَلِمْتَ مَا أَنزَلَ هَـؤُلاء إِلاَّ رَبُّ السَّمَاوَاتِ وَالأَرْضِ بَصَآئِرَ وَإِنِّي لَأَظُنُّكَ يَا فِرْعَونُ مَثْبُورًا﴾
“Musa dedi: “Şübhəsiz, bilirsən ki, bu (möcüzələri) yalnız göylərin və yerin Rəbbi sizin bəsirətiniz üçün göndərib. Ey Firon! Güman edirəm ki, sən həlak olmuşsan.”
Nöqtələr
● Sual: Musa Fironun həlak olmasına əmin olduğu halda nə üçün “güman edirəm” deyir?
Cavab: Əvvəla, “güman edirəm” təbiri qəti bir məsələyə də aid ola bilər. İkincisi, ola bilsin ki, Fironun hidayətinə ümid vardı. Üçüncüsü, düşmən həya pərdəsini yırtmadığı vaxt, ədəb qaydasına əsasən biz də hədd gözləməliyik. Musa Fironun sözünə uyğun şəkildə cavab verdi.
Bildirişlər
1. Bəzən insan haqqı bildiyi halda, özünü bilməməzliyə vurur.
2. İnsanın hidayət və qurtuluşu üçün elmdən əlavə iman və təslimçiliyə də ehtiyac var. Fironun elmi vardı, amma nicat tapa bilmədi.
3. Musanın möcüzələri o qədər aşkar idi ki, Firon da bu möcüzələri dərk edirdi.
4. Möcüzə sehr-cadudan fərqli olaraq xalqın bəsirəti üçündür.
5. Azğın hökumətlərdə xalqın hidayəti üçün başçılara üz tutmaq lazım gəlir.
6. İlahi peyğəmbərlər getdikləri yola əmin idilər. Buna görə də zalım hakimlərə qətiyyətlə xəbərdarlıq edirdilər.
7. Haqqı anladığı halda inadkarlıq və təkəbbür göstərən kəs həlak olar.
● Ayə 103:
﴿فَأَرَادَ أَن يَسْتَفِزَّهُم مِّنَ الأَرْضِ فَأَغْرَقْنَاهُ وَمَن مَّعَهُ جَمِيعًا﴾
“(Firon) qərara gəldi ki, onları məntəqədən sürgün etsin. Beləcə, Biz Fironu və onunla olanların hamısını qərq etdik.”
● Ayə 104:
﴿وَقُلْنَا مِن بَعْدِهِ لِبَنِي إِسْرَائِيلَ اسْكُنُواْ الأَرْضَ فَإِذَا جَاء وَعْدُ الآخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًا﴾
“Bundan (Firon qərq olduqdan) sonra Bəni-İsrailə dedik: «Bu məntəqədə yerləşin. Axirət vədi» çatdıqda sizin hamınızı bir yerə toplayacağıq.”
Nöqtələr
● “İftifzaz” dedikdə zorla xaric etmək mənası anlaşılır. Quran zalımların ilahi övliyalara münasibətdə üsuluna və nakam qalmalarına dəfələrlə işarə etmişdir. İbrahimi oda atdılar, Allah odu soyutdu. Yusifi quyuya atdılar, Misir başçılarından oldu. Peyğəmbəri (s) Məkkədən çıxartdılar, Allah İslam dünyasının hakimiyyətini ona əta etdi. Batil əhlinin məkri qarşısında münasib tədbir görmək ilahi sünnədir.
● “Ləfif” dedikdə bir-birinə qoşulmuş dəstələr nəzərdə tutulur.
Bildirişlər
1. Zalım qüvvələrin işi əziyyət və sürgündür. Haqq insanlara münasibətdə onların dözümü yoxdur.
2. Allah zalım qüvvələrin istəyinə Öz istəyi və qəhr-qəzəbi ilə cavab verir.
3. Günah fikri günah sayılmasa da, peyğəmbərin sürgünü kimi təhlükəli fikir ilahi qəhr-qəzəblə nəticələnir.
4. Zalım qüvvələrin güc-qüdrəti yerə aiddir və məhduddur.
5. Allah höccəti tamamladıqdan, bəhanəyə yer qalmadıqdan sonra əzab göndərir. Möcüzələrdən və xalqın tərsliyindən sonra onların həlak olması qaçılmazdır.
6. Zalım qüvvələrin və onların həmkarlarının sonu puçdur.
7. Zalımlara yardım onların bədbəxtliyinə şəriklik səbəbidir.
8. Xalqın həlakında azğın rəhbərlərin rolu var.
9. Bir məntəqəyə müvəqqəti hakim olanlar qiyamətdə Allaha cavab verməlidirlər.
● Ayə 105:
﴿وَبِالْحَقِّ أَنزَلْنَاهُ وَبِالْحَقِّ نَزَلَ وَمَا أَرْسَلْنَاكَ إِلاَّ مُبَشِّرًا وَنَذِيرًا﴾
“Biz Quranı haqq olaraq nazil etdik və o, haqq olaraq nazil oldu. Biz səni yalnız müjdəçi və qorxudan ünvanında göndərdik.”
Bildirişlər
1. Quranın gerçəkliyinə zəmanət verilmişdir. Quran həm Allah tərəfindən haqq olaraq nazil edildi, həm də ilahi vəhy haqq olaraq (salamat) məqsədə çatdı. Şeytanlar ona bir zərər toxundura bilmədilər.
2. Müjdə və xəbərdarlıq peyğəmbərlərin işinin mehvəridir. Kimsənin haqqı yoxdur ki, başqalarına məcburi əqidə qəbul etdirsin.
3. Müjdə və xəbərdarlıq yanaşı olduqda səmərə verir.
● Ayə 106:
﴿وَقُرْآناً فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَى مُكْثٍ وَنَزَّلْنَاهُ تَنزِيلاً﴾
“Quranı xalqa asta-asta oxuyasan deyə, onu hissələrə böldük və tədricən nazil etdik.”
Nöqtələr
● Kafirlərin etirazlarından biri bu idi ki, nə üçün Quran bir dəfəyə nazil olmur?1 Ayədə uyğun irada cavab verilir.
● Quran ayələri müxtəlif hadisələrlə rabitədə olduğundan və zaman ötdükcə hər bir təbəqənin ehtiyaclarını aradan qaldırmaq üçün hissə-hissə nazil olmuşdur. Ayrı-ayrı vaxtlarda nazil olmuş ayələr müxtəlif hadisələrlə əlaqələnmiş və intizarda olanlar tərəfindən maraqla qarşılanmışdır. Məsələn, əgər cihad ayələri sülh dövründə nazil olsaydı, həm tətbiq edilməz, həm də maraqla qarşılanmazdı.
● Tədricilik Allahın sünnələrindəndir. Allah birdəfəyə yarada biləcəyi halda dünyanı altı gündə yaratdı; Birdəfəyə nazil etməyə qadir ikən Quranı tədricən nazil etdi.
Quran ona görə tədricən nazil edildi ki, onun ayələrinə əməl edilsin. Əlbəttə ki, belə bir tədricilik həm də peyğəmbərin vəhy mənbəyi ilə daimi rabitəsini göstərir.
Bildirişlər
1. Quranın hissə-hissə bölünməsi Allahın istəyidir.
2. Təlim-tərbiyə, doğru yola çağırış tədrici olmalıdır.
3. Quranın tədricən oxunması dinləyicini növbəti ayələrə susadır. Asayiş həm də əminliklə əldə olunur.
4. İstənilən bir tərbiyəçi və islahatçının uzunmüddətli proqramı olmalıdır. O, dövrdən və ortaya çıxan ehtiyaclardan xəbərsiz qalmamalıdır.
5. Əlbəttə ki, peyğəmbərdə Quranı birdəfəyə qəbul etmək tutumu vardı. Amma xalqın tutumu az olduğundan Quran tədricən nazil edilməli idi.
6. Quranın təlimdən əlavə icra yönümü var. Ayələr nazil olduqca icra edilməlidir. Yüzlərlə fəsadın baş aldığı cəmiyyətdə yüzlərlə hökmü birdəfəyə icra etmək mümkünsüzdür.
Dostları ilə paylaş: |