● Ayə 82:
﴿وَأَمَّا الْجِدَارُ فَكَانَ لِغُلَامَيْنِ يَتِيمَيْنِ فِي الْمَدِينَةِ وَكَانَ تَحْتَهُ كَنزٌ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَالِحًا فَأَرَادَ رَبُّكَ أَنْ يَبْلُغَا أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنزَهُمَا رَحْمَةً مِّن رَّبِّكَ وَمَا فَعَلْتُهُ عَنْ أَمْرِي ذَلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِع عَّلَيْهِ صَبْرًا﴾
“Amma o divar həmin şəhərdəki iki yetim gəncin idi. Onun altında həmin iki nəfər üçün xəzinə vardı. Rəbbin istədi ki, həmin iki nəfər yetkinlik həddinə çatdıqdan sonra Rəblərinin onlara mərhəməti olan xəzinəni çıxarsınlar. Mən bu işləri özbaşına görmədim. Sənin dözə bilmədiyin işlərin sirri bu idi.”
Nöqtələr
● Həzrət Peyğəmbər (s) bir rəvayətdə buyurur: “Bu xəzinə qızıl vərəqə yazılmış hikmətli sözlərdən ibarət idi. Yazının məzmunu belə idi: Allahın təqdirinə iman gətirdiyi halda qəmlənən kəs təəccüb doğurur! Ölümə əmin olduğu halda şadlanan kəs təəccüb doğrurur! Ruziyə inandığı halda özünü artıq zəhmətə salan kəs təəccüb doğurur! Dünyanın aradan gedəcəyini bildiyi halda ona güvənən kəs təəccüb doğurur!”1
● Hədislərə əsasən Allahın lütf və rəhməti təkcə oğul-qıza yox, bütün sonrakı nəslə təsirlidir. Ata-babaların saleh əməli Allahın növbəti nəsillərə lütfü ilə nəticələnir.2
● İmam Sadiq (ə) buyurur: “Allah Musaya vəhy etdi: “Mən övladlara atalarının yaxşılığına görə mükafat verərəm.” Sonra buyurur: “Əgər xalqın namusuna xəyanət etsəniz, sizin namusunuza xəyanət olunar.”3
● Bir məqamda valideynin imanını hifz etmək xatirinə övlad öldürülür. Digər bir məqamda atanın saleh əməli səbəbindən peyğəmbər fəhləlik edir ki, övladlar sərmayə əldə etsinlər.
● Bəziləri Müaviyə ilə sülh etdiyi üçün imam Həsənə (ə) etiraz etdikdə həzrət buyurdu: ”Bilmirsinizmi ki, Xızr məsləhət olduğu üçün gəmi dəldi, bir gənci öldürdü və onun gördüyü işlər Musanı qəzəbləndirdi?! Ey insanlar, əgər sülhü qəbul etməsəydim, yer üzünün bütün şiələri məhv olardı.”4
● “Qəryə” və “mədinə” sözləri eyni mənanı bildirir. (Tədqiqatçılardan biri bildirir ki, kənd, şəhər, abadlıq mənasını bildirən “qəryə” və “mədinə” sözlərini araşdırsaq, belə bir nəticə alarıq: Hidayət nuru olan hallarda “mədinə”, hidayət nuru olmayan hallarda “qəryə” sözü işlədilmişdir.)
● “Əşudd” sözü “şiddət” sözünün cəm formasıdır. “Yəbluğa əşuddəhuma”, yəni “onlar bütün yetkinliklərinə çatanadək” mənasını bildirir.
Bildirişlər
1. Qeyri-yetkin uşaq da mülk sahibi ola bilər. Amma bu uşaq yalnız yetkinliyə çatdıqdan sonra həmin mülkü sərf etmək ixtiyarı qazanır.
2. Övladlar üçün ehtiyat sərvət toplamaq caizdir. Amma infaq etmədən qızıl toplamaq qadağandır.
3. Yetimlərin malını hifz etmək vacibdir.
4. Atanın yaxşı işləri övladların taleyinə təsir göstərir.
5. Xızr peyğəmbər olmuşdur.
6. Bəzi hadisələrin dərin təhlil və təfsirə ehtiyacı var və bu hadisələr insanın təkamülü üçündür. Ayədəki mərhələlər Musa üçün inkişaf mərhələləri idi.
7. Allah qarşısında ədəbli danışmaq lazımdır. Həzrət Xızr hətta zahiri baxımdan nöqsan sayılan işləri Allaha yox, özünə aid edirdi.
8. Allah övliyalarının iradəsi Allahın iradəsidir.
● Ayə 83:
﴿وَيَسْأَلُونَكَ عَن ذِي الْقَرْنَيْنِ قُلْ سَأَتْلُو عَلَيْكُم مِّنْهُ ذِكْرًا﴾
“Səndən Zül-Qərneyn haqqında soruşarlar. De ki, tezliklə sizə onun haqqında danışacağam.”
Nöqtələr
● “Qərn” sözünün iki mənası var: Uzun dövr və heyvan buynuzu. Zül-Qərneynin bu sayaq adlandırılmasının səbəbi ya onun uzun müddətli hakimiyyəti, ya da dəbilqəsinin üzərində iki buynuz olması ola bilər. “Qərneyn” dedikdə şərq və qərb nəzərdə tutula bilər. (Ərəblər şərq və qərbi günəşin iki buynuzu saymışlar.) Ola bilsin ki, Zül-Qərneyn bütün şərq və qərbə hakim olduğundan belə adlandırılmışdır.
İmam Baqir (ə) buyurur: “Zül-Qərneyn peyğəmbər olmamışdır. Amma bu saleh şəxsi Allah sevirdi. O öz qövmünü təqvaya çağırırdı. Bir dəfə başından zərbə alan Zül-Qərneyn müəyyən müddət gözə dəymir. Sonradan qayıdıb yenidən xalqı təqvaya dəvət edir. Bu dəfə ikinci zərbəni alır.” Bu məqamda imam buyurur: “Sizin aranızda da bu xüsusiyyətlərə malik şəxs var.”1 Ola bilsin ki, bu şəxs həmin iki zərbəyə xatir Zül-Qərneyn kimi tanınmışdır.
● “Təfsire-nümunə” əsərində bəzi əsaslarla Zül-Qərneynin əslində Kuroş olduğu bildirilir. Əsər müəllifləri yunan tarixçilərinin bəzi məlumatlarına, tövratın müəyyən bəyanatlarına və Kuroşun miladi XІX əsrdə tapılmış iki buynuzlu mücəssəməsinə əsaslanırlar. Amma mərhum Şuərani “Əbul-Futuh” təfsirinin haşiyəsində bildirir ki, Zül-Qərneyn 13 yaşından Ərəstunun şagirdi olmuş Makedoniyalı İsgəndərdir. Amma “Əl-mizan” təfsirində də Kuroş ehtimalına üstünlük verilir.
Əslində Zül-Qərneyn neçə il hakimiyyətdə olması, onun həqiqi adı, neçə il ömür sürməsi, insan və ya mələk olması, peyğəmbər və ya saleh qul olması, İsgəndər və ya Kuroş olması, nə üçün Zül-Qərneyn adlandırılması, hakimiyyət hüdudları, tikdiyi səddin uzunluğu və hündürlüyü, bu səddin Çin səddi olub olmaması cüzi məsələlərdir və bir o qədər də faydalı deyil. İnsanın təkamülündə hadisələrin xırdalıqları+ yox, məqsədləri rol oynayır.
Bildirişlər
1. Xalq öz sualları ilə peyğəmbərlərə müraciət edir və cavab alırdı.
2. Rəhbər və din təbliğatçısı tarix və mühüm tarixi hadisələrlə tanış olmalıdır. Xalq rəhbərə müxtəlif suallarla müraciət edir. Necə ki, bəzi ayələrdə peyğəmbərdən ruh haqqında soruşulur.
3. Xalqın yerli və məntiqi suallarını cavabsız buraxmayaq.
4. Suallara tələsik cavab verməyək.
5. Tarix və onun takrarlanması yalnız xatırlatma və ibrət məqsədi ilə dəyərlidir.
6. Xalqın sualları bəzi ayələrin nazil olması üçün zəmindir.
Dostları ilə paylaş: |