● Ayə 91:
﴿كَذَلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًا﴾
“Biz bu sayaq onun imkanlarından və işlərindən xəbərdar idik. (Bizim nəzarətimiz altında idi.)”
Nöqtələr
● Zül-Qərneyn qərbə səfərindən və sahil əhli arasında ədalət nizamını bərqərar etdikdən sonra şərqə üz tutdu.
● Günəşdən başqa örtüyün olmaması dedikdə ibtidai, heç bir imkana malik olmayan həyat tərzi anlaşılır. İmam Sadiq (ə) buyurur: “Onlar nə bənnalıq, nə də dərzilik bacarırdılar. Günəşlə onların arasında heç bir maneə yox idi və surətləri qaralmışdı.”1
Bildirişlər
1. Saleh və məsuliyyətli insanlar çalışqan və əzmkardırlar.
2. İlahi insanlar bütün imkanları ilə məhrumların nicatı və ədalətin bərpası yolunda hərəkət edirlər.
3. İlahi insanların səfərləri və bu səfərlərin bərəkətləri haqqında söhbət dəyər və ibrətdir.
4. İstər şərq, istər qərbdə ən mühüm məsələ xalqın hidayəti və ona xidmətdir.
5. Allah fərdlərdən və onlara əta etdiyi xüsusi nemətlərdən tam agahdır. (Zül-Qərneynin səfərləri, rastlaşdığı hadisələr, xalqla söhbətlərinin bəyanı Allahın elmi əhatəsini göstərir.)
● Ayə 92-93:
﴿ثُمَّ أَتْبَعَ سَبَبًا حَتَّى إِذَا بَلَغَ بَيْنَ السَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًا لَّا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًا﴾
“Sonra (digər bir səfər üçün ixtiyarında olan səbəblərdən) başqa bir səbəb sorağınca getdi. Nəhayət iki sədd arasına yetişdi. Həmin iki dağın arxasında sanki heç bir söz anlamayan bir qövm tapdı.”
Nöqtələr
● Ötən ayədən göründüyü kimi xalq Zül-Qərneynin kamalından, qüdrətindən, canıyananlığından və ləyaqətindən xəbərdar idi və ən böyük çətinlikləri olan asayiş məsələsinin Zül-Qərneynin əli ilə həll olacağını düşünüb onunla söhbətləşdilər. Onların anlaqsızlığının qeydi mədəniyyətlərinin aşağı olmasına işarədir. Necə ki, “Nisa” surəsinin 78-ci ayəsində oxuyuruq: “Nə üçün bunlar heç bir söz anlamırlar?” Əlbəttə ki, ayədə həmin qövmün dil bilməməsi yox, düzgün yolda olmaması nəzərdə tutulur.
● Bu surədə üç əhvalat nəql olunur. Hər bir əhvalatda hərəkət və hicrət özünə yer almışdır: Kəhf səhabələrinin hicrəti, Xızrla görüş üçün Musanın hicrəti, Zül-Qərneynin hicrəti. İlkin hicrətdə məqsəd imanı qorumaq idi. İkinci hicrətdə məqsəd bilik əldə etmək, üçüncü hicrətdə məqsəd məhrumların xilası idi.
Bildirişlər
1. Təbiətə hakim qanunları kəşf edib işə salmaq lazımdır.
2. Hər bir hərəkət, məqsəd və səfərin xüsusi bir vasitəyə ehtiyacı var.
3. İlahi insanlar üçün rahatlıq, fərağət, bir yerdə dayanmaq mənasızdır.
4. Rəhbərlər digər məntəqələrə də baş vurub, ətrafdakı cərəyanlardan xəbər tutmalıdırlar.
5. Hərəkət və çalışmaq yoxsa, ehtiyaclar və gerçəklik öyrənilməmiş qalar.
6. İstər mütərəqqi, istər geri qalmış məhrum kütləyə xidmət dəyərdir.
● Ayə 94:
﴿قَالُوا يَا ذَا الْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِي الْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَى أَن تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّا﴾
“(Həmin qövm) dedilər: «Ey Zül-Qərneyn! Həqiqətən, Yəcuc və Məcuc (qövmləri) bu yerlərdə fəsad törədirlər. Bizimlə onlar arasında sədd yaratmağın üçün sənə bir məbləğ verəkmi?»”
Nöqtələr
● “Xərac” torpaqdan xaric olan şeyə deyilir. “Xərc” isə maldan xaric olan şeydir.
● Təfsirçilər və tarixçilər mövcud əlamətlərə istinad edərək bildirirlər ki, Yəcuc və Məcuc həmin monqol-tatar qəbilələridir.
Bir rəvayətdə nəql olunur ki, Əmirəlmöminin Əli (ə) buyurmuşdur: “Zül-Qərneyn bir qövmlə rastlaşdı və ona dedilər: “Yəcuc və Məcuc qövmləri bu dağın arxasındadır. Onlar məhsul və meyvə yığımı zamanı hücum edib hər şeyi qarət edirlər. Sənin illik xərcini ödəsək, bizim üçün sədd yaradarsanmı?”1
Bildirişlər
1. Xalq ehtiyac duyduğu sahəyə sərmayə yatırır. Hazırkı surənin 77-ci ayəsində bildirildi ki, insanlar iki peyğəmbərə bir tikə çörək vermədilər. Amma bu ayədə onlar böyük sərmayə qoymağa hazırlıqlarını elan edirlər.
2. Allahın övliyaları əmin-amanlıq yarada biləcək ən üstün şəxslərdir. Onlar xalqı çətinlikdən qurtarmaq imkanındadırlar.
3. Əmin-amanlığa olan ehtiyac məskən və libasa olan ehtiyacdan önəmlidir. (Günəş qarşısında kölgənəcəyi olmayanlar Zül-Qərneyndən asayiş istədilər.)
4. Bəşər cəmiyyətində asayiş məsələsi çox mühüm məsələdir. Bu səbəbdən də cəmiyyətdə asayişi pozanlar üçün ən ciddi cəza nəzərdə tutulur.
5. Fəsad törədənlərin həbsi caizdir.
● Ayə 95:
﴿قَالَ مَا مَكَّنِّي فِيهِ رَبِّي خَيْرٌ فَأَعِينُونِي بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا﴾
“(Zül-Qərneyn onlara cavab olaraq) dedi: «Rəbbimin mənə verdiyi (qüdrət) daha yaxşıdır. Mənə öz gücünüzlə yardım göstərin, sizinlə onlar arasında möhkəm sədd çəkim.»”
● Ayə 96:
﴿آتُونِي زُبَرَ الْحَدِيدِ حَتَّى إِذَا سَاوَى بَيْنَ الصَّدَفَيْنِ قَالَ انفُخُوا حَتَّى إِذَا جَعَلَهُ نَارًا قَالَ آتُونِي أُفْرِغْ عَلَيْهِ قِطْرًا﴾
“Mənim üçün dəmir parçaları gətirin. Elə ki, iki dağın arası (dəmir parçaları ilə) dolub bərabərləşdi, dedi: «Onu alovlananadək üfürün.» Dedi: «Ərimiş mis gətirin, dəmirlərin üzərinə töküm.»”
Dostları ilə paylaş: |