Bildirişlər
1. Vüsal qədrini bilməyən insan fərağa, ayrılığa düçar olacaq.
2. Yoldaşların kiçik məzəmmətlərinə görə onları əldən verməyək. Xızr bir neçə mərhələdən sonra ayrılıq qərarına gəldi.
3. Başqalarının zehnini bacardıqca tez şübhələrdən təmizləyin.
4. Hikmət təlim etməklə insanların tutumunu artıraq.
5. Bəzən zahiri hadisələrin batini yönümü də olur.
● Ayə 79:
﴿أَمَّا السَّفِينَةُ فَكَانَتْ لِمَسَاكِينَ يَعْمَلُونَ فِي الْبَحْرِ فَأَرَدتُّ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَاءهُم مَّلِكٌ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًا﴾
“Amma həmin (deşilmiş) gəmi dənizdə işləyən yoxsulların idi. Onu nöqsanlı etmək istədim. Çünki onların yaxınlığında bütün salamat gəmiləri zorla ələ keçirən bir padşah vardı.”
Nöqtələr
● “Vəra” dedikdə hər hansı məxfi, gizli yer nəzərdə tutulur. Belə bir yer insanın həm qarşısında, həm də arxasında ola bilər.
● İnsan adətən, işlərin zahiri çöhrəsini müşahidə edir. Amma işin batini çöhrəsi də ola bilər. Musa zahiri baxımdan Xızrın işlərini düzgün saymırdı. Amma Xızrın işlərinin batini sirri, rəmzi və mahiyyəti vardı.
● Xızr gəmini suya batacaq həddə dəlməmişdi. Onun məqsədi gəmini zahirən eybli göstərmək idi. Bəzən müşahidə etdiyimiz nöqsanlar faydalı olur.
Bəzən şikəstlikdən düzəlir işlər
Mərhəmət doğurur axsaq yerişlər.
● Gəminin dəlinməsində məqsəd onun sitəmkar padşahın əlinə düşməməsi idi. Padşah gəmini ələ keçirsəydi, gəminin yoxsul sahibləri çarəsiz qalardı. Pisliyi pisliklə aradan qaldırmaq hamının işi deyil, “əhəmm və mühüm” prinsipindən həqiqi dinşünaslar faydalana bilər.
● Əhli-beyt məsumları bəzən öz yaxınlarını başqalarının hüzurunda məzəmmət edərdilər. Belə bir rəftar sitəmkar hökumətin diqqətini yayındırırdı və rabitələr gizli qalırdı. İmam Sadiq (ə) Zürarəni abbasilərin işkəncəsindən qurtarmaq üçün aşkar şəkildə danlayır, sonra ona bildirirdi ki, məqsədi Zürarənin canını qorumaqdır. Sonra imam bu ayəni tilavət edib buyurmuşdur: “Sən bu dəryanın zalım hakimlər tərəfindən izlənilən ən yaxşı gəmisisən.”1
● Yalnız zahir mərhələsini adlayanlar sirlər dünyasına qədəm qoyub əşyaların batinindən xəbər tuturlar. Necə ki, Musa şəriəti bilirdi və ona əməl edirdi. Amma Xızrla yoldaşlıqdan sonra batini sirlərdən də xəbər tutdu.
Bildirişlər
1. Təhsil yolunda nizamlı olmaq mühümdür. İlkin sual gəminin zədələnməsi ilə bağlı idi və öncə bu sual cavablandırıldı.
2. Deyilməyən sirlər bir gün aşkarlanar.
3. Hikmətdən faydalanan şəxs heç vaxt boş iş görməz, onun əməlləri hikmət və məsləhətə əsaslanar.
Xızr qırdısa da gəmini, bil sən,
Üstündür bu qırma yüz düzəlmişdən.
4. Məsullar məhrumların hüquq və mal-mülkünü hifz etməlidirlər.
5. Allahın övliyaları miskinlərə və məhrumlara canıyanandırlar.
6. Sərmayə və işi olduğu halda ehtiyacını ödəyə bilməyənləri Quran miskin sayır.
7. Sərmayə və işdə şəriklik qanunidir və ötən dinlərdə də təsbit olunmuşdur.
8. Qəsbkar hakimlər xalqın malına nəzarətdən məhrum edilməlidirlər.
9. Pisliyi pisliklə aradan qaldırmaq caizdir və “əhəmm və mühümm” prinsipinə riayət etmək lazımdır.
10. Zalım hakimlər aza razı olmur, fəqirlərin cüzi sərmayəsinə də göz dikirlər.
11. Xızr Allahın əmrini yerinə yetirsə də, ədəbi gözləyərək gəminin dəlinməsini özünə aid etdi.
12. Peyğəmbərlərin işi adətən, zahiri qanunlara əsaslanır. Xızr isə gerçəklik əsasında hərəkət etməyə vəzifəli idi.
● Ayə 80:
﴿وَأَمَّا الْغُلَامُ فَكَانَ أَبَوَاهُ مُؤْمِنَيْنِ فَخَشِينَا أَن يُرْهِقَهُمَا طُغْيَانًا وَكُفْرًا﴾
“(Öldürdüyüm) gəncin ata-anası mömin idi. Qorxduq ki, o, həmin iki nəfəri küfr və tüğyana sürükləyə.”
● Ayə 81:
﴿فَأَرَدْنَا أَن يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًا مِّنْهُ زَكَاةً وَأَقْرَبَ رُحْمًا﴾
“(Bu səbəbdən də) rəblərinin onlara bu övlad əvəzində daha pak və daha üstün birini verməsini istədik.”
Nöqtələr
● “İrhaq” dedikdə bir insanı yerinə yetirilməsi çətin və üzücü işə vadar etmək nəzərdə tutulur.
● Hədisdə deyilir: Allah həmin oğlanın əvəzində mömin ata-anaya saleh bir qız verdi və həmin qızdan dünyaya yetmiş peyğəmbər gəldi.1
● Bəzən övlad valideynin azğınlıq və küfrünə səbəb olur. Bəzən də valideyn öz övladının pak və tövhidi fitrətini küfr və azğınlığa sürükləyir.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir övlad fitri olaraq allahşünas və mömindir. Yalnız ata-ana onu dəyişir.”2
Bildirişlər
1. Allahın övliyaları boş və mənasız işlər görmür. Əlbəttə ki, onların işi zahirdə mənasız görünə bilər.
2. Övladın bədbəxtliyindən, fəsadçıllığından və azğınlığından onun ölümü daha üstündür.
3. Allahın imanlı ata-anaya xüsusi diqqəti var.
4. Bəzən cismi düşüncəyə fəda etmək lazım gəlir. Ata-ananın imanını qorumaq üçün övladı öldürmək zəruri olur.
5. Fitnə-fəsadı öncədən görüb, kökünü qazmaq lazımdır.
6. Tüğyan və azğınlıq küfr üçün zəmindir.
7. İlahi insanların iradəsi Allah iradəsidir.
8. Allahın övliyaları həm məsuliyyət daşıyır, həm də xalqın gələcəyi haqqında düşünürlər.
9. Bəzən möminin çətinliyə salınmasının səbəbi onun iman və əqidəsinin qorunması olur.
10. Əgər Allah mömindən bir şey alsa, əvəzində daha yaxşısını verər.
11. Qeyri-saleh övladın ölümü və onun yerinə saleh övladın əta olunması Allahın rübubiyyət cilvəsindəndir.
12. Övladların paklığı və salehliyi yetərli deyil. Onlar həm də ata-anaları ilə mehriban olmalıdırlar.
13. Əsas məsələ övladın oğlan və ya qız olması yox, paklığı və valideynə məhəbbətidir.
Dostları ilə paylaş: |