● Ayə 44:
﴿يَا أَبَتِ لَا تَعْبُدِ الشَّيْطَانَ إِنَّ الشَّيْطَانَ كَانَ لِلرَّحْمَنِ عَصِيًّا﴾
“Ey ata! Şeytana pərəstiş etmə. Çünki şeytan Rəhman Allaha qarşı asidir.”
Nöqtələr
Şeytana ibadət dedikdə insanı şeytana qul edən itaət nəzərdə tutulur.
Bildirişlər
1. Elm insanda məsuliyyət yaradır.
2. Peyğəmbərlərin də elmi məhduddur.
3. Nəhy əz münkər edən, pisliyə qadağa qoyan şəxs özü alim olmalıdır.
4. Bəzən insan özü haqqında da xoş söz deməlidir.
5. Şirkin kökü cəhalətdir.
6. İnsanlar alimə itaət etməlidirlər.
7. Az yaşlı uşaq böyüklərə imam ola bilər.
8. Peyğəmbərlərə itaət doğru yol tutmaqdır.
9. Peyğəmbərlərin yolu ifrat və təfrit yox, mötədil (orta) yoldur.
10. Nəhy əz münkərdə, pisliyə qadağa qoyarkən dəlilləri bəyan edək.
11. Şeytanın himayəsi və onunla dostluq təhlükəlidir. Allaha qarşı günaha yol vermiş bir varlıq gör bizim başımıza nə gətirəcək?! Bütün rəhmətlərin qaynağı olan Allaha qarşı üsyan necə də çirkindir!)
● Ayə 45:
﴿يَا أَبَتِ إِنِّي أَخَافُ أَن يَمَسَّكَ عَذَابٌ مِّنَ الرَّحْمَن فَتَكُونَ لِلشَّيْطَانِ وَلِيًّا﴾
“Ey ata! Həqiqətən, qorxuram ki, Rəhman tərəfindən sənə əzab gəlsin və şeytana dost olasan.”
Bildirişlər
1. Dəvət və təbliğdə daxili hisslərdən istifadə etməklə qəbul üçün zəmin yaradaq. (Bu ayələrdə “ey ata” müraciəti 4 dəfə işlədilmişdir.)
2. Peyğəmbərlər xalqa canıyanandırlar.
3. İnsan o qədər alçalır ki, rəhmət qaynağını qəzəbə vadar edir, Rəhman Allahı qəzəbləndirir.
4. Peyğəmbərlərin yaxınları da yolunu azdıqda ilahi əzaba düçar olur.
5. Doğru yolu tutmayan kəs şeytanın hakimiyyəti altına düşür.
6. Bir insanla dostuqsa, onun düşmənini dost tutmamalıyıq.
● Ayə 46:
﴿قَالَ أَرَاغِبٌ أَنتَ عَنْ آلِهَتِي يَا إِبْراهِيمُ لَئِن لَّمْ تَنتَهِ لَأَرْجُمَنَّكَ وَاهْجُرْنِي مَلِيًّا﴾
“Dedi: “Ey İbrahim! Yoxsa mənim tanrılarımdan zara gəlmisən? Əgər (bu yoldan) əl çəkməsən, şübhəsiz, səni daşqalaq edəcəyəm. (İndi isə) uzun müddətlik məndən uzaqlaş.”
Nöqtələr
“İmla” sözündən olan “məliyya” sözü uzun müddət möhlət vermək mənasını bildirir.
Bildirişlər
1. Bəzən əqidəni gizlətmək lazım gəlir. (İbrahim sanki həmin anadək əqidəsini öz əmisindən gizləyirdi. Çünki əmisi onunla təəccüblə danışırdı.)
2. Bu ayədə peyğəmbərə təsəlli verilir. Əgər sənin əmin Əbu-Ləhəb kafirdirsə, İbrahimin də əmisi kafir idi.
3. İnsan o qədər alçalır ki, haqq söz ona acı və təəccüblü gəlir.
4. Yaşca özündən kiçikdən haqq söz qəbul etməmək təkəbbür nişanəsidir.
5. Vahid şüurlu Allahı qəbul etməyən kəs bir neçə şüursuz məbudu qəbul edəsidir.
6. Haqqın bəyanı və batillə mübarizə məhrumiyyətlərlə sonuclanır.
● Ayə 47:
﴿قَالَ سَلَامٌ عَلَيْكَ سَأَسْتَغْفِرُ لَكَ رَبِّي إِنَّهُ كَانَ بِي حَفِيًّا﴾
“(İbrahim ondan ayrıldı,) dedi: «Salam olsun sənə, tezliklə Rəbbimdən sənin üçün bağışlanma diləyərəm. Çünki O mənə daim mehriban olmuşdur.»”
Nöqtələr
“Həfiyy” dedikdə bir başqasına xeyirxah və onu əziz tutan kəs nəzərdə tutulur. Bu söz bəzən alim mənasında da işlədilir.
Bu ayələrdə söhbətlər əsnasında mömin və kafirin ruhiyyəsi çox yaxşı müşahidə olunur:
a) İbrahim məhəbbətlə, onun əmisi qəzəblə danışır. İbrahim 4 dəfə “ey ata” deyə müraciət etdiyi halda, əmisi bir dəfə olsun “ey oğlum” deyə sözə başlamır.
b) İbrahim dəlillərlə danışır, əmisi Azər isə əsassız sözlər deyir.
v) İbrahim canıyananlıqla danışır, Azər ona hədələməklə cavab verir.
q) İbrahim salam verir, Azər ona uzaqlaşmaq göstərişi verir.
Əskik olma kölgə salan ağacdan,
Bəhrələnir budağına daş atan.
Həzrət İbrahim əmisinin doğru yola gələcəyinə ümid etdiyindən onun bağışlanmasını diləyirdi. Amma elə ki, əmisinin hidayətindən ümidini üzdü, ona arxa çevirdi.1
Bildirişlər
1. İlahi insanlar başqalarının hədə və təhqirləri qarşısında səbirli və qəlbi genişdirlər.
2. Başqalarının qəzəb alovunu gözəl və aram danışıqla söndürməyə çalışaq.
3. Peyğəmbər və övliyaların bağışlanma diləyinin xüsusi təsirləri var.
4. Üzrxahlığı qəbul etmək rübubiyyət şənindəndir.
5. Bağışlanma diləmək üçün müəyyən vaxtların üstünlüyü var. Yəni münasib vaxtlarda dua etməliyik.
6. Allahın rübubiyyətinə diqqət dua qaydalarındandır.
7. Müxaliflərin hədələri qarşısında Allahın lütflərini yada salaq.
● Ayə 48:
﴿وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِن دُونِ اللَّهِ وَأَدْعُو رَبِّي عَسَى أَلَّا أَكُونَ بِدُعَاء رَبِّي شَقِيًّا﴾
“Mən sizdən və Allahdan başqa çağırdıqlarınızdan kənara çəkilib Rəbbimə dua edirəm. Ümid edirəm ki, Rəbbimi çağırdığım vaxt əliboş qalmayacağam.”
Nöqtələr
Azğın ailə içində yaşayan allahpərəst gənclər İbrahimin yolunu tutmalıdırlar. Onlar ədəblə dəvət etməli, məntiqi şəkildə canıyananlıq göstərməli, dua etməklə yanaşı qorxutmalı, bağışlanma diləməklə birlikdə salam verməli və ən sonda ayrılmalıdırlar.
Bildirişlər
1. Rabitələri qırmaq nəhy əz münkərin (pisliyə qadağanın) son mərhələlərindəndir. (İslah edə bilmədiyimiz günahkar mühitdən ən azı uzaqlaşaq.)
2. İlahi məktəblərin əsas prinsiplərindən biri kafirlərdən üz çevirməkdir.
3. Bəraət (azğınlıqdan zara gəlib üz çevirmək) vilayətdən (haqq hakimiyyətin qəbulundan) öndə gəlir. Öncə şirk və zalım hakimdən uzaqlaşmaq, sonra haqqa qatılmaq lazımdır.
Bəli, “Div çıxanda qapıdan, mələk olur nümayan.” Öncə “La ilahə” (“yoxdur məbud”) sonra “illəllah” (“Allahdan başqa”). Quranda əvvəlcə zalım qüvvənin inkarı, sonra Allaha iman bəyan olunur.1
4. Əgər dualarımızın İbrahim duası olmasını istəyiriksə, azğın insanlardan və azğınlıq mərkəzlərindən uzaq olmalıyıq.
5. Duada “Rəbb” sözü ilə müraciət etməyin mühüm rolu var.
6. Mömin qorxu ilə ümid arasındadır. Qorxu qalib gəldikdə insan ümidsizləşir, ümid qalib gəldikdə insan tənbəl olur. Bu səbəbdən də qorxu ilə ümid arası orta halı qorumaq lazımdır.
7. Duanın qəbulu ilahi bir fəzldir.
8. Peyğəmbərlər də öz gələcəkləri ilə bağlı Allaha ümid edirlər.1
Dostları ilə paylaş: |