● Ayə 15:
﴿إِنَّ السَّاعَةَ ءاَتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَى كُلُّ نَفْسٍ بِمَا تَسْعَى﴾
“Həqiqətən, qiyamət gələcək. (Amma Mən onu məxfi saxlamaq istəyirəm ki, hər kəs öz səy və təlaşı müqabilində əvəz alsın.”
Nöqtələr
Qiyamətin bir adı da saətdir. (Bu söz qiyamət mənasında 40 dəfədən çox işlədilmişdir.)
Bildirişlər
1. Peyğəmbərlər xalq tərəfindən yox, Allah tərəfindən təyin olunur.
2. Peyğəmbər vəhy kəlmələrini bütün vücudu ilə, can-dildən dinləməlidir.
3. Təqdimat danışıq qaydalarındandır.
4. İlahi nizamda mərifət əsas amildir.
5. Dini əsaslarla tanışlıq dini vəzifələrin icrasından öndə gəlir. Öncə nəzəri tərif, sonra əməli tövhid.
6. İbadət xalisanə, səmimi olmalıdır. İbadətin dəyəri onun nə dərəcədə xalis olmasından asılıdır.
7. Bütün əqidələrin önündə tövhid, bütün ibadətlərin önündə namaz gəlir.
8. Namaz peyğəmbərlərin ilkin göstərişi və əməli proqramıdır.
9. Digər dinlərdə də namaz göstərişi var.
10. Namazın bərpası dedikdə onun təkcə formal surətdə yerinə yetirilməsi yox, həm də mahiyyətinə diqqət yetirmək nəzərdə tutulur. Yəni insan özünü Allahın hüzurunda hiss etməlidir.
11. Qiyamətə diqqət insanı namaza sövq edir. Qiyamətdə namaz haqqında soruşular.
12. Namaz Allahın xatırlanması üçün qılınır. Allahın xatırlanması qəlblərin aramlığına səbəb olur.1
13. Allah bəşəriyyəti ilkin olaraq tövhid və məada çağırmışdır.
14. Qiyamətin bərpa olacağı vaxtdan Allahdan savay kimsə xəbərdar deyil.
15. Qiyamətin baş verəcəyi qətidir, amma onun vaxtı məxfi saxlanılmışdır.
16. Hər bilik faydalı olmur. Qiyamət vaxtının məxfi saxlanılmasının hikməti və faydası var. Qiyamət baxımından xəbərsiz insan əməldə azaddır, həyəcan və qorxu keçirmir. Qonağın nə vaxt gələcəyini bilməyən şəxs daim hazır olur.
17. Qiyamət vaxtının məxfi saxlanılması insanların həqiqət əsasında, onların səyləri həddində dəyərləndirilməsinə şərait yaradır.
18. Dünyəvi mükafat və cəza kamil deyil.
19. Qiyamətdə qanunlar, mükafat və cəzalar ədalət əsasında icraya qoyulur.
20. Mükafat səy və təlaşa əsaslanır. Çalışmaların başa çatıb-çatmaması mühüm deyil.
● Ayə 16:
﴿فَلاَ يَصُدَّنَّكَ عَنْهَا مَنْ لاَ يُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوَاهُ فَتَرْدَى﴾
“Məbada qiyamətə inanmayan və azğın nəfs istəklərinə uyan bir kəs sənin diqqətini qiyamətdən yayındırsın. Yoxsa süqut edərsən.”
Bildirişlər
1. Dinin əsaslarına etiqad və hökmlərə əməl bəs etmir. Həm də müxaliflərə müqavimət göstərmək lazımdır.
2. İmansız fərdlər sizi haqq yoldan döndərmək fikrindədirlər. Onların pozuculuğunun sizin tutduğunuz yola xələl gətirməsinə yol verməyin.
3. Məadın inkarının səbəbi azğın nəfs istəklərinə itaətdir.
4. Məada iman azğın nəfsə nəzarət üçün ən üstün amildir.
5. Hətta peyğəmbər də nəfsinə uysa süquta uğrayar.
6. Kafirlər və imansız fərdlərlə saziş məhvə aparır.
7. Kafirlər və həvəspərəstlər möminləri doğru yoldan döndərmək fikrindədirlər.
● Ayə 17:
﴿وَمَا تِلْكَ بِيَمِينِكَ يَا مُوسَى﴾
“Ey Musa! Sağ əlində olan nədir?”
● Ayə 18:
﴿قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَى غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَى﴾
“Musa) dedi: «Bu, mənim əsamdır. Ona söykənir, onunla qoyunlarım üçün (ağaclardan) yarpaq tökürəm. Onun mənə başqa faydaları da var.»”
● Ayə 19, 20:
﴿قَالَ أَلْقِهَا يَا مُوسَى فَأَلْقَاهَا فَإِذَا هِيَ حَيَّةٌ تَسْعَى﴾
“(Allah) buyurdu: «Ey Musa! Əsanı at!» (Musa) onu atdı və o, qəfildən ilana dönüb sürətlə getməyə başladı.”
● Ayə 21:
﴿قَالَ خُذْهَا وَلَا تَخَفْ سَنُعِيدُهَا سِيرَتَهَا الْأُولَى﴾
“(Allah) buyurdu: «Onu tut və tələsmə. Biz tezliklə onu əvvəlki halına qaytararıq.»”
Nöqtələr
İnsanlar təbii olaraq təhlükə, şərr və zərərdən qorxur, onlarla üzləşməkdən çəkinirlər. Aydın məsələdir ki, Musa da insan idi və qorxurdu. Məzəmmət olunan isə Allahdan qeyrisindən qorxudur. Belə bir qorxu şücaət sifətinə ziddir və həzrət Musa belə bir çirkin sifətdən uzaq olmuşdur.
Musa başqa bir səbəbdən də qorxuya düşə bilərdi: “Əsanı yerə at” əmrinin “ayaqqabını çıxart” əmri kimi ehtiram üçün olduğunu düşünən Musa əsanın ilana döndüyünü gördükdə yerində donub qaldı.
Əslində bu qorxu uyğun hadisənin möcüzə olmasının dəlili idi. Göstərdiyi sehrin həqiqət olmadığını bilən sehrbaz gördüyü işdən qorxuya düşmür.
Allah hər an milyonlarına can verir, milyonlarının canını alır. Uyğun səhnədə də O, öncə əsaya can verib, sonra onu geri aldı.1 Bu sayaq qadir Allah diri insanı öldürüb, onu yenidən əvvəlki vəziyyətinə qaytara bilməzmi?!
Allahın bir nəzəri ağacı əjdahaya döndərirsə, Onun lütf nəzəri ilə nələr baş verər?! Onun nəzər saldığı bir şey sehrbazların bütün qurğularını kamına çəkirsə, qəlbimizə saldığı nəzər bütün vəsvəsələri aradan qaldıra bilməzmi?!
Elə işin əvvəlində Musa üçün iki möcüzə baş verdi: onun əsası əjdahaya çevrildi və əjdaha yenidən əsa şəklinə qayıtdı.
Dostları ilə paylaş: |