● ayə 24:
﴿وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُل رَّبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا﴾
“Mehribanlıq və lütf ilə onları təvazö qanadının altına al və de: “Pərvərdigara! Uşaq vaxtı məni tərbiyə etdikləri kimi, bu iki nəfərə mərhəmət göstər.”
● Bildirişlər
1. Övlad istənilən bir məqamda təvazökar olmalı, öz üstünlüyünü valideynin üzünə vurmamalıdır.
2. Övlad riyakarlıq və ya var-dövləti ələ keçirmək məqsədi ilə yox, mərhəmət və məhəbbətlə valideynə təvazö göstərməlidir.
3. Övlad ata-anaya qarşı həm təvazökar olmalı, həm də onlar üçün Allahdan mərhəmət diləməlidir.
4. Övladın ata-ana haqqında duaları qəbul olmasaydı, Allah belə bir duanı tapşırmazdı.
5. Ata-anaya dua həm Allahın əmrinə itaət, həm də valideyn qarşısında şükür nişanəsidir.
6. Dua edərkən “Rəbb” deyə müraciət etməyi unutmayaq.
7. İlahi mərhəmət valideynin tərbiyəçilik rəhmətlərinin əvəzidir. Allah övlada tapşırır ki, məhəbbətini valideynə əsirgəməsin və Allahdan onlar üçün bağışlanma diləsin. Bu yolla övlad öz vəzifəsini yerinə yetirmiş olur.
8. Öz keçmişinizi, uşaqlıq dövrünün çətinliklərini, körpə vaxtı valideynin çəkdiyi əziyyətləri yaddan çıxarmayın.
9. Ata-ana öz övladlarını mehr-məhəbbətlə tərbiyə etməlidir.
10. İnsan öz tərbiyəçilərinə təşəkkür etməli, onların haqqını itirməməlidir.
● ayə 25:
﴿رَّبُّكُمْ أَعْلَمُ بِمَا فِي نُفُوسِكُمْ إِن تَكُونُواْ صَالِحِينَ فَإِنَّهُ كَانَ لِلأَوَّابِينَ غَفُورًا﴾
“Rəbbiniz içinizdə olanları hamıdan yaxşı bilir. Əgər saleh olsanız, şübhəsiz, O, tövbə edənləri bağışlayandır.”
● Bildirişlər
1. Agahlıq Allahın rübubiyyət şənindəndir.
2. Bütün işlərdə və valideynə xidmətdə niyyətlərimiz Allaha bəllidir.
3. Səlahiyyət qəlbə, iç məqsədlərə aiddir.
4. Qəlb və batin saf və saleh olan yerdə tövbə qapısı açıqdır.
5. Ardıcıl yalvarış, ah-nalə ilə tövbə edək.
6. Allah bağışlayandır. Amma ilahi bağışlanma nemətindən faydalanmaq üçün tövbə şərtdir.
7. Əgər nadanlıq səbəbindən valideynlə pis rəftar etsək, tövbə qılmaqla Allahın mərhəmətini əldə edə bilərik.
8. Əfv və bəxşiş Allahın rübubiyyət şənindəndir.
9. Salehlik nişanələrindən biri tövbədir.
10. Bəzən saleh insanlar da büdrəyir. Bu sayaq nöqsanları tövbə ilə aradan qaldırmaq lazımdır.
● ayə 26:
﴿وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ وَلاَ تُبَذِّرْ تَبْذِيرًا﴾
“Qohumun, çarəsizin, yolda qalanın haqqını ver, heç cür dağıdıb israf etmə.”
○ Nöqtələr
● “Bəzr” kökündən olan “təbzir” sözü bədxərclik, israf mənasını bildirir. Məsələn, iki qonaq üçün on qonağın xörəyini hazırlamaq “təbzir” sayılır.
● İmam Sadiq (ə) buyurur: “Hər kəs Allaha itaət yolunda yox, başqa yolda nə isə sərf etsə, bədxərc, israfçıdır.”1 Həzrətdən soruşulur ki, halal xərclərdə də israf varmı? Həzrət buyurur: “Bəli, çünki özünə bir şey saxlamadan varını paylayan şəxs halal məsrəfdə israf etmişdir.”1
● Bu ayə nazil olduqdan sonra möhtərəm Peyğəmbər (s) qohumların haqqını ödəmək haqqında düşünürdü. Həzrət (s) Allahın əmri ilə Fədək bağını həzrət Fatiməyə bağışladı. (Fədək böyük bir sahə idi və heç bir savaşsız Peyğəmbərin (s) ixtiyarına keçmişdi. Həzrət Peyğəmbər (s) Əhli-beytə (ə) diqqət göstərərək din təbliğində onların iqtisadi dayaqlarını möhkəmləndirmək üçün bu bağı onlara bağışlamışdı. Amma Peyğəmbərin (s) vəfatından sonra Əbu-Bəkr Fədəyi geri aldı. Yalnız Ömər ibn Əbdül-Əziz bu bağı Əhli-beytə (ə) qaytardı. Sonra Fədək yenidən qəsb olundu. Məmunun dövründə Əhli-beytin (ə) ixtiyarına verildi. Çox keçməmiş Peyğəmbərin (s) hədiyyəsi geri qaytarıldı.) Amma həzrətin vəfatından sonra Fədək haqsız olaraq Əhli-beytin (ə) əlindən alındı. Əhli-beyt (ə) öz haqqını geri qaytarmaq üçün bu ayəyə istinad edirdi.
● Şiə və sünni təfsirçiləri (məsələn, Təbəri) rəvayətlərə istinadən yazırlar: “İmam Səccad (ə) əsirlik vaxtı karvanla Şama gəldiyi vaxt Əhli-beyt (ə) əsirlərinə ünvanlanmış dinsizlik ittihamına bu ayəyə istinadən cavab vermişdi: “Zəl-qurba” bizik!”2
● Bəzi rəvayətlərdə ayənin xümsə aid olduğu bildirilir. Bəziləri isə ayədə daha üstün, qeyri-maddi məsələlərin nəzərdə tutulduğunu önə çəkir. Onlar bildirirlər ki, ayədə həzrət Əlinin (ə) canişinliyi ilə bağlı vəsiyyət əmri verilir. (İmam Sadiq (ə) bu ayə haqqında buyurur: “Allah rəsuluna canişinlik və peyğəmbər elminə sahiblik Əli ibn Əbi-Talibin (ə) haqqıdır.”3 Ayədə “təbzir”-ə qadağa qoymaqla, əslində ifratçılıq qadağan edilmişdir.4
● Bildirişlər
1. Dini göstərişlər insan fitrətinə uyğundur. İnsan fitri olaraq öncə valideynlərinə, sonra yaxınlarına məhəbbət göstərir. İslamda haqqın ödənməsi göstərişi də buna əsaslanır.
2. İnfaqda növbəni nəzərə almaq lazımdır: öncə valideyn, sonra qohum, sonra fəqirlər və yolda qalanlar.
3. Qohumların bizim boynumuzda haqqı var, onlara minnət qoymayaq.
4. Qohumluq, yoxsulluq və yolda qalmaq xüsusi haqlar yaradır.
5. Qohuma infaq edərkən onun yoxsulluğu nəzərə alınmalıdır.
6. İnfaqda orta həddi gözləmək, ifrata yol verməmək lazımdır.
7. Bədxərclik, israfçılıq haramdır.
8. İnsan öz var-dövlətini xərcləməkdə heç vəchlə azad deyil.
● ayə 27:
﴿إِنَّ الْمُبَذِّرِينَ كَانُواْ إِخْوَانَ الشَّيَاطِينِ وَكَانَ الشَّيْطَانُ لِرَبِّهِ كَفُورًا﴾
“Həqiqətən, israfçılar şeytanın qardaşlarıdır. Şeytan öz Rəbbinə qarşı çox nankor idi.”
○ Nöqtələr
● Ərəb dilində “əx” dedikdə həm qardaş, həm də yoldaş nəzərdə tutula bilər. Məsələn, “əxus-səfər” dedikdə daim səfərdə olan şəxs, “əxul-kərəm” dedikdə səxavətli insan başa düşülür. İnsan həm ailə, həm də əqidə baxımından qardaş ola bilər. İsrafçılar şeytanın əqidə qardaşlarıdır. “İxvanəş-şəyatin” dedikdə şeytan yolunu izləyənlər başa düşülür.
● Quranda şeytanın fərdlər üzərindəki vəsvəsə və vilayəti ardıcıl şəkildə xatırlanmışdır. Amma yalnız bu ayədə “ixvanəş-şəyatin” (şeytanla olanlar) təbiri işlədilmişdir. Yəni israfçılar artıq şeytanla həmkar olanlardır və sadəcə vəsvəsədən ötüb həmkarlıq mərhələsinə çatmışdır. Başqa ayələrdə də bu ayəyə toxunulur.1
● “Təbzir” daha çox maddiyyata aid olsa da, bəzən digər nemətlərə münasibətdə də işlədilir. Məsələn, ömür və gəncliyin hədərə verilməsi, düşüncə, göz, qulaq və dil kimi vasitələrin əyri yolda işlədilməsi, məsuliyyətin qeyri-saleh insanlara tapşırılması, ləyaqət və güc olmayan bir məqamda məsuliyyətin qəbulu, faydasız biliklərin öyrənilməsi və öyrədilməsi. 2
Dostları ilə paylaş: |