III FƏSİL. Dispozisiya
§1. Dispozisiya ritorikanın bölməsi kimi
Dispozisiya (tərcümədə – «genişləndirilmə») klassik ritorikada məlumatları təşkil etmə məharəti, daha doğrusu müasir dillə desək, kompozisiya (quruluş, tərtib) bacarığıdır.1
Ritorikanın bölməsi kimi dispozisiya invensiya mərhələsində əldə edilmiş materialı təşkil etmək yolu ilə məlumatın konkret formaya salınmasını nəzərdə tutur. Məsələn, Kvintilian dispozisiyaya lokosda (tam nitqdə) relevant vahidin bölgüsü (distribusiya) kimi baxırdı.
Ritorikanın bu bölməsi əslində özündə bir növ «fikirlərin inkişaf elmini əks etdirir ki, bu da danışan insan üçün məlumatı proses kimi qavramaq imkanı yaradırdı. Danışan insan nitqin kompozisiya cəhətdən hissələrə necə bölünməsini, kompozisiyanın hissələrinin ardıcıl necə yerləşməsinə və əldə olan plana əsasən onların bir-biri ilə necə əlaqələnməsinə dair konkret məsləhətlər alırdı».2 Bu məqamda onun əlində olan plan nitqin planı yox, kobud şəkildə desək, predmetin planı (gələcək evin tikintisinin planı yox, gələcək evin planı) idi.
Dispozisiyanın müvəffəqiyyətlə həyata keçməsi «ikinci qəbildən» olan seçimi də nəzərdə tuturdu. Seçim anlayışı konkret məlumatda invensiya prosesində toplanmış bütün həcmdə informasiyalardan istifadənin həmişə zəruri olmamasını nəzərdə tutur. Yaxşı seçilmiş bir informasiya «təsadüfi» seçilmiş çoxlu informasiyalara nisbətən dinləyicilərə daha güclü təsir göstərə bilər. Bundan başqa, Siseronun fikrincə, güclü «informasiyanı (güclü arqument kimi) ən axıra saxlamaq lazım»dır.
Dispozisiyanın əsas tələbləri – məlumatın dəqiq bölgüsünün müəyyənləşdirilməsi və həm ensiklopedik, həm də komparativ materialdan istifadə etməklə, onun hissələri arasında daxili əlaqənin təmin edilməsidir.
Bu tələblərə cavab verən məlumatı düzgün qurulmuş məlumat hesab etmək olar. Amma bunları təmin etmək heç də asan deyil. Ritorikaya dair ayrı-ayrı əsərlərdə bu tələblərin hətta bir-birini inkar etdiyi, daha doğrusu strukturun dəqiq bölgüsünün daxili əlaqəni istisna etdiyi qeyd olunur. Buna görə də dispozisiyanın tələbləri bəzən məlumatın dəqiq bölgüsü və/və ya onun hissələri arasında daxili əlaqənin yaradılması kimi ifadə edilir.
Məlumatın təbii bölgüsü çərçivəsində ən sadə sxem – bütün həyat hadisələri üçün universal kompozision sxem işlənilib hazırlanır, çünki konkret mövzudan asılı olmayaraq, hər bir nitq giriş, əsas hissə, nəticə və (bəzən) haşiyələrdən ibarətdir.
Dispozisiya həm də müəyyən hallar üçün nitqi də nəzərdə tutur. Burada artıq ayrı-ayrı kompozision hərəkətlər (məsələn, nəqletmə, təsviretmə izahetmə və s.) öyrənilir. Beləliklə, əslində «adi növ» nitq situasiyaları üçün nitq davranışı növləri işlənilib hazırlanır. Bir sıra hallarda isə hətta az və ya çox dərəcədə ciddi şəkildə müəyyənləşdirilmiş mətnlər də tədqiq olunur.
Ritorika sadəcə olaraq kompozisiyaları deyil - məqsədəuyğun kompozisiyaları, daha doğrusu qarşılıqlı əlaqədə olanların – kommunikakantların tələbatlarına daha yaxşı cavab verən kompozisiyaları işləyib hazırlayır (düzdür, bu zaman «nitq yaradana», daha doğrusu, danışana üstünlük verir: klassik ritorika ümumiyyətlə, hər şeydən əvvəl bu istiqamətdə inkişaf etmişdi).
Universal kompozisiyanın və ayrı-ayrı kompozisiyalın funksiyaları toposların funksiyaları kimidir: kompozision sxemlərə uyğun olaraq nitqi qurmaq və ya qurmamaq olardı, amma onu mükəmməl koordinat sistemi kimi yadda saxlaması tövsiyyə edilirdi. Hər şeydən əvvəl qeyd edək ki, klassik ritorik kompozisiya «məhkəmə nitqi» nümunəsində işlənilmişdir.
Artıq qeyd edildiyi kimi, tam nitqin 3 hissəyə bölünməsi (giriş, əsas hissə və nəticə) universal kompozisiyanın əsasını təşkil edir. Çox maraqlıdır ki, klassik ritorikada məqsədəuyğun kompozisiya yuxarıda adı çəkilən bütün hissələri əhatə etməsindən daha çox bu hissələrin harmonik əlaqəsinə diqqət yetirir.
Beləliklə, hissələrin qarşılıqlı əlaqəsindən başqa, həm nisbət, həm də hissələrin məzmunu aspektindən hər bir hissənin tam nitq ilə əlaqəsi də mühüm əhəmiyyət kəsb edir.
Ümumi təsəvvür yaratmaq üçün təbii kompozisiyanın bütün hissələrinin sadəcə olaraq adını çəkək, amma onlardan daha mühüm olanların üzərində dayanacağıq:
Giriş (exordium)
Əsas hissə (corpus)
Şərh (narratio, və ya propositio)
arqumentasiya (arqumentatio)
pozitiv sübut (provatio)
rəqibin nöqteyi-nəzərinin təkzibi (refutatio)1
Nəticə (peroratio)
3.1. Xülasə (recapitulatio)
Dostları ilə paylaş: |