§3.2.1. Tezis
Tezis (yunancadan tərcümədə "fikir" deməkdir) ritorikada sübuta ehtiyacı olan fikir (müddəa) kimi başa düşülür.
Beləliklə, tezis söyləmək artıq onun həqiqiliyini sübut etmək üçün öz üzərinə öhdəlik götürmək deməkdir. Buna görə də söylənilən tezis bütövlükdə sübut edilməcək vəziyyətdə olmalıdır. Aydındır ki, "sübut etmək" və "sübut ediləcək vəziyyətdə olmaq" eyni şey deyildir. Əksər hallarda bizim söylədiyimiz tezislər belə sübut ediləcək vəziyyətdə olduğundan hər dəfə dəlillərlə əsaslandırmağa ehtiyac qalmır – əks halda nitq prosesi ümumiyyətlə, mövcud olmazdı.
Belə ki, normal şəraitdə mən "Sabah yaxşı hava olacaq" deyərkən, mən həmsöhbətdən "bunu sübut et!" kimi təklif gözləmirəm. Həsöhbətim yaxşı başa düşür ki, mən bu tezisi söyləyərkən, əlimdə olan və inandığım bəzi məlumatlara (sinoptik proqnozlara, yerli iqlimə dair biliklərimə, şəxsi müşahidələrimə və s.) əsaslanıram. Və mən prinsipcə zəruri hal yaranarsa bu tezisi arqumentlərlə əsaslandıra bilərəm.
Məhz bu mənada dil kollektivinin üzvləri arasında mövcud olan qarşılıqlı "dinməz sözləşmə" sistemi haqqında danışırlar: ümumi biliklər sistemi onlar üçün ensiklopedik mühit kimi çıxış edir ki, bu mühit də dünya haqqında az-çox eyni təsəvvürlər çərçivəsində hər dəfə bu ensiklopedik mühitdən arqumentlər əldə etmədən onlara əsaslanmağa imkan verir.
Sübutun elementi kimi tezisin özünəməxsus xüsusiyyəti onun müzakirəyə çıxarılmasıdır. Bu heç də, tezisin mübahisəli olması demək deyil (xüsusən sonrakı dövrün ritorika tarixində ritorik məharəti nümayiş etdirmək xatirinə mübahisə iştirakçılarının müzakirə üçün tamamilə mübahisəsiz və hətta bayağı tezislər irəli sürdüyü çoxlu məqamlar mövcuddur). Bu həmçinin onun hər hansı digər "xüsusi" keyfiyyətlər (məsələn, polemika cəhətdən mövzunun kəskinliyi, paradoksallığı və s.) kəsb etməsi də demək deyil. Məsələ yalnız mübahisə prosesində müvafiq fikirlərin yerinə yetirdiyi funksiyalardadır. Bu funksiya – növbəti mühakimələrin qurulması üçün bazanın yaradılmasıdır.
Buna görə də Aristotel litseydə ritorikanı öyrədərkən qeyd edirdi ki, tezisi "hər iki tərəfdən" inkişaf etdirmək imkanı çox zəruridir (Kvintilian isə arqumentləşdirməni iki istiqamətdə –in utramque partem, daha doğrusu pro et contra aparmağın faydasından danışırdı). Aristotelin irəli sürdüyü tezislər eyni problem iki müxtəlif baxış altında təqdim edirdi, daha doğrusu iki nöqteyi-nəzəri əks etdirirdi; tələbədən bu və ya digər nöqteyi-nəzərin lehinə (əleyhinə) arqumentlərin gətirilməsi tələb olunurdu. Situasiya tələbələrin "problemin mahiyyətinin" təsiri altına həddindən artıq güclü düşməsinin qarşısının alması üçün çox vaxt oyun xarakter daşıyırdı.
Həm "lehinə", həm də "əleyhinə" istiqamətdə fəaliyyət göstərilməsinin mümkün olması üçün tezis kimi mülahizələrin seçim prinsipi dərs praktikasında həmişə öz əksini tapıb. Amma real nitq praktikası nadir hallarda belə "məntiqi cəhətdən neytral" strukturlara əsaslanır.
Müzakirəyə tezis təqdim edən istənilən danışan qəti və təbii şəkildə hansısa tərəfə meylli olur: o, arqumentləşdirmənin hansı tərəfə ("pro" və ya "contra") inkişaf edəcəyinə qətiyyən laqeyd qala bilməz.
Qeyd etmək lazımdır ki, sübutetmə prosesində tezis tam nitq strukturudur, daha doğrusu müstəqil əqli nəticə kimi mövcud ola bilən nitq strukturudur. Onun sübut edilib – edilməyəcəyi isə başqa məsələdir.
Dostları ilə paylaş: |