Нязяри вя практики риторика


IV. Kifayət qədər əsaslandırma qanunu. «Hər bir irəli sürülən hökm lazımı qədər əsaslandırılmalıdır»



Yüklə 3,92 Mb.
səhifə41/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   37   38   39   40   41   42   43   44   ...   107
IV. Kifayət qədər əsaslandırma qanunu. «Hər bir irəli sürülən hökm lazımı qədər əsaslandırılmalıdır»
Kifayət qədər əsaslandırma qanunu (principium rationis sufficientis) ritorika və məntiq tərəfindən ta qədimdən istifadə olun­sa da, antik dövr filosoflarının heç biri bu qanunu formulə etməyib: onun nəzərdə tutduğu tələblər, görünür, çox aydın oldu­­ğundan bu qanunu formulə etməyə ehtiyac duyulmamışdı.

Hər halda məntiq (geniş götürsək həm də ontoloji) qanu­nu kimi bu qanunun da tələbləri nisbətən gec – XVII-XVIII əsr­lərin hüdudunda artıq formulə edildi. Bu formulə məşhur alman filosofu Leybnisə məxsusdur və belə səslənir: «Kifayət qədər əsaslandırılmadan nə bir hadisə həqiqət və ya gercək, nə də bir fikir doğru ola bilməz, ona görə də məsələ başqa cür de­yil, məhz belədir».

Kifayət qədər əsaslandırma qanunu əsassız hökmlərin daha doğrusu faktiki olaraq dildən sui-istifadənin qarşısını alır, xüsusən istənilən fikri söyləməyə imkan vermir. Kifayət qədər əsaslandırma qanunu ilə əlaqədar yaranan əsas suallar belədir: Nəyi əsaslandırma, nəyi isə kifayət qədər əsaslandırma kimi hesab etmək lazımdır? Əsaslandırılmış hökmlər dəyəndə adə­tən yoxlanılması və ya təsdiqi səbəbindən özü-özündən artıq heç bir əlavə sübuta ehtiyacı olmayan hökmlər (və ya hökm­lər qrupu) nəzərdə tutulur. Kifayət qədər əsaslandırılmış hökmlər deyəndə isə adətən aşağıdakılar nəzərdə tutulur:

Birinci, bəşəriyyət tarixində artıq qəti şəkildə əsas­lan­dırılmış hökmlər, məsələn, aksiom, teorem, qanunlar, prin­sip­lər, postulatlar, maksima və s.

İkinci, bilavasitə insan təcrübəsinə əsasən təsdiqlənmiş hökm­lər (məsələn, günəş şərqdə çıxır, qərbdə batır, sutkada iyir­mi dörd saat var və s.).

Üçüncü, əvvəllər artıq müstəqil olaraq əsaslandırılmış və ya əqli nəticə formasında digər mühakimələrin doğru olma­sından meydana gələn xüsusi hökmlər (düzgün mühakimələr – sillogizmlər və s.).
Ritorika elmi fənndir.

Elmi fənnlər ali məktəblərdə öyrənilir.

(Nəticə)

Ritorika ali məktəblərdə öyrənilir.


Beləliklə, bütün məntiq qanunları içərisində kifayət qə­dər əsaslandırma qanunu hər şeydən əvvəl hökmlərin sübut edil­­məsini təmin edir. Məhz bu qanunla əlaqədar olaraq, da­nı­şan zəruri sübutlara malik olmalıdır, daha doğrusu o, buna ha­zır olmalıdır, amma artıq qeyd edildiyi kimi, heç də həmişə mü­za­kirə zamanı bütün sübutlardan istifadə etməyə ehtiyac yoxdur. Belə hesab olunur ki, hamıya məlum olan fikirləri hə­mişə aydın şəkildə formulə etmək zəruri deyil: onlardan yalnız fon kimi istifadə etmək və əgər zərurət yaranarsa aktiv­ləş­dir­mək olar.

Bir qayda oalraq, müzakirəyə çıxarılan, yəni tezis, əsas­landırılır. Ümumən qəbul edilmiş hökmlərə gəldikdə isə, onlar tezis kimi çıxış edə bilməzlər: məsələn, «rus dili slavyan dil­lə­ri qrupuna aiddir» kimi fikri müzakirəyə çıxarmaq yəqin ki, az adamın ağlına gələr. Əlbəttə də ki, bunun üçün həmin ada­mın əlində rus dilinin ukrayna və ya belorus dilinə nisbətən fars və ya portugal dilinə daha oxşar olmasını sübut etmək üçün inan­dırıcı sübutlar olmalıdır.

Buna görə də kifayət qədər əsaslandırma qanunu yalnız hökmün nə ilə əsaslandırılmasına deyil, həm də məhz nəyin əsaslandırılmasına diqqət yetirir: sübut edilmək üçün yararlı olan və olmayan hökmlərin fərqləndirilməsi də – kifayət qədər əsaslandırma qanununun fəaliyyət sahəsinə aiddir.

Bundan başqa, kifayət qədər əsaslandırma qanun həm də sübutetmə prorsesinin özünü, daha doğrusu, müvafiq məntiqi prosedurların düzgünlüyünü təmin edir. «Duyğu» orqanları ilə əldə olunanlar (bilavasitə şəxsi təcrübənin nəticəsi kimi) heç də həmişə, məsələn, fəlsəfi və ya sadəcə olaraq ümumi müha­kimələri əsaslandıra bilmir (məsələn, mən viola da qamba alə­tində çala bilmirəm, amma bu, insanlarda musiqi qabiliyyətinin olmamasını sübut etmir).

Amma real nitq praktikasında, artıq yuxarıda qeyd edildi­yi kimi, kifayət qədər əsaslandırma qanunu düzgün məntiqi nəticəçıxarma sxemlərinə itaətkar şəkildə riayət etməyi tələb etmir: mənim mühakimələrimin gedişinin tam şəkildə göstəril­məsi zəruri deyil. Amma mən həmişə onu, zərurət yaranarsa, bərpa etməyi bacarmalıyam. Mənim həyata keçirdiyim məntiqi əməliyyatların bəziləri (az və ya çox dərəcədə dinləyicilər üçün aydın olan) «səhnə» arxasında qalarsa, bu böyük nöqsan sayılmaz. Kifayət qədər əsaslandırma qanunu məni heç də hər addımıma görə hesabat verməyə məcbur etmir.

Məsələn, mən «Kopenhagen Skandinaviyanın ən böyük paytaxt şəhəri kimi burada modanın istiqamətini müəyyən­ləşdirir» kimi bir hökm irəli sürürəm. Mən bu zaman heç də bu mülahizəni aşağıdakı əqli nəticə sırası şəklində göstərməli de­yiləm:

Norveç, İsveç və Danimarka Skandinaviya ölkələridir.

Oslo - Norveçin paytaxtıdır.

Stokholm - İsveçin paytaxtıdır.

Kopenhagen – Danimarkanın paytaxtıdır.

Stokholm Oslodan iki dəfə böyükdür.

Kopenhagen Stokhomdan iki dəfə böyükdür.

(nəticə)

Kopenhagen Skandinaviyanın ən böyük paytaxt şəhəridir.

Burada əsaslandırılmalı olan hökmlər – paytaxtların daha böyük və ya kiçik olması və onların «moda bazarına» göstər­diyi təsirin miqyasıdır. Digər əqli nəticələri isə buraxmaq olar.

Kifayət qədər əsaslandırma qanunu ilə əlaqədar yaranan ən böyük problemi belə formulə etmək olar. Bir tərəfdən duy­ğu orqanları ilə əldə edilən məlumatları, digər tərəfdən isə əqli nəticə yolu ilə əldə edilən hökmləri nə vaxt və hansı şəraitdə kifayət qədər əsaslandırılmış hesab etmək olar?

Bu problemin həllini göstərməyərək müasir elm kifayət qədər əsaslandırma qanununun relyativ (nisbi) tətbiqinə icazə verir. Belə ki, o, bir sıra hallarda məlumatı əgər həmin anda onu dəqiq yoxlamaq imkanı olmazsa mötəbər hesab edir. Mə­sələn, mən miqren (baş ağrısı) xəstəliyə meylli olan insanların həddindən artıq şokolad yeməsinin əleyhinə arqument kimi belə bir hökm irəli sürürəm: «Həddindən artıq şokolad yemək miqren ağrıla­rının yaranmasına səbəb olur». Müvafiq tibbi ver­siya mövcud olana, daha döğrusu əksi sübut edilənə kimi mə­nim mülahizəm kifayət qədər əsaslandırılmış hesab oluna bi­lər. Amma, əlbəttə, belə arqumentin dinləyiciləri kifayət qədər inandıracağına ümud etmək olmaz.

Kifayət qədər əsaslandırma qanununa dair bütün yuxa­rıda deyilənlərdən belə bir nəticə çıxır ki, bu və ya digər hökm üçün əsas kimi yalnız məntiqi yolla, daha doğrusu korrekt sil­logizmlər qurmaq yolu ilə əldə edilmiş arqumentlər deyil, baş­qa yolla da əldə edilmiş arqumentlər də çıxış edə bilər. Bura artıq mövcud olan elmi nailiyyətlərdən, mötəbər mənbələrdən və adlardan gətirilmiş sitatlar və s. aiddir.

İstənilən halda arqumentləşdirmə məharəti ilə bu mərhə­lədə olan tanışlığımızdan sonra arqumentləşdirmənin digər nö­vünə də nəzər salmaq yaxşı olardı. Xatırladaq ki, ritorikada arqu­­ment­ləşdirmənin iki növü – məntiqi və analoji arqument­ləş­­dir­mə öz əksini tapır, indiyə kimi danışdıqlarımız arqument­ləş­dir­mənin birinci növünə aiddir.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin